“Ağ ölüm”ün qara fəsadları
Narkomaniyanın
yayılmaması üçün, ilk növbədə, valideynlər məsuliyyətlərini
artırmalı,
övladlarını narkotik maddələrin
təsiri altına düşməkdən qorumalıdırlar
Artıq bir müddətdir ki, ölkədə “patı” və ya “şüşə” adlandırılan metamfetaminin geniş yayılması barədə məlumatlar dolaşır. Xaricdən gizli yolla gətirildiyi bildirilən bu narkotik vasitənin qiymətinin çox ucuz olması, satışının daha çox onlayn şəbəkələr üzərindən həyata keçirilməsi onları istifadəçilər üçün xeyli əlçatan edir.
Ümumiyyətlə, metamfetaminin insanlara beynin fəaliyyətinin gücləndirməsi, orqanizmə enerji verməsi, arıqlaması üçün və s. bu kimi müxtəlif şirnikləndirici adlar altında təqdim edilməsi isə ona olan marağı artırır. Müvafiq qurumlar bu maddənin satışının və ölkədə yayılmasının qarşısının alınması üçün apardığı tədbirlər nəticəsində “patı” satan şəxsləri və qrupları aşkarlasa da, bu tədbirlər hələ ki, tam yetərli deyil.
Uşaqları narkoman edən səbəblər
Hazırkı həssas dövrdə valideynlər də öz məsuliyyətlərini kifayət qədər artıraraq övladlarını narkotik maddələrin təsiri altına düşməkdən qorumalıdırlar. Onlar bəzi əlamətlərdən övladlarının narkotik maddədən istifadə etməsindən şübhələnə bilərlər. Məsələn, “patı” istifadə edənlər çox aqressiv olurlar. Belə şəxslərdə diqqət pozuntuları, nitqlərində problemlər yaranır. Metamfetaminin qəbulu insanda əqli zəiflik yaratmaqla yanaşı, onun əlil olmasına qədər gətirib çıxarır. Bu maddəni qəbul edənlərin müalicəsi uzun müddət davam etdirilməlidir. Belə şəxslər çox aqressiv olduqlarından onların xəstəxana şəraitində müalicəsi daha məqsədəuyğundur.
Araşdırmalara görə, ailə münasibətləri ilə yeniyetmələrin, gənclərin narkotik maddələrdən istifadəsi arasında müəyyən bağlılıq var. Ailə problemləri uşaqların narkomaniyaya meyilliyində mühüm rol oynayır. Psixi problemləri, narkotik maddələrdən asılılığı olan valideynlərin olduğu xaotik ailələr, düzgün olmayan tərbiyə üsulları, valideyn və uşaq arasında zəif bağlılıq, sevgisizlik və s. yetkinlik yaşına çatmayan uşaqların narkomanlara çevrilməsinə gətirib çıxaran səbəblərdir.
Tədqiqatlar zamanı bu nəticəyə gəlinib ki, ailə münasibətləri düzgün olmayan gənclər arasında narkotik maddələrdən istifadə halları daha çox yayılıb. Narkoman gənclərin əksəriyyətinin ailəsində bu maddələrdən istifadə edən şəxslər olur. Belə gənclərin valideynləri əksər hallarda uşaqlarına lazımi, qədər sevgi, qayğı göstərməyən, ona nəzarət etməyən və ailədaxili qaydaları olmayan ana-atalardır. Boşanmış, ayrı yaşayan, valideynlərdən birini itirən ailədən olan uşaqlar arasında bu cür maddələrin istifadəsi çoxdur.
Lakin nəzarətin də hədsiz çox olduğu ailənin uşaqlarında da narkotik maddəyə meyillilik halı müşahidə edilib. Övladlarına qulaq asmayan, onları başa düşməyən, öz dəyərlərini davamlı olaraq təlqin edən, uşağın şəxsi dəyərlərinin formalaşmasına imkan verməyən valideynlər gələcəkdə uşaqları ilə problemlər yaşayırlar. Ailə daxilində yeniyetmənin problemlərini bölüşə biləcəyi insanın olmaması, uşağın çətinliklər qarşısında aciz qalması da narkomaniyaya meyilliyin yaranmasında rol oynayır. Buna görə də ana-ata uşaqları üçün düzgün nümunə olmalı, övladlarına lazımi diqqət, qayğı göstərərək onların daim yanında olduqlarını hiss etdirməlidirlər.
Bəzən uşaqlar aldadılaraq narkotik maddə istifadəçisinə cəlb edilirlər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyir ki, yetkinlik yaşına çatmayan uşaqların narkotik maddələrdən, alkoqollu içkilərdən asılılığı ailədə yaranan bəzi problemlər üzündən ortaya çıxır. Adətən, belə ailələrdə boşanma, məişət zorakılığı halları baş verir, valideynlər öz məsuliyyətlərini yerinə yetirmirlər, uşaqlardan öz maraqları üçün sui-istifadə edirlər, onları təhsildən yayındıraraq hüquqlarını pozurlar, istismar edirlər.
Ailədəki problemlər, uşaqların nəzarətsiz qalması azyaşlıları birbaşa olaraq, ya narkotik maddələrin satışına yönləndirir, ya da istifadəçisinə çevirir: “Çox zaman narkotik asılılığı yaranan yetkinlik yaşına çatmayan uşaqlar həm də narkomaniyanı yayan şəxslər kimi qeydiyyata alınırlar. Buna görə dəfələrlə yetkinlik yaşına çatmayan şəxslərə qarşı inzibati və cinayət işləri qaldırılıb. Çox təəssüf ki, ötən illər ərzində uşaqların transmilli cinayətkarlıq qruplarına salınması faktları da müəyyən edilib. Bunun qarşısının alınması üçün Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Dövlət Miqrasiya Xidməti birlikdə vacib tədbirlər həyata keçirib”.
Elgün Səfərov hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların hansı şəraitdə narkotik maddələrə əlçatanlığının daha çox olduğu müəyyənləşdirilməlidir: “Uşaqların aldadılaraq narkotik maddə istifadəçisinə çevrilməsi halları olur. Bəzi hallar olub ki, uşaqlar xaricdə istirahət edib Azərbaycana qayıtdıqdan sonra onun narkotik maddədən istifadə etdiyi müəyyənləşib”.
Elgün Səfərov əlavə edir ki, Bakı ilə yanaşı, regionlarda da narkotik maddələrdən istifadə edən uşaqlar qeydə alınıb. 14-18 yaşlı uşaqlar daha çox marixuana istifadəçiləri olurlar. 14 yaşına çatmayan - 10-12 yaşlı uşaqların yapışdırıcılardan, daha yüngül narkotik tərkibli maddələrdən istifadə etdiyi aşkarlanıb: “Çox təəssüf ki, Azərbaycanda belə faktlar olub. Bunları təşkil edən xüsusi transmilli cinayətkar qruplar var. Daxildəki belə qruplar daha çox xaricdən idarə edilirlər”.
Dövlət Komitəsinin narkomaniya ilə mübarizəyə yönəlmiş maarifləndirmə işləri apardığını nəzərə çatdıran Elgün Səfərov problemli ailələrlə işləməyi daha üstün tutduqlarını söyləyir. O hesab edir ki, narkomaniya ilə mübarizə üçün psixoloqların yetkinlik yaşına çatmayan uşaqlara nəzarəti, sosial işçilərin bu sahəyə cəlbi vacibdir. Bu məsələ xüsusi yanaşmaların tətbiqini zəruri etdiyi üçün psixoloq və sosial işçilərin də fəaliyyətləri fərqli olmalıdırlar.
Elgün Səfərov əlavə edir ki, narkomaniya kibercinayətkarlıq hesabına da çox inkişaf edir. Buna görə narkomaniya ilə mübarizənin istiqamətlərindən biri kibercinayətkarlıqla mübarizə olmalıdır: “Sosial şəbəkə və digər onlayn vasitələrlə narkotik maddələrin satışını təşkil etmək istəyənlər var. Daxili İşlər Nazirliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə internetdə uşaqlar üçün zərərli informasiyaların yerləşdirilməsi üzrə preventiv tədbirlər həyata keçirir. Bunun nəticəsində sosial şəbəkədə onlarla zərərli qrup bağlanılıb. Çox zaman sosial şəbəkələrdə və digər səhifələrdə belə məlumatların yerləşdirilməsi məqsədli şəkildə həyata keçirilir. Bunun üçün təəssüf ki, hətta xaricdən maliyyələşən layihələr də var, onların birbaşa məqsədi uşaqları bu problemə düçar etməkdir”.
Komitə rəsmisi bu fikirdədir ki, narkomaniya ilə mübarizə transmilli cinayətdir, ona görə də ona qarşı tək bir ölkə mübarizə apara bilməz. Bu sahədə fəaliyyətlər birləşdirilməli və daha güclü mübarizə aparılmalıdır.
Travma ilə böyüyən uşaqlar ya ailədən qacır, ya da narkoman olurlar
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyir ki, Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 250 milyonu planetimizin ən qlobal problemlərindən birinə çevrilən, insanları ölümə sürükləyən və genofonda sarsıdıcı təsir göstərən bu ağır bəla ilə üz-üzədir. Amerika, Latın Amerikası, Avropada narkomanların sayı milyonları ötür. MDB və Asiya ölkələrində 26 milyondan çox insan bu zərərli vərdişin aludəçisidir. Dünyada narkomanların 40-45 faizi qadın və uşaqlardır:
“Beynəlxalq statistikaya əsasən, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması xüsusi narahatlıq yaradır. Təəssüflər olsun ki, bu xəstəlik Azərbaycandan da yan keçməyib”.
Hicran Hüseynova rəsmi statistikaya əsasən açıqlayır ki, 2014, 2015 və 2016-cı illərdə narkomaniyaya düçar olanlar arasında 15-17 yaşlı şəxslərin sayı 5 nəfər, 2018-ci və 2019-cu illərdə isə 9 nəfər olub.
Azərbaycanda toksikomanların sayının artdığını söyləyən komitə sədrinin sözlərinə görə, ailədə bir nəfərin narkomaniyaya düçar olması, bütövlükdə ailənin məhvinə səbəb olur. Ailədaxili münaqişələrin, məişət zəminində zorakılığın artması, xəstə uşaqların doğulması, əgər uşaq sağlam doğulsa belə, ailədə yaşadığı anormal həyat onun şüuruna, psixologiyasına çox pis təsir göstərir. Aldığı travma isə bəzən ömürboyu onu izləyir. Belə ailələrdə boşanmaların, qətllərin sayı hər zaman yüksək olur. Bu mühitdə böyüyən uşaqlar isə imkan tapan kimi ailədən qacır və ya onlar da bu yolun yolçusuna çevrilirlər. Ailə üzvlərindən birinin narkoman olması həmin ailənin tədricən parçalanmasına, ailədaxili münaqişələrin yaranmasına, ən yaxşı halda isə ailənin yoxsullaşmasına səbəb olur. Bu da sonda ailənin məhvinə gətirib çıxarır.
Komitə sədrinin sözlərinə görə, bir çox valideynlər övladlarının xoşbəxt olması üçün onları maddi cəhətdən təmin etmək, eləcə də onun həyatından istisnasız olaraq, bütün çətinlikləri çıxarmaq lazım olduğunu düşünürlər. Lakin uşağı, ilk növbədə, tərbiyə etmək, ona zaman ayırmaq və səmimi maraq göstərmək, onun həyatında iştirak etmək daha vacibdir. Yeniyetmələrin nümayişkaranə şəkildə müstəqilliyə can atmaları, böyüklərin himayəsindən qurtulmaq istiqamətindəki daimi istəkləri tez-tez böyüklərlə münasibətdə ciddi fikir ayrılıqlarının, etiraz reaksiyasının yaranmasına gətirib çıxarır: “Narkomaniyanın erkən profilaktikasında uşağın mikrososial mühitinin sağlamlaşdırılması üzrə valideynlərlə aparılan iş həlledici əhəmiyyətə malik olur. Ailə Məcəlləsində, İnzibatı Xətalar Məcəlləsində valideynin vəzifə və öhdəlikləri, eyni zamanda, məsuliyyəti xüsusi olaraq qeyd olunur. Lakin əfsuslar olsun ki, bir çox hallarda valideyn öz üzərinə düşən sosial və mənəvi məsuliyyəti tam mənası ilə dərk etmir”.
Hicran Hüseynova hesab edir ki, uşağı maddi cəhətdən təmin etmək həmin valideynin tam olaraq öz vəzifəsini yerinə yetirdiyi anlamına gəlməməlidir. Çünki valideyn övladını tərbiyə edir, şəxsiyyət yetişdirir. Ona görə də daim övladı ilə maraqlanmalı, onu cəmiyyətə, həyatın sınaqlarına hazırlamalıdır. Valideyn öz övladına bir dost kimi, onu anlayan və təcrübəli bir insan kimi yanaşmalıdır. Bütün bu məsələlərə görə bu gün təkcə yeniyetmə və gənclərlə deyil, həm də onların valideynləri ilə ayrıca və qarışıq qruplarda (yəni həm uşaqlar, həm də valideynlərdən ibarət qruplar) təlimlər keçirilməli, xüsusi kurslar təşkil olunmalıdır.
Deputatın fikrincə, bütövlükdə ailənin qorunması üçün sağlam həyat tərzinin olması çox vacibdir. Lakin təəssüf ki, bu gün insanlar, xüsusilə gənclər, o cümlədən qadınlar zərərli vərdişlərə aludə olur. Bu isə ya ailənin dağılması, ya ailə uzvünün xəstəliyə düçar olması və vaxtsız vəfat etməsi, ya da xəstə, fiziki qüsurlu uşaqların doğulması ilə nəticələnir: “Bütün bunlar onu göstərir ki, bu problem çox aktualdır. Çünki narkomaniya özü-özlüyündə sosial bəladır. Bu problemin aradan qaldırılması üçün hər birimiz ona öz töhfəmizi verməliyik”.
Bu kimi problemlərin olmaması üçün maarifləndirmə işlərinin aparılmasını çox vacib sayan komitə sədri əlavə edir ki, ölkəmizin bu problemlə mübarizə aparmaq üçün güclü qanunvericilik bazası mövcuddur. Azərbaycan “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Beynəlxalq Vyana Konvensiyasına 1992-ci ildə qoşulsa da, narkotizmlə və narkobizneslə mübarizənin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Narkomaniyaya və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə Azərbaycan dövlətinin prioritetlərindən hesab olunur. Bu günə qədər sözügedən sosial bəlanın aradan qaldırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən imzalanmış üç dövlət proqramı icra olunub. 2019-cu ildən etibarən isə dördüncü dövlət proqramı həyata keçirilir.
Prezidentin sərəncamı ilə təsdiqlənmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nında da uşaq və gənclərin sağlam həyat tərzi keçirmələri üçün bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Qəbul edilən qanun və proqramlar vasitəsilə ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə fəaliyyəti, narkomaniyanın yayılmasının və kütləviləşməsinin qarşısının alınmasında əsas rol oynayıb: “Uşaq və gənclərin sağlam həyat tərzi keçirməsi üçün şəraitin yaradılmasında Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətini xüsusi olaraq qeyd etmək lazımdır. Onun təşəbbüsü və fondun dəstəyi ilə tikilən olimpiya və gənclər mərkəzlərində uşaq, yeniyetmə və gənclər asudə vaxtlarını səmərəli keçirirlər. Uşaq Hüquqlarının müdafiəsi, uşaqların normal inkişafına və sağlamlığına mənfi təsir göstərən hallardan və narkomaniya kimi zərərli vərdişlərdən qorunması məqsədilə qaçqın və məcburi köçkün məktəbləri, yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisələrində, orta-ixtisas, ali təhsil müəssisələrində maarifləndirmə kampaniyaları keçirilir”.
Problemi dəf edə bilərik
Azərbaycanda narkotik istifadəçilər arasında daha çox 25-45 yaşlı insanlar üstünlük təşkil edirlər. Lakin acınacaqlı hal narkomaniyanın getdikcə cavanlaşması və onun artıq gənclər arasında deyil, yeniyetmələr sırasında özünə yer tapmasıdır.
2014-cü ilədək Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar (yaşı 18-dək olanlar) olmasa da, artıq bir necə ildir ki, narkomanların sırasında azyaşlılar da var. Hazırda ölkədə rəsmi qeydiyyata alınmış 33788 nəfər narkomanın 9-u 15-17 yaşlı, 12969 nəfəri 18-34 yaşlı insanlardır. Düzdür, hazırda narkoman yeniyetmələrin sayı çox olmasa da, bununla təskinlik tapmaq olmaz. 18 yaşdan sonra artan rəqəmlər də onu deməyə əsas verir ki, vaxtında preventiv tədbirlər görülmədikdə bu say çoxala və getdikcə daha çox yeniyetmənin narkomaniya bəlasına düçar olmasına səbəb olar.
Hazırda yayılan “patı” isə bu bəlanın genişlənməsinə yol açan qapının “açar”ı sayıla bilər. Ancaq onu dəf etmək olar. Pozitiv ailə əlaqələri, valideynlərin uşaqlarının dostlarından və onların etdiklərindən xəbərdar olması, ailədaxili qaydalar və hər kəsin buna əməl etməsi, valideynlərin uşaqların həyatı ilə maraqlanması, uşağın əlavə fəaliyyətlərlə məşğul olması, narkomaniya və narkotik maddələr haqqında düzgün maarifləndirmə və s. kimi qoruyucu faktorlar övladlarımızın narkotik maddələrdən asılı olmasının qarşısını ala bilər.
İlhamə
İSABALAYEVA,
Azərbaycan.-2021.- 28 iyul.- S.6.