Milli Məclisin
sədri Sahibə Qafarova Pakistanda
səfərdədir
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Pakistan İslam Respublikasına işgüzar və rəsmi səfəri başlayıb. Mayın 31-dən başlayan səfər iyunun 4-dək davam edəcək.
Nümayəndə
heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri
Qənirə Paşayeva, Tahir Mirkişili, komitə sədrlərinin
müavinləri Məlahət İbrahimqızı, Tahir Kərimli,
deputat İlham Məmmədov, parlament Aparatının rəhbəri
Səfa Mirzəyev və digər rəsmi şəxslər
daxildir.
Səfər çərçivəsində nümayəndə heyəti ölkənin paytaxtı İslamabadda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransında iştirak edəcək, tədbirdə müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək. Konfransda Milli Məclisin sədri çıxış edəcək.
Burada Milli Məclis sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşləri nəzərdə tutulub.
Pakistan tərəfinin dəvəti ilə iyunun 3-dən başlayacaq rəsmi səfər çərçivəsində parlamentin sədri Sahibə Qafarovanın Pakistan İslam Respublikasının Prezidenti, Baş naziri, Senatın sədri, Milli Assambleyanın spikeri və ölkəmizlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşləri gözlənilir.
Səfər çərçivəsində baş tutacaq görüşlərdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf istiqamətləri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşməsi barədə fikir mübadiləsi aparılacaq.
İlhamə
İSABALAYEVA
Azərbaycan.-2021.- 1 iyun.- S.3.