“Məni Vətən
eşqi həyata qaytardı!..”
Qazimizin
ömründən səhifələr...
Haqqında söhbət açacağım bu gənc Qasımzadə Namiq Ağa oğlu xan Arazla Oxçu çayının qovuşduğu yerin sağ sahilində - dağların sinəsində yerləşən Zəngilanın Turabad kəndində 1992-ci ilin 6 oktyabrında dünyaya göz açıb.
Zəngilan rayonu erməni təcavüzkarları tərəfindən işğala məruz qalanda Namiqin 1 yaşı yenicə tamam olmuşdu. Həmin vaxt valideynləri məcburi köçkün kimi Sabirabad rayonunun Şəhriyar kəndində məskunlaşmışdılar. Namiq 1998-2009-cu illərdə həmin kənddə fəaliyyət göstərən 25 saylı Zəngilan rayon tam orta məktəbini bitirmişdir. Elə həmin ili Şirvan şəhərindəki İqtisadiyyat və Humanitar Kollecə daxil olmuşdur.
2010-cu ilin 11 oktyabrında hərbi xidmətə çağırılıb. 2012-ci ilin aprelinədək Tovuz rayonundakı “N” saylı hərbi hissədə qulluq edib. Ordudan tərxis olunduqdan sonra Namiq qiyabi yolla təhsil aldığı kollecə qayıdır və oranı 2014-cü ildə bitirir. Oxumaq, təhsil almaq həmişə onun arzusu olub. Çünki ailədə həmişə elmə, təhsilə böyük maraq və həvəs göstərilib.
Namiq evin tək oğlu olmasına baxmayaraq, qəlbi həmişə Vətən eşqi ilə döyünürdü... Elə onu da könüllü cəbhəyə bağlayan bu sevgi idi. Odur ki, 2017-ci ilin 7 fevralından müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu - MAXE kimi Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətini davam etdirir. Ancaq ali təhsil almaq həvəsi onu rahat buraxmır. 2018-ci ilin iyul ayında imtahan verərək qiyabi yolla Avrasiya Universitetinin Filologiya fakültəsinə daxil olur... 2018-ci ilin oktyabr ayında hərbi xidmətini davam etdirmək üçün Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəyə göndərilir.
Döyüş mənim alnıma yazılmışdı...
Vətənpərvərlik ailədən
başlayır. Namiqin atası
da gərgin bir döyüş yolu keçib. Əmisi də
zabit olub. Hərbi estafet ailədən qaynaqlandığından
Namiq də bu yolu üstün
tutub, müqəddəs
bilib... Elə məhz buna görə də Namiq Qasımzadə İkinci Qarabağ müharibəsi başlanan
zaman - 2020-ci ilin 27 sentyabrında cəbhənin
ən qaynar, qızğın döyüş
gedən bölgəsinə
göndərilir... 44 günlük
tarixi Zəfər yürüşündə onun
uğurlarını, göstərdiyi
igidlikləri saymaqla bitib tükənən deyil...
Peşəkar hərbçi və
döyüşçü kimi o, Füzuli, Xocavənd, Cəbrayıl,
Qubadlı, Zəngilan,
Laçın və Hadrut istiqamətlərində
gedən döyüşlərdə
igidlik göstərib...
Yorulmaq nə olduğunu bilməyən Namiq Qasımzadə gecəni gündüzə
qataraq komandanlığın
tapşırıqlarını uğurla yerinə yetirən və öndə gedən mətin döyüşçülərdən
olub...
Füzuli
rayonunun Aşağı
Seyidəhmədli kəndi
ərazisində hərəkətdə
olduqları yük maşını ilə eyni anda 2 tank və 1 piyada əleyhinə minaya düşərək ağır
yaralanır...
Özünün söhbətləri...
- Füzuli rayonunun Seyid Əbdürrəhmanlı
və Kürdlər kəndi istiqamətində
düşmənin mövqelərini
yarıb arxada olan bölmələrimizə
döyüş ləvazimatlarını
və sursatları çatdırmalı idik.
Sonuncu düşmən sipərini
də dəf edib 300-400 metr keçən tək hərəkətdə olduğumuz
hərbi maşın minaya tuş gəlir. Sən demə, mənfurlar
bütün yolu minalayıbmışlar. İlk partlayışda
nə olduğunu anlamağa çalışırdım
ki, ikinci partlayışla havaya atıldım. Ən ağır
yaranı burada aldım. Ayaqlarım, qollarım, boynum
müxtəlif yerlərdən
sınmışdı. Üzümdə, gözümdə sağ-salamat yer qalmamışdı. Bütün bunlara
baxmayaraq, özümü
itirmədim. Bilirdim ki,
döyüş alnımıza
yazılıb. Bu, müharbədir. Hər bir
riski göz önünə almışdım.
Bədənimə daxil olan saysız-hesabsız qəlpələri
qorxmadan əl atıb çıxardıb
atırdım. Ancaq onurğa
sütunum sındığından
düşmən mövqeyindən
yayınmaq üçün
dirsəklərimlə hərəkət
edirdim. Gözümün
qarşısında döyüş
dostlarımdan birinin ayağı yerindən qopub düşmüşdü...
“Olumla ölüm” arasında qalsaq da, yenə də
ağrıların azalacağını
gözləyirdim... Bir sözlə,
16-17 saat döyüş
meydanında köməksiz
qaldıq. Gecədən
xeyli keçmiş səhərə yaxın hərbçi yoldaşlarımız
xəbər tutaraq bizi düşmən mühasirəsindən çıxarmağa
nail oldular...
Namiq Qasımzadə döyüş
səhnələrini danışdıqca
onun qəlbində olan Vətən sevgisinin böyüklüyünü
hiss edirdim... Nə qədər ağrılı-acılı,
hətta yarımcan olasan belə döyüş tapşırıqlarını
yerinə yetirmək əsl qəhrəmanlıq
və şücaət
tələb edir.
Bunun üçün
dözüm, iradə
gərəkdir!..
Düşmənə endirdiyi sarsıdıcı
zərbələr, odun-alovun
içindən mərdliklə
çıxması, təpərli
və hünərli danışması Namiqin məğrurluğundan, qorxmazlığından
xəbər verir.
Namiq 44 günlük
Vətən müharibəsinin
qəhrəman iştirakçısı
olaraq Prezdentin sərəncamı ilə
“Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. O, Azərbaycan
Vətən Müharibəsi
İctimai Birliyinin fəxri fərmanı, Azərbaycan Respublikası
Beynəlmiləlçi Əlil
Döyüşçülər Fondunun fəxri fərmanı ilə də mükafatlandırılıb.
Xəstəxana həyatı...
Namiq Qasımzadə
danışır ki, ilkin yardımda bilindi ki, hər
iki ayağımdan baldır və bud hissəm, həmçinin
sağ pəncəm, daban sümüklərim, bel sümüyüm həm sınıb, həm də ciddi qəlpə zədələri alıb. Bir gözümün görmə
qabiliyyətini isə
tamam itirmişəm...
İndi müalicə alıram. Həkimlər mənə tam nəzarət
edirlər. Ağ xalatlıların
mənə yaxından
qayğı və diqqət göstərmələri
səhhətimdə dönüş
yaradır. Sağlam
bədəndə sağlam
ruh olar, - deyiblər... Həkim personalından o qədər
razıyam ki, yaralanmağımı
da unuduram. Onlara çox inanıram, sağalmağıma gümanım
çoxdur. Ümidim
var ki, gözlərim
də görəcək,
yenə ayaqlarım yer tutacaq və
mən yenidən Milli Ordunun tərkibinə
qatılacağam... Təki Vətən
sağ olsun, - deyirəm. Vətən
elə mənim görən gözümdür...
Namiq bu sözləri deyəndə doluxsundum, qəhər məni boğdu...
Namiq ara vermədən
danışırdı... Elə
danışırdı ki,
sanki səngərdə
idi, hələ də döyüşür...
“Keçdiyim döyuş
yolu, taleyim nə qədər ağır olsa da, yenə də
mənə Vətən
şirindir! Sizdən nə gizlədim,
məni Vətən eşqi həyata qaytardı”, - deyən Namiq Qasımzadənin mübarizlik ruhuna heyran qaldım.
Allah qazimizi sağlığına
qovuşdursun.
Səbirə ƏLƏKBƏROVA
Zəngilan rayonu
Azərbaycan.-2021.- 29 iyul.- S.6.