Döyüşçü qardaşlar

 

Ötən ilin sentyabrında Azərbaycan torpaqlarının 30 illik erməni işğalından azad edilməsi uğrunda başlanan müharibədə Şəmkir rayonunun Təzəkənd kəndindən Xaqani Həsənovun iki oğlu da cəbhə bölgəsində döyüşürdü. Bu xəbəri eşidən kənd camaatının çoxu qardaşların  vətənpərvərliyindən qürurlanırdı. Dost-tanış məclisində bu barədə söhbət düşəndə Xəqani deyirdi: “10 oğlum olsa, onunu  da göndərərəm Qarabağa, lazım olsa, özüm də gedərəm döyüşlərə. Əsl oğul millətə, Vətənə elə bu vaxt lazımdır. Nadürüst ermənilərin ağzı birdəfəlik yumulmalıdır...”

 

Müharibə başlayanda Həsənovlar ailəsinin kiçiyi Orxan Qarabağ bölgəsində hərbi xidmətdə idi, qardaşı Bəşir isə “Azərşəkər” şirkətində mühafizəçi işləyirdi. Ötən il sentyabrın əvvəllərində ermənilər yeni ərazilər işğal etmək iddiası ilə Azərbaycan torpaqlarına hücum edəndə Bəşir birbaşa Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon idarəsinə gedib könüllü olaraq döyüşlərə qatılmaq arzusunda olduğunu bildirdi. Beləliklə, o, bir çox həmfikri ilə birlikdə Qarabağa yollandı.

 

Könüllü döyüşçü Bəşir Həsənov 1995-ci il iyulun 13-də Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub. Kənddəki S.Vurğun adına tam orta məktəbdə təhsil alıb. Kiçik yaşlarından idmana, xüsusən də boksa böyük həvəs göstərib. Rayon məktəbləri arasında keçirilən boks yarışlarında həmyaşıdları arasında dəfələrlə qalib olub. 2012-ci ildə orta məktəbi uğurla başa vurub. Bəşir həmişə deyirdi: “Ali təhsil üçün darıxmıram, darıxdığım odur ki, hərbi xidmətə gedim, torpaqlarımızın erməni tapdağından azad olunmasında əlimdən gələni edə bilim...” Ailədə təsərrüfat işlərinə yardımçı olan Bəşir 2013-cü ilin payızında hərbi xidmətə çağırış vərəqəsi alanda çox sevindi. İstəyirdi ki, əsgəri xidmətini cəbhə bölgəsində, erməni işğalçılarının yaratdığı və təmas xətti adlandırılan əraziyə yaxın yerdə keçirsin. Bütün bunların əsas səbəbi ermənilərin azərbaycanlılara qarşı etdikləri vəhşilikləri eşidib, üzünü görmədiyi  düşmənin bu qədər qaniçən, çörəkitirən, qatil və məkrli olduqlarından irəli gəlirdi. Deyir, niyyətin hara, mənzilin də ora. Bəşir Həsənov 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Ağdamda, daha sonra Xocavənd rayonunun Qarakənd kəndi istiqamətində müddətli həqiqi hərbi xidmətdə olub. Bu zaman o, snayperçi kimi atəşkəsi pozmağa adət etmiş ermənilərin törətmək istədikləri terrorun qarşısının alınması əməliyyatlarının dəfələrlə iştirakçısı olub.

 

Bəşir Həsənov İkinci Qarabağ savaşında da cəsurluğu və qorxmazlığı ilə fərqlənən əsgərlərdən olub. Cəbrayıl, Hadrut uğrunda gedən döyüşlərdə əvvəl yaxşı snayperçi, daha sonra isə mahir topçu kimi məşhurlaşıb. Döyüşçü yoldaşlarının dediklərinə görə, qorxu, yuxu, yorğunluq nədir bilməzmiş. Hücum əməliyyatları səngiyəndə çiynində avtomat səngərin yaxın-uzaq ətrafını dörd dolanarmış. Yoldaşları ona “səngərə sığmayan əsgər” deyə müraciət edərdilər. Subay idi, deyirdi ki, Qələbədən sonra hamınızı toyuma dəvət edəcəm... Təəssüf ki, Bəşir oktyabrın 25-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.

 

Şəhidin döyüşçü yoldaşı, Şəmkirin Bitdili kəndindən olan qazi Ramil Qələndərlinin dedikləri: “Bəşir bizdən xeyli qabaqda döyüş mövqeyində idi. Çalışırdıq ki, az itki ilə anbaan irəli gedək. Güllə yağışından və mərmi səsindən  səngərdən baş qaldırmaq mümkün deyildi. Birgördüm ki, Bəşir bir yaralını və bir şəhidi düşmən əlinə keçməmək üçün çox çətinliklə sürünə-sürünə bizə tərəf gətirir. Komandirimə fikrimi bildirib dərhal kömək üçün  Bəşir gələn istiqamətə getdim. O, yorğun olduğundan yaralını, mən isə şəhidi arxamıza alıb xeyli gəldik. Bir anlığa dincimizi alıb yolumuza davam etmək istəyəndə düşmən mərmisi bizi haqladı... Ayılanda bildim ki, Bəşir də, gətirmək istədiyimiz yaralı da şəhid olub, mən isə ayaqlarımdan bərk yaralandım, ağciyərimdə hələ də qəlpə var, daxili orqanlarım zədələnibdir. Sağ olsun dövlətimizi, həkimlərimizi, onların qayğısı sayəsində sağlamlığım bərpa olunur”.  

 

Bəşir Həsənov şəhadətindən sonra dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

 

Bəşir anadan olduğu Təzəkənd kənd qəbiristanlığında dəfn edilib. Mərasimdə kənd camaatı və  rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Ağcabədi və Tərtər istiqamətində əsgəri xidmətdə olan qardaşı Orxan da iştirak edirdi. O, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

 

Orxan şəhid qardaşı Bəşir kimi idmanın boks növü ilə məşğul olub. 2015-ci ildə Sank-Peterburqda keçirilən beynəlxalq turnirdə 4 nəfər erməni boksçunu məğlubiyyətə uğradıb. O, dünya mükafatçısı, daha sonra Ukraynanın Lvov şəhərində keçirilən yarışda Avropa çempionu adına layiq görülüb.

 

Boks üzrə Əməkdar məşqçi, Prezident mükafatçısı Ramiz Yusifovun dedikləri: “Orxan çox intizamlı və ümidverici boksçu idi. Yarışlardakı uğurlarına görə Prezident mükafatçısı kimi 2016-cı ildə güzəştli qaydada Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul edilmiş  2020-ci ildə bu ali təhsil ocağını uğurla başa vurmuşdur, Məşqçi-müəllimi kimi mən də, həmkarları da onun  qazandığı nailiyyətlərdən, Vətən müharibəsində göstərdiyi döyüş şücaətlərindən  qürur duyuruq”.

 

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2021.- 30 iyul.- S.5.