Mahmud Vaezi: Azərbaycan-İran əlaqələrinin
inkişafı xalqlarımızın maraqlarına uyğundur
Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə müştərək komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri çərçivəsində bu ölkənin Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Şahin Musafayev İran ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olduğunu bildirib. Qeyd olunub ki, son illər qarşılıqlı əlaqələr yüksələn xətlə inkişaf edir. Qarşılıqlı əməkdaşlıq əlaqələrinin yüksək səviyyəyə çatmasında hər iki ölkənin prezidentləri mühüm rol oynayıblar. Məhz prezidentlərin siyasi iradəsinin nəticəsidir ki, münasibətlərimiz müsbət istiqamətdə irəliləyir. Azərbaycan ilə İran arasında nəqliyyat, kənd təsərrüfatı, sənaye, turizm və digər sahələri əhatə edən əlaqələr mövcuddur. Bu əlaqələrin daha da inkişafı üçün hər iki ölkənin böyük potensialı var və bu potensialdan səmərəli istifadə edilməlidir.
Şahin Mustafayev diqqətə çatdırdı ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, ticarət əlaqələrini daha da genişləndiriləcək. Pandemiya dövründə ticarət əlaqələrinin və tranzit yükdaşımaların dayandırılmaması münasibətlərimizin xoşməramlı olduğunu nümayiş etdirir.
İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi nümayəndə heyətinin üzvlərini 28 May - Respublika Günü münasibətilə təbrik edərək bildirib ki, İran-Azərbaycan əlaqələri strateji səviyyəyə yüksəlib. Qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi hər iki xalqın maraqlarına uyğundur və bu münasibətlər ildən-ilə genişlənməlidir. Nəqliyyat və energetika sahələrində birgə layihələr var ki, onların da reallaşdırılması üçün işləri sürətləndirmək lazımdır.
Mahmud Vaezi vurğulayıb ki, İran hər zaman Azərbaycanın yanında olacaq və qarşılıqlı münasibətlərin inkişafı üçün bütün imkanlardan istifadə edəcək.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
SOCAR-ın prezidenti Rövnəq
Abdullayev də görüşdə iştirak edib.
Azərbaycan.-2021.- 1 iyun.- S.3.