Beynəlxalq blogerlər Ağdamda erməni vəhşiliyini lentə alıblar

 

Ölkəmizdə səfərdə olan dünyanın 8 ölkəsindən olan blogerlər “Show me Azerbaijan” beynəlxalq blogerlər layihəsi çərçivəsində mayın 30-da işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Layihə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan vəziyyəti, işğalın ağır nəticələrini, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və insanlığa qarşı cinayətləri beynəlxalq ictimaiyyətə çatdırmaq, Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanı, onun maddi-tarixi və mədəni irsini, həmçinin Azərbaycanda mövcud olan unikal multikulturalizm mühitini və ənənələrini beynəlxalq sosial şəbəkələrdə tərənnüm etməkdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şimali Amerika və Avrasiyadan ümumilikdə 8 ölkənin 12 xarici sosial media blogeri əvvəlcə Ağdam şəhər Cümə məscidinə gələrək burada ermənilərin törətdikləri barbarlıqlarla tanış olublar. Onlara ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə məlumat verilib. Bildirilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər tərəfindən dağıntılara məruz qalan Ağdam məscidinin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.

Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. Ağdam məscidi də ermənilər tərəfindən dağıntılara məruz qalıb, minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Cümə məscidi ölkə əhəmiyyətli abidələr siyahısındadır.

Nümayəndə heyəti Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına baxıblar. Səfərdə iştirak edən Ağdam rayon sakini Fəxrəddin Hacıbəyli bir vaxtlar çalışdığı Ağdam Dram Teatrının dağıntıları qarşısında tarda milli musiqimizdən nümunələr ifa edib.

 

Xarici blogerlər sonra Ağdam şəhərindəki İmarət qəbiristanlığına gəliblər. Məlumat verilib ki, burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra Pənahəli xanın buradakı sarayı və qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar. İşğal edilən ərazilərdəki məscidlər, məzarlıqlar kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib. Tövlə kimi istifadə edilən Xan sarayında inək və donuz saxlanılıb.

Qeyd edək ki, əsasən, instaqram, feysbukyutub kimi sosial media platformalarında fəal olan qrupun ümumi izləyici sayı 10 milyon nəfərdən artıqdır.

 

Azərbaycan.-2021.- 1 iyun.- S.6.