İlk medal bürünc oldu

 

Cüdoçunuz İrina Kindzerska “Tokio-2020”ni  mükafatla başa vurdu

 

XXXII Yay Olimpiya Oyunlarının başa çatmasına saylı günlər qalıb.  Sözsüz ki, olimpiadada xalqımızın medal gözlədiyi idman növləri sırasında cüdo da xüsusi yer alırdı.  Çox  təəssüflər ki, cüdoda medal ümidlərimizdən olan Rüstəm Orucov  yarışın bir addımlığında şansı əldən verdi.

Lakin bu  təəssüfedici hal cüdo üzrə son yarış günündə sevinc hissi ilə əvəz olundu. Nəhayət, Tokiodan qələbə xəbəri gəldi. Təmsilçimiz İrina Kindzerska “Tokio-2020”də bürünc mükafat qazandı.

Cüdo yarışlarında sonuncu gün  ağırçəkili idmançılarımız Uşanqi Kokauri və İrina Kindzerska mübarizəyə qoşulmuşlar. Qadınların +78 kq çəki dərəcəsində yarışında təmsilçimiz İrina Kindzerska ilk görüşünə 1/8 finalda çıxdı. 30 yaşlı cüdoçumuz Bosniya və Herseqovinadan olan rəqibi Larisa Çeriçə heç bir şans vermədi. Kindzerska əvvəlcə onu, 1/4 finalda isə cənubi koreyalı Miyin Hanı ippona salaraq yarımfinala adladı. İdmançımız final yolunda Yaponiyanın 21 yaşlı dünya çempionu Akira Sone ilə qarşılaşdı.  Amma bu dəfə özü ipponla uduzan Kindzerska qızıl medal şansını əldən verdi.

Bürünc medal uğrunda mübarizəni davam etdirən təmsilçimiz 3-cü yer uğrunda görüşdə çinli Şiyan Xu ilə qarşılaşdı. Rəqibinə ipponla qalib gələn İrina Olimpiadanın bürünc medalına sahib oldu.

İrina Kindzerska qarşılaşmadan sonra deyib ki, çox xoşbəxtdir, hisslərini sözlə ifadə edə bilmir: “Bu gün maksimum hazırlıqlı idim və görüşlərimə maksimum köklənmişdim. Azərbaycanda qadın cüdosu mövcuddur, sadəcə, yalnız işləmək lazımdır. Qazandığım medal digər qadın cüdoçulara da gələcək karyeralarında təkan ola bilər. Öz məşqçilərimə, Azərbaycan Cüdo Federasiyasına təşəkkürümü bildirirəm. Vitse-prezident Sadıq Sadıqova inanılmaz inam və dəstəyinə görə minnətdaram. Yaşlı idmançı olmağıma rəğmən, mənə inandılar. Ən böyük “çox sağ ol”u isə təbii ki, həyat yoldaşıma, ailəmə, valideynlərimə deyirəm. Onlar nəticəmdən asılı olmayaraq, mənimlə fəxr edirlər”.

Xatırladaq ki, 30 yaşlı qadın cüdoçumuz 2017-ci ildə Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib olub. Həmin il Budapeştdə keçirilən dünya çempionatını üçüncü pillədə başa vuran İ.Kindzerska 2019-cu ildə Minskin evsahibliyi etdiyi II Avropa Oyunlarında da üçüncü yeri tutub. Bir il sonra isə o, Praqada keçirilən qitə birinciliyində gümüş medala sahib olub.

+100 kq çəki dərəcəsində kişilərin mübarizəsində  1/16 finaldan yarışa start götürən Uşanqi Kokauri polşalı Matsey Sarnaçkiyə ipponla qalib gəldi. Ancaq o, uğurlu çıxışını davam etdirə bilmədi. Kokauri növbəti raundda Braziliya təmsilçisi Rafael Silvaya eyni qaydada uduzaraq mübarizəni dayandırdı.

Qeyd edək ki, Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunan Azərbaycan yığmasının heyətində bundan əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Kokauri (+100 kq) yarışı medalsız başa vurmuşlar.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2021.- 31 iyul.- S.1; 6.