Azərbaycanın Baş Prokurorluğu ilə Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğu arasında memorandum imzalanıb

 

Mayın 31-də Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokurorluğu arasında memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin imzalayıblar.

Memorandum Azərbaycan ilə Türkiyə arasında beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud işbirliyinin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsini və digər mühüm məsələləri nəzərdə tutur.

İmzalanma mərasimində qardaş ölkələrimiz arasında beynəlxalq hüquqi əməkdaşlıq, ekstradisiya, prokurorların təlimi və digər mühüm sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyi əminliklə vurğulanıb.

Tədbirdə Baş prokuror Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroruna “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” medalını təqdim edib.

 

Azərbaycan.-2021.- 1 iyun.- S.3.