Leyla
Əliyeva nərə balıqlarının suya
buraxılması mərasimində iştirak
edib
Mayın 31-də IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş genişmiqyaslı “Zəngin hövzələr” layihəsi çərçivəsində Xıllı-Balıq MMC, AzVarvara MMC, “Azerbaijan Fish Farm” MMC balıqartırma zavodlarında yetişdirilmiş 550000 ədəd körpə nərə balığının suya buraxılması mərasimi keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri
Leyla Əliyeva iştirak edib.
Məlum
olduğu kimi, son onilliklər ərzində Xəzər dənizinin
nadir balıq növlərinin populyasiyaları insan fəaliyyətinin
mənfi təsirləri, çirklənmə,
qaçaqmalçılıq və həddən artıq
ovlanma nəticəsində məhvolma təhlükəsi həddinə
çatıb.
Problemin
hərtərəfli həlli məqsədilə IDEA İctimai
Birliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və Böyük Britaniyanın “Mavi Dəniz Fondu”
(BLUE) ilə birlikdə müxtəlif mühafizə, bərpa
və ictimai maarifləndirmə tədbirləri həyata
keçirilir.
"Zəngin
hövzələr” layihəsi balıq növlərinin təbii
populyasiyasının artırılması, balıqartırma
zavodlarında yetişdirilən müxtəlif növ balıq
körpələrinin təbii mühitə buraxılması,
eləcə də daxili su hövzələrində çirkləndirilmənin
azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi
üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə
tutur.
Qeyd
edək ki, ötən ilin may ayında start verilmiş layihə
çərçivəsində indiyədək ümumilikdə
3 milyondan çox müxtəlifnövlü balıq körpələri
su hövzələrinə buraxılıb.
“Zəngin
hövzələr” layihəsinin icrası müddəti
balıqların kürütökmə dövrü ilə əlaqədar
1 may tarixindən elan olunan 4 aylıq moratoriuma təsadüf
edir.
Azərbaycan.-2021.- 1 iyun.- S.6.