İki ölkənin
xalqlarının qürur duyduğu
azərbaycanlı
Fərman
Salmanov - 90
Yaxın və uzaq xarici ölkələrdə dövlətə və xalqa xidmətləri ilə Azərbaycanın adını şərəfləndirən, hörmət və ehtiram qazandıran Fərman Qurban oğlu Salmanov dünya neft tarixinə Rusiyanın Tümen bölgəsinin zəngin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi daxil olmuşdur. Bu dəyərli ziyalı hələ 21 əvvəl Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 26 iyul tarixli sərəncamı ilə Azərbaycan-Rusiya arasında iqtisadi və elmi əlaqələrin inkişafındakı böyük xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülmüşdür.
Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyevin 9 iyul 2019-cu il tarixli sərəncamına əsasən, görkəmli şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün “Fərman Salmanov adına təqaüd”ün təsis edilməsi, Şəmkir şəhərində Fərman Salmanovun heykəlinin ucaldılması, habelə təhsil aldığı orta məktəbə onun adının verilməsi qərara alınmışdır.
Bu günlərdə Rusiya Federasiyası və Azərbaycanda 90 illiyi böyük rəğbətlə qeyd edilən Fərman Salmanov 1931-ci il iyulun 28-də Şəmkir rayonunun Morul kəndində anadan olub. Orta məktəbi 1947-ci ildə əla qiymətlərlə başa vuran Fərman bir müddət Şirvan Kompleks Ekspedisiyasında kollektor işləyib, sonra arzusunda olduğu Azərbaycan Sənaye İnstitutuna (indi Azərbaycan Dövlət Neft Akademiyası) qəbul olur.
Fərman 1954-cü ildə həmin institutun Geoloji kəşfiyyat fakültəsini
uğurla bitirib. O, ixtisas
seçimi barədə
söhbət düşəndə
həmişə deyərdi:
“Mən 8-ci sinifdə
oxuyanda SSRİ neft sənayesi naziri Nikolay Baybakov Şəmkirə gəlmişdi.
Rusca yaşıdlarımdan
bir qədər yaxşı danışdığımdan
ali qonağa
məktəbimiz barədə
məlumat vermək mənə həvalə edilmişdi. Görüşün sonunda Baybakov
hansı peşəni
seçəcəyimi soruşdu.
Cavab verdim ki, neftçi
olmaq istəyirəm.
O, seçimimi təriflədi
və dedi ki, neft - ölkəmizin
gələcəyidir. Bu görüş mənim ixtisas seçimimi və taleyimi müəyyən etdi.
İnstitutu bitirdikdən sonra
təyinatım Bakıya
verildikdə mən Baybakova məktub yazdım, Sibirə köçürülməyimi xahiş etdim. Məni Moskvaya çağırdılar,
oradan da Kuzbasa göndərdilər,
hətta bilet pulunu da verdilər”.
Fərman
Salmanovun Sibirə göndərilməsi üçün
xahiş etməsinin özəl tarixçəsi
var. Adını eşidib,
üzünü görmədiyi
Sibirə məhəbbəti
onun qəlbində babası Süleyman kişi oyatmışdı.
Çar rejiminin müstəmləkəçilik siyasətinə və yerli çinovniklərin kənd adamlarına zülmünə qarşı
etiraz etdiyinə görə Süleyman kişi 1888-ci ildə Sibirə sürgün edilmişdir.
O, 1904-1905-ci illərdə rus-yapon
müharibəsinin iştirakçısı
olarkən göstərdiyi
şücaətlər müqabilində
mükafat olaraq sürgündən azad edilmişdir. Burada sibirli qızı
Olqa İosifovna ilə ailə qurmuş, xanımı Firuzə adını qəbul etmişdir. Az sonra
Süleyman baba ailəsi ilə birlikdə vətənə
qayıtmışdır. Süleyman baba
nəvələrinə həmişə
Sibir və Uzaq Şərq haqqında danışarmış.
Hətta
nəvələrindən birinə
Amur çayının şərəfinə
Amura adı vermişdi.
Babası Çar rusiyası tərəfindən sürgünə
göndərilən, atası
1937-ci ildə repressiya
tüğyanında sovet
hökuməti tərəfindən
həbs edilən gənc mühəndis-geoloq
Fərman Salmanov neft axtarmaq üçün
əvvəlcə Kuzbasa
göndərilir. İki-üç
il Novosibirsk və Kemerova vilayətlərində apardığı
kəşfiyyat işləri
heç bir nəticə vermir. Kuzbasın relyefini nəzərdən keçirərkən,
bu ərazilərdə
neft ola
bilməyəcəyi qənaətini
rəhbər şəxslərlə
bölüşür. Fikrini
də belə əsaslandırır ki, neft və qaz
yataqları geniş ərazilərdə ola bilər. Kuzbasın relyefi bu standartlara
cavab vermir.
Təklif və tələblərinə
laqeyd yanaşıldığını
görən Fərman
Salmanov 1957-ci ilin avqustunda kəşfiyyat işləri aparmaq üçün rəhbərliyin
razılığını almadan öz briqadası ilə Surquta yollanır. Onun bu məsləhətsiz addımı
narahatçılığa səbəb olur. Onu işdən çıxarmaq,
haqqında cinayət işi qaldırmaq istəyirlər. Bundan xəbər
tutan işçiləri
Fərman Salmanovun həbs olunacağı təqdirdə tətilə
çıxmaq barədə
qərar qəbul edirlər. Rəhbərlik kollektivin bu
addımının SSRİ-nin beynəlxalq imicinə zərbə vuracağından ehtiyat edərək, köhnə
tarixə əmr hazırlayır, onun Surquta gedişini rəsmləşdirir. Bununla da
Fərman Salmanovun qarşısında öz
neft möcüzəsini
reallaşdırmaq üçün
əlverişli fürsət
yaranır. Xoşbəxtlikdən
Magion kəndi yaxınlığında aylardan
bəri qazıntısı
davam etdirilən ilk kəşfiyyat quyusu - “Megiyon” yatağı 1961-ci
il martın
21-də fantan vurur. Bu
zaman Salmanov əleyhdarlarına belə
bir məktub yazır: “Möhtərəm
yoldaşlar, Megiyonda
2180 metr dərinlikdən
neft fışqırır.
Aydındırmı?”
Fərman Salmanovun SSRİ Geologiya Nazirliyindəki əleyhdarları
onun bu uğuruna
kölgə salmağa
çalışaraq bu
“fışqırığın” adi bir təsadüf
olduğunu gündəmə
gətirirlər. Əleyhdarlarının fikrincə, təbii
anomaliya olan bu fantan tezliklə
tükənəcək, çəkilən
xərc, əziyyət
heçə gedəcək.
Halbuki Fərman Salmanovun o zaman qazdığı quyu indi də
Rusiyanın ən böyük neft yatağı sayılır.
Həmin
quyudan gündə 200
min barel “qara qızıl” çıxarılır
ki, bu da
bəzi ölkələrin
gündəlik neft hasilatının yarısına
bərabərdir.
Dedi-qodulara, maneələrə baxmayaraq,
həmyerlimiz öz elmi metodlarını istehsalata tətbiq etməkdən çəkinmir,
qısa müddətdə
növbəti uğuruna
imza atır. O, Üst-Balıqda
ikinci neft-qaz quyusunun kəşfindən
sonra zəhmətinin bəhrəsini özünəməxsus
qürur və qələbə sevinci ilə qeyd edir.
Kremlə, Sov.İKP-nin
XXII qurultayına və
şəxsən sovet
lideri Nikita Sergeyeviç
Xruşşova ünvanlandığı:
“Mən neft kəşf etmişəm.
Bax belə!” iki cümləlik teleqramında
həm sevincini, həm də rəhbərlik qarşısında
əzəmətini ifadə
edir.
Sovet geoloqları Fərman Salmanovun bu kəşfindən sonra onunla hesablaşmalı olurlar və Sibir qısa müddətdə Rusiya iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilir. Bütün bunlar barədə ötən əsrin 70-ci illərində ilk dəfə şair-publisist Səyavuş Sərxanlı “Ulduz” jurnalında dərc etdirdiyi “Sibir nağılı” sənədli povestində Sibir cəngavəri adlandırdığı Fərman Salmanovun keşməkeşli həyatı və fəaliyyəti barədə dolğun yazmışdı. Bundan sonra Sibir cəngavərinin adına şeir, hekayə, povest və romanlar yazılmış, haqqında film çəkilmişdir.
Barəsində müasir dövrümüzün ensiklopediyası sayılan Wikipediada yazılmış aşağıdakı sözlər də həmyerlimizin Rusiya iqtisadiyyatına verdiyi töhfənin yığcam ifadəsidir: “Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı və Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr etmiş, 100-dən artıq nəhəng neft-qaz yatağını kəşf və ya onların kəşfində iştirak etmişdir. Belə nəhəng yataqlardan Mamontov, Megiyon, Pravdinsk, Üst-Balıq, Surqut, Urengoy, Yamburq və digərlərini misal göstərmək olar. 1978-ci ildən 1987-ci ilə qədər F.Salmanov Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsi “Qlavtumengeologiya”ya rəhbərlik etmişdir. 1987-1991-ci illərdə SSRİ Geologiya nazirinin birinci müavini işləmişdir. Ölümünə qədərki dövrdə isə Rusiyanın “İtera Qaz Şirkəti” prezidentinin məsləhətçisi kimi çalışmışdır.
Fərman Salmanovun xidmətləri keçmiş SSRİ rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək Sosialist Əməyi Qəhrəmanı fəxri adına, “Lenin” və “Qırmızı Əmək Bayrağı” ordenlərinə, Rusiya Federasiyasının Əməkdar geoloqu və digər fəxri adlara layiq görülmüşdür. Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə müstəqil Azərbaycanın ali mükafatı - “Şöhrət” ordeni ilə təltif edilmişdir. Şəmkirdə təhsil aldığı Morul kənd orta məktəbi və ən böyük küçələrdən biri onun adını daşıyır.
Dünya şöhrətli neftçi, mühəndis-geoloq, geologiya-minerologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olmuş Fərman Salmanov böyük elmi kəşflərin, 160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifidir. O, Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surqut şəhəri və ABŞ-ın Texas ştatının fəxri vətəndaşı idi. 2015-ci ilin fevralında Rusiyanın Nijnevartovsk şəhərinin mərkəzi küçələrindən birinə Fərman Salmanovun adı verilmişdir. 2018-ci ilin dekabrından isə Rusiyanın Surqut şəhərinin hava limanı Salmanovun şərəfinə adlandırılmışdır. Surqut hava limanının, eləcə də Nijnevartovsk şəhəri mərkəzi küçələrindən birinin Fərman Salmanovun adını daşıması hansısa siyasi qərarın deyil, Rusiya xalqının ümumxalq səsverməsinin nəticəsidir. Bu faktın özü də həmyerlimizə Rusiyada bəslənən hörmətin, rəğbətin göstəricisidir. Moskva, Surqut, Salexard, Yamal və Xanti-Mansidə onun heykəl və büstləri ucaldılmış, hazırda Surqutda küçə, neftqazkondensat yatağı və gəmi onun adını daşıyır. Rusiyalı neftçi mütəxəssislər, xüsusən də Tümen vilayətinin gənc geoloqları Fərman Salmanovun ictimai-siyasi və əmək fəaliyyətini elmi-tədqiqata cəlb etməyə üstünlük verirlər. Onun rus xalqının tarixində və yaddaşında əbədiləşməsi, ölümündən sonra böyük ehtiramla yad edilməsi Fərman Salmanov şəxsiyyətinə və əməyinə verilən çox böyük dəyərdir.
Həmyerlimiz böyük uğurlara imza atdığı illərdə SSRİ-nin Baş naziri olmuş Aleksey Kosiginin Fərman Salmanov barədə dediyi bir cümlə onun Rusiya üçün nə dərəcədə qiymətli olduğunu bir daha təsdiqləyir: “Salmanov olmasaydı, Rusiya xalqı Böyük vətən müharibəsi illərindəki kimi indi də çörək talonları ilə yaşayacaqdı”.
Bu fikirlərdə böyük həqiqət var. Son zamanlar ABŞ-ın və digər dövlətlərin təzyiq və sanksiyalarına Rusiyanın duruş gətirə bilməsi, ilk növbədə, Fərman Salmanovun bu ölkəyə bəxş etdiyi neft və qaz yataqları ilə əlaqədardır. Rusiya həmin quyuların hesabına hazırda dünyanın ən böyük “qara qızıl” hasilatçısına çevrilib. Bu sərvətdən əldə edilən gəlirlərin hesabına Rusiya öz iqtisadiyyatını gücləndirib.
Rusiya və Azərbaycan xalqına qürurlu duyğular yaşadan Fərman Salmanov iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə daim kömək göstərib. O, Rusiyada Azərbaycan diasporunun formalaşması və inkişafına böyük əmək sərf edib. Fərman Salmanov ölkəmizin neft və qaz sektorunun inkişafında da əlindən gələni əsirgəməyib.
Rəhman SALMANLI,
Azərbaycan.-2021.- 28 iyul.- S.7.