Leyla Abdullayeva: Həmsədrlər saxlanılan şəxslərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsini təklif etməzdən əvvəl onların saxlanma səbəblərinə diqqət yetirməlidirlər

 

Həmsədrlərin bəyanatlarında qeyd etdikləri məsələlər, o cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan son gərginliklər, diversant qrupunun Azərbaycan ərazilərinə daxil olaraq terror-təxribat aktı törətmək cəhdi, delimitasiyademarkasiya prosesi, habelə bölgəyə humanitar çıxışın təmin edilməsi ilə bağlı mövqeyimiz dəfələrlə rəsmi açıqlamalarda bildirilib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ATƏT-in Minsk qrupunun həmsədrlərinin 2021-ci il 28 may tarixli bəyanatına münasibət bildirərkən deyib.

Leyla Abdullayeva bildirib ki, Azərbaycan azad olunmuş ərazilərin bərpası və insanların bu torpaqlarda yenidən sülh şəraitində birgəyaşayışının təmin edilməsi üçün bütün səylərini səfərbər edib və müvafiq tədbirləri həyata keçirir. Beynəlxalq humanitar təşkilatlarla beynəlxalq hüquq prinsipləri əsasında əməkdaşlıq həyata keçirilir, o cümlədən Qarabağda müharibənin təsirinə məruz qalan insanlara humanitar yardımın göstərilməsi üçün müvafiq addımlar atılıb.

Həmsədrlərin bəyanatlarında istinad etdikləri saxlanılan 6 erməni hərbçisi ilə bağlı xatırladırıq ki, bu erməni hərbçiləri yolların minalanmasına yönəlmiş təxribat törədərkən saxlanılıb. Azərbaycanın azad olunmuş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların gündəlik əsasda insanların həyatına təhlükə törətdiyi bir vaxtda, Ermənistanın minaların yeri ilə bağlı məlumatı təqdim etməkdən imtina etməsi, üstəlik, əraziyə yeni minalar basdırmaq cəhdi heç bir çərçivəyə sığmır. Odur ki, həmsədrlər saxlanılan şəxslərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsini təklif etməzdən əvvəl ən azı bu şəxslərin saxlanma səbəblərinə diqqət yetirməli, təxribatçıları bu kimi fəaliyyətdən çəkinməyə çağırmalıdırlar.

Dəfələrlə bəyan etmişik ki, biz sərhəd gərginliyi məsələsinin danışıqlar yolu ilə həllinin tərəfdarıyıq, habelə beynəlxalq ictimaiyyətin iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı çağırışlarını dəstəkləyirik. Bildiyiniz kimi, bir müddət əvvəl bu məsələ ilə bağlı irəli sürülən Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə müvafiq üçtərəfli komissiyanın yaradılması təklifini də Azərbaycan dəstəkləyib.

Yalnız beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında dövlətlərarası münasibətlər normallaşdırıla bilər, sərhəd xəttinin demarkasiyasına və delimitasiyasına başlamaq olar və nəhayət, sülh şəraitində birgə yaşayış üçün sağlam təməlin əsası qoyula bilər.

Həmsədr ölkələr isə öz növbələrində üçtərəfli bəyanatların icrasını dəstəkləməklə bölgədə sülh və inkişafın təmin olunmasına töhfə verə bilər.

 

 

Azərbaycan.-2021.- 1 iyun.- S.6.