Yeni Qarabağın baş
qurucusu
Həmişə Bakıdan səfərə çıxanda “Ağdama gedirik” desək də, əslində, Ağdamın Quzanlı qəsəbəsinə getmişik...
Bu dəfə isə, həqiqətən, Ağdam şəhərinə gedirdik!
Ulu
Tanrıya dua edə-edə...
Bizə
bu xoşbəxtliyi nəsib edən Müzəffər Ali
Baş Komandan
İlham
Əliyevə dərin təşəkkür və minnətdarlıq
duyğuları ilə!..
Həm də
qeyri-adi bir məramla...
Yeni tikiləcək
Ağdam şəhərinin təməlqoyma mərasimində
iştirak edəcəkdik!
Bəzən
insan uzun illər həsrətini çəkdiyi xoşbəxtliyə
qovuşanda səadət duyğularından başı gicəllənir,
istəyinə yetdiyinə inanmaqda çətinlik çəkir...
Doğrudanmı biz öz Ağdamımıza gedirik?!
28 il həsrətini
çəkdiyimiz, uzaqdan yana-yana, qovrula-qovrula
baxdığımız Ağdama!..
Hamımıza
belə bir hiss hakim kəsilmişdi!
***
Yolboyu sevinc hissi bizi tərk etmirdi.
Mühəndislərin söylədiyi kimi, birincidərəcəli
rahat asfalt yolla maşınımız
şütüyürdü.
Pəncərədən
isə bizə çoxdan tanış olan,
gözümüzün öyrəşdiyi mənzərəni
seyr edirdik.
Arabir mobil telefona nəzər salır, yeni baş verən
hadisələri də öyrənirdik.
Yenidən tikilib qurulan, öz gözəlliyi ilə
turistləri və qonaqları heyran qoyan qədim və gözəl
Bakımızı tərk edirik.
Əbəs yerə mayı ayların gözəli
saymırlar.
Bu ayda
yenidən canlanan təbiət ən gözəl
libasını geyinərək bəzənir, ağaclar
yaşıl dona bürünür,
çöl-çəmən laləzara çevrilir.
Müstəqillik dövründə böyüməyən,
genişlənib abadlaşmayan kənd və qəsəbə,
rayon mərkəzləri qalmayıb.
Yolboyu onlara fərəhlə, razılıqla tamaşa
edirik.
Hamı
özünə yeni, yaraşıqlı, hər bir
rahatlığı olan ev tikib, güzəran
qurub.
Elə kəndlərimiz
var ki, insanlarımız ikimərtəbəli evlərlə
qane olmayıblar, özlərinə üçmərtəbəli
“villa”lar tikdiriblər.
Getdiyimiz
yol da, bizi sürətlə aparan “Mersedes” markalı avtobus da,
seyr etdiyimiz abad, yaraşıqlı yaşayış məntəqələri
də, cibimizdəki mobil telefon da, hətta gözəl
Qarabağın azadlığa qovuşması da müstəqilliyimizin
bəhrəsidir.
Dövlət
müstəqilliyimiz, onun sayəsində təbii sərvətlərimizə
sahib çıxmağımız belə bir güzəran
qurmağa şərait yaradıb!
Ən əsası dövlətimiz milli maraqları təmin
edən uğurlu siyasət yeridib, dövlət
başçısı daim vətəndaşlarının
yanında olub, onların arzu və istəklərini gerçəkləşdirib.
***
Bəli, müstəqillik gözəl, əvəzsiz nemətdir.
Ancaq onun şirin bəhrəsindən doyunca dada bilməmişdik.
30 il bundan əvvəl özlərini Xalq
Cümhuriyyətinin varisləri kimi bu müstəqilliyi
Konstitusiya aktı şəklində bəyan edənlər
yalnız müstəqil dövlət olduğumuzu ucadan
söyləmişdilər!
Vəssalam!
Müstəqil
ölkəmizi inkişaf etdirəcək iqtisadiyyatımız,
bu respublikanı dünya dövlətləri sırasına
çıxaracaq siyasətimiz, yeni dövləti qorumağa
qadir ordumuz, ölkə daxilində həmrəylik,
barış və intibah yaradan daxili siyasətimiz, gələcəklə
bağlı aydın və uzaqgörən proqramlarımız
yox idi!
Ölkəyə başçılıq edənlərin
bir qismi Azərbaycanın SSRİ tərkibində qalması
barədə referendum keçirir, başqa bir qrup hakimiyyət
hərisi isə iqtidara gəlmək, şəxsi
maraqlarını təmin etmək barədə
düşünərək anarxiya və başıpozuqluq
yaradırdı.
Sadə
xalq isə torpağını necə qoruyacağını,
düşməndən nə sayaq müdafiə
olunacağını, dərdini kimə deyərək kimdən
əlac umacağını kəsdirə bilmirdi...
1918-ci ildə - Xalq Cümhuriyyətinin qurulduğu
dövrdə Azərbaycanın torpaqları hesabına özlərinə
dövlət quran ermənilər isə yaranmış vəziyyətdən
istifadə edərək yeni ərazilərimizi ələ
keçirmək üçün “miatsum” hərəkatına
başlamışdılar.
Onlar havadarlarına arxalanaraq əməli addımlar
atırdılar.
Həqiqi rəhbərindən, dünya şöhrətli
siyasətçi və dövlət xadimi Ulu Öndər Heydər
Əliyevdən ayrı düşən Azərbaycan xalqı
isə bu mürəkkəb situasiyadan qurtulmaq, baş verənlərdən
baş açıb kimə güvənəcəyini kəsdirə
bilmirdi.
Gözlənilənlər
ən pis, ən ağır formada baş verdi:
ermənilər nəinki Dağlıq Qarabağı, hətta
ətrafındakı 5 rayonu da işğal edərək niyyətlərinə
çatdılar!
Xalqın
etimadını doğrultmayan, torpaqların müdafiəsini təşkil
edə bilməyən, ölkəni Vətəndaş
müharibəsi həddinə çatdıran maymaq, qorxaq, səriştəsiz
dövlət başçıları isə xalqın əli
ilə iqtidardan qovuldular.
Azərbaycan
xalqı başqa bir istəyinə qovuşdu:
Ulu Öndər Heydər Əliyev yenidən ölkə
rəhbərliyinə qayıtdı.
Ancaq, necə
deyərlər, artıq iş-işdən keçmişdi...
Azərbaycan
özü boyda problemlərin içində boğulurdu:
* bir miyondan çox qaçqını və məcburi
köçkünü yerləşdirmək, onların həyat
və yaşayışını qaydaya salmaq;
* müharibədə atəşkəsə nail
olaraq yeni ərazilərin işğalına imkan verməmək;
* Vətəndaş
müharibəsinin alovlarını söndürmək, əhalidəki
külli miqdarda silah-sursatı yığmaq, xaos və
anarxiyanın qarşısını almaq;
* bazar iqtisadiyyatına keçidi şərtləndirən
zəruri islahatlar aparmaq;
* milli maraqların təmin olunduğu neft
müqavilələri imzalayaraq təbii sərvətlərdən
istifadəni qaydaya salmaq;
* yeni iş yerləri yaradaraq xalqın güzəranının
yüksəlməsinə nail olmaq;
* müstəqil dövlətçiliyin
atributlarını yaratmaqla müstəqil daxili və xarici
siyasət yürütmək;
* Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi barədə əsl
həqiqətləri dünya ictimaiyyətinə
çatdırmaq, məsələni sülh yolu ilə nizama
salmaq və s. kimi problemlər təxirəsalınmaz həllini
gözləyirdi!
Bu qədər problemləri olan dövlətdə
müstəqilliyin verdiyi imkanlardan bəhrələnmək
mümkün idimi?!
Amma Ulu
Öndər Heydər Əliyev mümkün olmayanları da
mümkün etdi!
Azərbaycan, sözün həqiqi mənasında,
müstəqil xarici siyasət yeritməyə, əsaslı
islahatlar keçirərək bazar iqtisadiyyatı prinsipləri
ilə fəaliyyət göstərməyə başladı,
dünya birliyinin bərabərhüquqlu üzvləri
sırasında özünə yer aldı.
Lakin
ömür vəfa etmədi, Ulu Öndərimiz Qarabağ
probleminin həllini siyasi varisi İlham Əliyevə saxlayaraq:
“Mən ona özüm qədər inanıram və əminəm
ki, mənim axıra çatdıra bilmədiyim məsələlərin
həllinə nail olacaqdır” vəsiyyətini edərək
ölməzliyə qovuşdu.
***
Bir qədər
sonra keçiriləcək tarixi və unudulmaz
görüşdə Müzəffər Ali Baş Komandan
İlham Əliyev xilaskarı olduğu Qarabağın baş
şəhəri sayılan Ağdamın Baş
Planının təsdiqlənmə mərasimini niyə məhz
28 maya saldığını söyləyəcəkdi: “Mən
hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız
olan Respublika Günüdür, Müstəqillik
günüdür”.
Sonra bu
fikrinə bir qədər də aydınlıq gətirəcəkdi:
“Əgər biz güclü müstəqil dövlət
qurmasaydıq, öz tarixi torpaqlarımızı
işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan,
sözün əsl mənasında, müstəqil siyasət
aparan Azərbaycan bu tarixi missiyanı şərəflə
yerinə yetirdi”.
Hələlik
isə keçmiş təmas xəttinə, ömrünü
başa vurmuş cəbhə bölgəsinə
yaxınlaşırdıq...
İllərlə həsrətini çəkdiyimiz
Ağdamla yeni görüşə tələsirdik.
Mənfur düşmənlərimizin Ağdamda törətdikləri
vəhşiliklərdən, kənd və qəsəbələri,
şəhərləri viran qoyduqlarından, meşələri
qırdıqları və təbii sərvətlərimizi
talan etdiklərindən, hətta məscid və qəbiristanlıqları
belə dağıtdıqlarından yaxşı xəbərdar
idik.
Dəfələrlə televiziya ekranlarından bu
qandonduran mənzərəni izləmiş, bir qismini gözlərimizlə
görmüşdük.
Bəli,
düşmən düşməndir!
Amma babalarımız da həmişə
qarşılarında mərd düşmən olmasını
istəmişlər.
Çünki özləri mərd olmuşlar, insanlarla
döyüşmüşlər, qocadan, qadından,
uşaqdan, daş-divardan qisas almağı özlərinə
sığışdırmamışlar.
***
28 ildən
sonra “Dördyol” adlanan ərazidən Müzəffər Ali
Baş Komandan İlham Əliyevin misilsiz şücaəti sayəsində
düşməndən geri alınan Ağdamın ərazisinə
daxil oluruq...
Dərhal əhvali-ruhiyyəmiz dəyişir, içimizə
qapılır, keçmiş günləri, qoyub gəldiyimiz
Ağdamı yenidən xəyalımızda
canlandırırıq.
Yol
yoldaşımız olan millət vəkili Aqil Abbasın “Dolu”
romanında “Dünyanın ən varlı şəhəri”
adlandırdığı Ağdamı...
Əcnəbilər
bu mənzərəni atom bombası ilə
dağıdılmış Xirosima şəhərinə bənzədirlər...
I
Qarabağ müharibəsi dövründə əliyalın
Ağdam camaatı və respublikanın hər yerindən
onlara köməyə gələn igidlər sovet imperiyası
tərəfindən silahlandırılan ermənilərə
yaxşı toy tutmuş, ciddi tələfat
yaşatmışdılar. Ancaq üstümüzə göndərilən
nizami ordu ilə sonadək bacarmamışdılar...
Düşmən
isə ağdamlıların hayfını onların məcburiyyət
qarşısında tərk etdikləri vətənlərindən,
daşından, torpağından, təbiətindən,
ev-eşiyindən çıxmışdı...
Əslində, gördüyümüz bu mənzərə
faşist Ermənistanı ilə sülhpərvər,
multikultural ənənələrə sahib Azərbaycan
xalqı arasındakı mahiyyət fərqindən
yaranmışdı.
Və bizim bu səfərimizdə həm də
düşmənin vandal əməli ilə
xalqımızın sülhpərvər niyyətinin
müqayisəsini görürdük.
Bu gün
Ermənistan acınacaqlı durumdadır!
Döymədikləri qapı, yalvarmadıqları
dövlət başçısı, yalamadıqları daban
qalmadı.
Amma nə
havadarları, nə hələ də arxalarında dayanaraq
sözlərini deyənlər onları Müzəffər Ali
Baş Komandan İlham Əliyevin müqəddəs qəzəbindən,
dəmir yumruğundan xilas edə bildi!
Ermənistan
ordusu döyüş meydanında məhv edildi!
İlham Əliyev onları diplomatiya sahəsində,
informasiya müharibəsində də təkbaşına
rüsvayçı məğlubiyyətə uğratdı.
Yalnız
Azərbaycan rəhbərinin qoyduğu şərtlər yerinə
yetirildikdən sonra düşmənə aman verildi, hərbi əməliyyatlar
dayandırıldı!
Ermənistan
rəhbəri hansısa qaranlıq zirzəmidə gizlənərək
kapitulyasiya sənədinə imza atdı!
Dəmir yumruğun zərbəsindən Ermənistan hələ
də özünə gələ bilməyib.
Daxili didişmələr, dağılan iqtisadiyyat, aybaay
artan xarici borc, əhalinin sürətli miqrasiyası bu
dövləti çıxılmaz duruma salıb.
Əslində, Ermənistanı dövlət
adlandırmaq da gülünc görünür.
Vassala və forposta çevrilən bu ölkənin sərhədlərini
özgə əsgərləri qoruyurlar.
Strateji obyektləri başqalarına satılıb.
Hazırda Azərbaycan ərazisində qoyub getdikləri
məğlub əsgərlərinin leşlərini axtarmaq,
onları gizlincə dəfn etməklə məşğuldurlar.
Amma yenə də faşist xislətlərindən,
qisasçılıq niyyətlərindən əl çəkmək
istəmirlər.
Bəli, biz I Qarabağ müharibəsini uduzduq,
torpaqlarımızı qoruya bilmədik.
Odur ki,
viran qoyulmuş Ağdamın ürəkağrıdan mənzərəsini
seyr etmək məcburiyyətindəyik!
Ancaq
Tanrı bizə Heydər Əliyev kimi nadir şəxsiyyət,
dövlət xadimi qismət etdi, o, bizi toparlandırdı!
Tanrı
bizə İlham Əliyev kimi parlaq zəka sahibi, uzaqgörən,
qətiyyətli sərkərdə bəxş etdi!
Müzəffər
Ali Baş Komandan İlham Əliyev 44 günlük Zəfər
müharibəsində torpaqlarımızı geriyə
qaytardı, murdar düşməndən qisasımızı
aldı!
Bu gün
də onun qüdrətli dəmir yumruğu hazır vəziyyətdədir!
Düşmən
başını qaldıran kimi ilan başıtək əziləcəkdir!
Bəli,
biz ümumilikdə iyirmi beş mindən
artıq şəhid versək də, torpaqlarımızı
qaytardıq, Vətənimizə sahib çıxdıq!
Prezidentimizi
sevir, onunla qürur duyur və inanırıq ki, xilaskarı
olduğu Qarabağı yenidən tikib-quraraq əsl cənnətə
çevirəcəkdir!
Viran
qoyulmuş Vətən mənzərəsi bizə nə qədər
ağır gəlsə də, inam və təsəllimiz də
böyükdür:
* torpağımıza qayıtmışıq;
* Vətənimizə
sahib çıxmışıq;
* güclü ordumuz və güclü
iqtisadiyyatımız var;
* Xalq rəhbərini
sevir, onun ətrafında birləşərək bütün
problemləri həll etmək iqtidarındadır;
* sabah bu gündən daha yaxşı, daha firavan
olacaqdır!
30 mindən
çox itki verən Ermənistanın isə sabahı yoxdur!
Qonşularına qarşı ərazi iddiaları olan,
daim başqa dövlətlərin əlində alətə
çevrilən, özünə dövlət qurmağa qadir
olmayan, ağıllı, hamının qəbul etdiyi rəhbər
tapmayan bu faşıst dövlətini hansı aqibət
gözlədiyi bəllidir.
Biz şəhidlər
və itkilər versək də, məqsədimizə
çatdıq və daha heç kəs, heç zaman bizdən
torpaq qopara bilməz!
Otuz il Qarabağın xarabalıqlarında dilənçi
həyatı sürən, bu gün isə məhv edilmiş
orduya, qorxaq fərarilər yığnağına arxalana bilməyən,
korrupsioner dövlət başçılarına inanmayan,
özgə torpağından birdəfəlik qovulanlar
ağır itkilərinə, dövlətsiz qalmalarına,
şərəfsiz duruma düşmələrinə görə
özləri günahkardırlar.
Artıq
biz qisasımızın yeni mərhələsinə qədəm
qoyuruq:
* işğaldan azad edilmiş ərazilərin bərpası;
* məcburi köçkünlərin geriyə
qaytarılması;
*
Qarabağımızın dirçəldilərək cənnətə
çevrilməsi mərhələsinə!
***
Ağdamda
heç zaman belə möhtəşəm görüş
olmamışdır!
Prezidentimizi
görən kimi elə bil üstümüzə gün
doğdu!
Xalqımızın
ümidi, pənahı cənab
İlham
Əliyev dünyanın hər bir guşəsində, hər
bir tədbirdə ən çox arzu edilən və sevilən
qonaqdır!
Hər yerdə onu hörmətlə
qarşılayır, diqqətlə dinləyir, müdrik fikirlərindən,
səmərəli təkliflərindən bəhrələnirlər.
Koronavirus pandemiyası dünya ölkələrini öz
qapılarını bağlamaq məcburiyyətində qoysa
da, ünsiyyətin yeni forması, videokonfranslar yeni
körpülər yaradıb.
Və biz
bu yeni formatın mükəmməl nümunələrinin dəfələrlə
canlı şahidinə çevrilmişik!
İlham
Əliyevlə canlı ünsiyyət isə hər kəsə
qismət olan xoşbəxtlik deyil!
Prezidentimizin
xoş aurası, sadə və səmimi davranışı,
inamlı və qətiyyətli çıxışı bizi
özgə bir aləmə apardı!
Viranəliyin şokundan ayılaraq yeni layihələrin
yaradacağı xoş mənzərələrin təsiri
altına düşdük.
Ağdamın
dirçəlişindən danışan Qarabağın
xilaskarı İlham Əliyevin hər kəlməsi, hər
fikri canımıza yağ kimi
yayılırdı.
Çünki deyilənlərin təsdiqini, hər bir məqamın
nəzərə alındığını yeni
Ağdamın Baş Planında aydın görürdük.
Həm də yaxşı bilirik ki, bu planın ideyası
dünyanın ən uzaqgörən, ən işıqlı və
ən zövqlü zəka sahibi olan cənab İlham
Əliyevdən gəlib.
Sözünün
sahibi olan cənab İlham Əliyevdən...
Deyir,
Allah dərd verəndə, dərman da verir!
Bəli,
yurdumuz viran qoyulsa da, onu qısa müddətdə dirçəltməyə
qadir Rəhbərimiz, güclü iqtisadiyyatımız, vətənpərvər
insanlarımız da var!
Prezidentimiz
Ağdamı nəinki ən müasir şəkildə yenidən
tikib-qurmaq, üstəlik, düşmən üçün
gözdağına çevirmək niyyətindədir!
Odur ki,
qarşıya qəti tələb qoyub:
* Hər şeyin yaxşısı Ağdamda olmalıdır!
* Ağdam ən müasir yaşayış məntəqəsinə çevrilməlidir!
* Bütün dünyaya örnək olan Ağdam qurulmalıdır!
* Burada yaşayanlar özlərini rahat və asudə hiss etməlidirlər!
***
İlahi, Ağdamda nələr olmayacaqdır!
Müstəqillik dövründə sərhədlərimiz açılmış, istənilən ölkəyə gediş-gəliş başlamışdır.
Yaranan imkandan bəhrələnənlərimiz, dünyanın ən gözəl guşələrində istirahət edənlərimiz də çoxdur!
Gizlətmirəm, həmişə dünyanın harasındasa gözəl, maraqlı, heyrətamiz bir şey görəndə ürəyimdə paxıllıq da etmişəm:
Bunlardan bizdə niyə yoxdur!
Kiçik bir haşiyə çıxmaq istəyirəm.
1941-1945-ci il müharibəsindən sonra, yetmişinci illərə qədər Azərbaycan çox yoxsul yaşayırdı (əslində, bütün SSRİ bu gündə idi). Əllinci illərdə evlərdə ağ nöyüt lampası yandırılar, ağ nöyütlə işləyən “maşınka”larda çay qaynadılar, xörək bişirilər, otaqlar isidilərdi.
Hələ nə Mingəçevir Su-Elektrik Stansiyası vardı, nə kifayət qədər maşın, mexanizm.
Ağdam bazarında ağ neft də satılırdı.
Ağdamlı dəmirçilərin ağ dəmirdən düzəltdikləri 20 litrlik neft qabları dəbdə idi.
Bazarda xüsusi hamballar da vardı. Həmin qabları ağ nöyütlə doldurduqdan sonra
arxalarına yükləyər, müəyyən haqq məbləğində
evə gətirməyə kömək edərdilər.
Bir qədər
imkanlılar nöyüt alanda bazarlıq da edər, sonra
bazarın qabağında “xaltura” üçün dayanan
eşşək arabalarına yükləyərək fəxrlə
yanınca gedər, dolu zənbilin aşıb
dağılmamasına “nəzarət” edərdilər.
Sonra bu
eşşək arabalarının yerini “Molotov moskviçləri”
, “Zinbalalar”, daha sonra “Qaz -21” və “Qaz-24”, “Volqa”ları tutdu!
Son
dövrlərdə isə “VAZ 2106”lar dəbə
minmişdi.
Yeni salınan Ağdamda isə tramvaylar, həm də ən müasirləri, elektriklə işləyən təkərsiz tramvaylar cövlan edəcəkdir!
Ağdam şəhərinə içməli su Qaraqaya adlanan yerdən gətirilərdi.
Əhaliyə çatmazdı.
Hər məhəllədə bir, ya bir neçə su kranı qoyulardı.
İnsanlar əllərində vedrə növbəyə duraraq evlərinə su daşıyardılar!
Yeni Ağdamda motorlu qayıqların üzə biləcəyi 2 kilometrlik kanal olacaqdır!
İnsanların dincəlməsi, zövq alması üçün göl yaradılacaq, şəlalə gurlayacaqdır.
79 kilometrlik velosiped yolu çəkiləcəkdir.
Ağdamın öz dağüstü parkı, cürbəcür karuselləri olacaqdır.
Yeni Qarabağ qəbiristanlığı salınacaqdır.
Şəhərin yeni Baş Planının bütün elementlərini sadalamaq niyyətində deyiləm.
Sadəcə, əvvəlki Ağdamla yeni Ağdamın fərqini nəzərə çarpdırmaq istəyirəm.
Təqdimetmə mərasimində hər bir ideyanın Prezidentimizə məxsus olduğunun, hər bir layihənin onun tapşırığı və nəzarəti altında həyata keçirildiyinin şahidinə çevrildik.
Baş Planla tanışlıqdan sonra Ağdamın xarabalıqlarını unutduq, bədbin ovqatdan qurtulduq.
Buna həm də İlham Əliyevin sadə, səmimi davranışları, isti, xoş münasibəti səbəb oldu!
Prezidentimiz
hər birimizlə şəkil də çəkdirdi!
Uzun müddət Ağdam itkisi, Ağdam nisgili, Ağdam
ayrılığı bizi sıxıb, əzib hərdən
isə ümidsiz duruma salıb.
İndi
yeni Ağdamın təməlini qoyanlardan biri olduğuma
görə özümü hədsiz dərəcədə
xoşbəxt sanıram!
Bu
xoşbəxtlik duyğularını bizə yaşadan,
Ağdamımızı, bütün
Qarabağımızı bizə qaytaran xalqımızın
xilaskar oğlu, Müzəffər Ali Baş Komandanımız
İlham Əliyevdir!
* Beş əsr
ərzində itirilmiş torpaqları geri qaytaran qüdrətli
Sərkərdə İlham Əliyev!
* İkiəsrlik
Qarabağ münaqişəsinə uğurla birdəfəlik
son qoyan Müzəffər Ali Baş Komandan İlham Əliyev!
* Müqəddəs
ata vəsiyyətini şərəflə yerinə yetirən
İlham Əliyev!
* Azərbaycan
xalqını ən böyük arzusuna çatdıran
Xilaskar İlham Əliyev!
Şükür
Tanrımıza!
Dünən
Ulu Öndərimizlə fəxr
edirdik!
Bu gün
isə Prezidentimiz İlham Əliyevlə qürur duyuruq!
Allah bu
xoşbəxtliyi, bu xoş
günləri bizə çox görməsin!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2021.- 1 iyun.- S.1;4.