Yeni
dəhliz açılacaq
Türkiyə-Azərbaycan
arasında bu bağlantı daha da möhkəm olacaq
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da
Türkiyə Respublikasının nəqliyyat və
infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi:
- Xoş gəlmisiniz. Sizi görməyimə şadam. Əminəm ki, səfəriniz uğurlu keçəcək. Müzakirə ediləsi məsələlər çoxdur. Əslində, nəqliyyat sahəsi həmişə bizim gündəliyimizdə ön sıralarda idi. İkinci Qarabağ savaşından sonra bunun önəmi daha da artdı. Çünki əvvəlki illərdə birgə həyata keçirdiyimiz layihələrlə yanaşı, yeni layihələr də artıq masa üzərindədir. Bizdə çox güclü işbirliyi tarixi var. Əlbəttə ki, bunların arasında Bakı-Tbilisi-Qars dəmir yolunun birgə inşa edilməsinin xüsusi önəmi var. Bu, bildiyiniz kimi, Şərq-Qərb dəhlizinin önəmli hissəsidir. Son illər bu dəhliz yolu ilə yüklərin həcmi daha da artır.
Ancaq İkinci Qarabağ savaşından sonra biz yeni bir dəhliz üzərində çalışırıq - Zəngəzur dəhlizi. Artıq beynəlxalq müstəvidə də bunun adı məhz Zəngəzur dəhlizi kimi təsbit edildi. Bu da Türkiyə ilə Azərbaycan arasında yeni bir bağlantını təmin edəcək.
Bildiyiniz kimi, müharibədən sonra ilk mərhələdə Ermənistan bu məsələ ilə bağlı öz etirazını bildirmişdir. Ancaq son vaxtlar mənə məlumat verilir ki, Ermənistan tərəfi də artıq bu dəhlizin qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil edir. Bildiyiniz kimi, indi üçtərəfli çərçivədə müzakirələr aparılır. Azərbaycan, Rusiya, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup çərçivəsində bu məsələ müzakirə edilir və yaxşı nəticələr də var.
Biz artıq azad edilmiş torpaqlarda Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun çəkilişinə start verdik. Əminəm ki, yaxın iki il, bəlkə iki il yarım ərzində o dəmir yolu tam istismara veriləcəkdir.
Naxçıvan dəmir yolunun böyük hissəsi fəaliyyətdədir və çatışmayan hissə də inşa ediləcək, bütün təlimatlar verilib. Ermənistan ərazisində Zəngəzur dəhlizinin önəmli hissəsi inşa edilməlidir. Beləliklə, yeni bir dəhliz açılacaq və Türkiyə-Azərbaycan arasında bu bağlantı daha da möhkəm olacaqdır.
Bütün
digər məsələlər də var. Hansılar ki, siz
öz həmkarınızla müzakirə edəcəksiniz.
Bütövlükdə deyə bilərəm ki, bu sahə həm
Türkiyə, həm Azərbaycan üçün çox
böyük önəm daşıyır,
xalqlarımızı bir-birinə bağlayan sahədir. Əminəm
ki, səfər çərçivəsində gündəlikdə
olan bütün məsələlər müzakirə olunacaq
və qərarlar qəbul olunacaq. Bir daha xoş gəlmisiniz.
X X X
Nazir
Adil Karaismailoğlu dedi: Təşəkkür edirəm.
Sağ olun. Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür
edirəm. Hörmətli Prezidentimizin də Sizə çoxlu
salamı var.
Dünən
Çamlıca qülləsinin
açılışını etdik, orada bir yerdə idik.
Bilirsiniz, Çamlıca qülləsində Azərbaycan
bayrağını dalğalandırmışdıq.
Türkiyədə, bütün dünyada çox
böyük rəğbət oyatmışdı, çox
gözəl olmuşdu. Canımız, dostumuz Azərbaycan hər
zaman bizim qardaşımız, bizim vətənimizdir. Sizin
uğurlarınızı həmişə bizim
uğurlarımız olaraq gördük. İnşallah, bundan
sonra cənab Prezidentimizin və Zati-alinizin liderliyi ilə daim
dost olaraq bütün dünyaya səsimizi eşitdirəcəyik.
Qardaşlarımız
bizə gəlmişdilər, layihələrimizi müzakirə
etmişdik. İnşallah, bu minvalla Sizin də göstərişinizlə
bütün layihələrimizi bir-bir yerinə yetirəcəyik.
Sabah da tikinti meydançalarına gedib iş
adamlarımızın gördükləri işləri
yoxlayacaq, onların işləri sürətləndirməsi və
düzgün yerinə yetirmələri ilə bağlı
tapşırıqlarımızı verəcəyik.
İnşallah, bu birliyimiz əbədi davam edəcək.
Biz də
dəmir yolu məsələsində
çalışırıq, Prezidentimizə də məlumat
verdik. Xüsusilə Naxçıvan ilə Qars
arasındakı, Qars-Aralık-Dilucu arasındakı layihələrimizi
yekunlaşdırmışdıq. İnşallah, onları da
bir proqram şəklində hazırlayıb bu dəmir yolunu –
Naxçıvan ərazisindən yeni bir dəhlizin
inşasını birlikdə həyata keçirəcəyik.
Dostlarımızla
toplantılarımızı keçirəcəyik.
Qardaşlarımızın işi bizim işimizdir.
İnşallah, hamımız birlikdə əl-ələ verərək
gözəl işlərə imza atacağıq.
X X X
Prezident
İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın
salamlarına görə təşəkkürünü
bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə
çatdırmağı xahiş etdi.
X X X
Sonra
nazir Adil Karaismailoğlu Prezident İlham Əliyevə xatirə
hədiyyəsi olaraq qılınc təqdim etdi.
Prezident
İlham Əliyev: Çox təşəkkür edirəm.
Bu, barış xəncəridir.
Nazir
Adil Karaismailoğlu: Əlbəttə, barış
üçün də lazımdır.
Prezident
İlham Əliyev: Bu, lazımdır.
Nazir
Adil Karaismailoğlu: Bunu görüncə sülh də olur.
Azərbaycan.-2021.- 1 iyun.- S.1-2.