Dünyanın idman
nəbzi Azərbaycanla döyünəcək
Bu günlərdə dünya idman ictimaiyyətinin diqqəti bir daha Azərbaycana yönələcək. İyun ayının 4-dən 6-dək Bakıda “Formula-1” yarışlarının Azərbaycan Qran-prisi keçiriləcək.
Növbəti günlərdə isə paytaxtımız futbol üzrə Avropa çempionatının qrup mərhələsinin 4 oyununa evsahibliyi edəcək. Beləliklə, respublikamız növbəti beynəlxalq əhəmiyyət və maraq kəsb edən idman hadisələri ərəfəsindədir.
Beynəlxalq tədbirlər məkanı
“Formula-1” Azərbaycan Qran-prisinin başlandığı gündən futbol üzrə Avropa çempionatının Bakı Olimpiya Stadionunda keçiriləcək dörddəbir final mərhələsinin oyununa qədər Azərbaycan yenidən qapılarını idmansevələrin üzünə açacaq, şəhərdə idman əhvali-ruhiyyəsi yaşanacaqdır. Azərbaycan növbəti dəfə beynəlxalq idman yarışlarında mükəmməl evsahibliyi nümunəsini ortaya qoyacaq, dünya bir daha respublikamızın yüksəlişinin, xalqımızın qonaqpərvərliyinin, Bakının füsunkar gözəlliyinin şahidi olacaqdır.
Dünyanın izlədiyi hər bir idman yarışı həm də beynəlxalq tədbirdir. Azərbaycan isə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəticəsi olaraq uzun illərdir ki, dünyada beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi unikal məkanlardan biri kimi tanınır. Respublikamız mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə bir mərkəz kimi dünya ictimaiyyətinin daim diqqət mərkəzindədir. Humanitar forum üzrə Bakı platformasına isə dünyanın dörd bir yanından elm adamları, siyasətçilər qoşulublar. Azərbaycanın regionun lider dövləti kimi statusunu artıran məqamlardan biri məhz beynəlxalq tədbirlər mərkəzinə çevrilməsidir.
Bütün bunlar həm də Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin dünyanın beynəlxalq təşkilatları, güc mərkəzləri və böyük ölkələri tərəfindən ehtiramla qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir. Düzgün və düşünülmüş siyasət, beynəlxalq təşəbbüslərimiz bu gün ölkəmizi dünyada yalnız sabit və inkişaf edən ölkə deyil, həm də əməkdaşlıq məkanı kimi təqdim edir.
Azərbaycan həmişə nümunəvi evsahibliyi ilə fərqlənib
Hazırda respublikamız mühüm beynəlxalq siyasi, iqtisadi, mədəni-humanitar və idman tədbirlərinin keçirildiyi əsas mərkəzlərdən biridir. Bu baxımdan Azərbaycan ilk dəfə deyil ki, beynəlxalq maraq kəsb edən, bütün dünyada idmansevərlərin izlədiyi mötəbər idman yarışlarına evsahibliyi edir. Xüsusən son onillikdə Bakıda və Azərbaycanın regionlarında ən nüfuzlu dünya və Avropa yarışları təşkil olunub.
Vaxtilə Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri kimi Azərbaycan nümayəndə heyəti ilə xarici ölkələrə səfərlərimiz, eyni zamanda Bakıda keçirdiyimiz görüşlər zamanı beynəlxalq idman təşkilatlarının rəhbərləri yarışlarda nümunəvi təşkilatçılığa görə respublikamıza heyranlıqlarını bildirir, razılıqlarını ifadə edirdilər. Yadımdadır, illər əvvəl Bakı şəhərinin Olimpiya oyunlarına evsahibliyi ilə bağlı müzakirələr aparılanda Avropa və beynəlxalq olimpiya komitələrinin rəhbərləri Azərbaycanın beynəlxalq olimpiya hərəkatında çox fəal iştirakını və bu hərəkata verdiyi töhfələri qeyd etmiş, ölkəmizdə idman sahəsində gedən quruculuq işlərinin çox geniş vüsət almasını, Bakıda böyük idman tədbirlərinin keçirilməsi üçün infrastrukturun yaradılmasını yüksək dəyərləndirmişdilər. 2011-ci ilin noyabr ayında mənə göstərilən böyük etimad nəticəsində “Bakı 2020” layihəsinin icraçı direktoru təyin olunaraq, dövlətimiz üçün ən böyük və mötəbər idman layihələrindən biri olan “Bakı 2020” layihəsi çərçivəsində Azərbaycanın namizədlik prosesinə rəhbərlik etməyə başlamışdım. Həmin ərəfədə Bakıda dünyanın ən yaxşı idman icraçılarından sayılan avstraliyalı Bob Elfinstonla görüş keçirmişdik. Bob Elfinston Bakının gözəlliyi qarşısında heyran qaldığını bildirərək demişdi: “Bakı dünyanın ən böyük sirlərini özündə gizlədən və kəşflər üçün ən real məkan olan şəhərdir”.
Tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının təşkili Azərbaycana həvalə olundu
2012-ci ildə Avropa Olimpiya Komitəsi tərəfindən tarixdə I Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsi də Azərbaycanın Olimpiya hərəkatına verdiyi dəyərli töhfələrin, Bakıda Olimpiya oyunlarını təşkil etmək imkanına malik idman infrastrukturunun mövcud olması demək idi. Bu qərar Avropa Olimpiya Komitəsinin Romada keçirilən 41-ci Baş Assambleyasında qəbul edilmişdir. Həmin tədbirdə MOK-un Beynəlxalq Münasibətlər İdarəsinin rəhbəri kimi mən də iştirak edirdim. Sevincimizin həddi-hüdudu yox idi. Çünki dövlətimizin başçısı, Azərbaycan Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlər öz bəhrəsini vermişdi və tarixdə ilk Avropa Oyunlarının keçirilməsi Azərbaycana həvalə olunmuşdu.
Baş Assambleyada Bakı şəhərinin və onun idman salonlarının təqdimatı oldu. Azərbaycan tarixinin həlledici idman səhifələrindən biri hesab edilən ölkəmizin xüsusi təqdimatında çıxış etmək mənə də nəsib olmuşdur. Təqdimat zamanı ölkəmizdə bərqərar olmuş iqtisadi və siyasi sabitlik, inkişaf barədə məlumat vermiş, respublikamızın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsinin olduğunu, Bakıda mükəmməl idman infrastrukturunun yaradıldığını və ilk dəfə keçiriləcək Avropa Oyunlarının yüksək səviyyədə təşkil ediləcəyini bildirmişdim.
Xatırladım ki, 2013-2015-ci illərdə müxtəlif ölkələrdə I Avropa Oyunlarının təqdimatları keçirilmişdi. Həmin təqdimatlarda yalnız Avropa Olimpiya Oyunları təqdim edilmirdi. Həm də Azərbaycan həqiqətləri, ölkəmizin inkişafı, turizm imkanları, o cümlədən torpaqlarımızın işğal altında olması faktı dünya ictimaiyyətinin diqqətinə çatdırılırdı. Bu təqdimatların hər birində xarici ölkələrin idman ictimaiyyətinin gəldiyi ortaq rəy ondan ibarət olurdu ki, Azərbaycan ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcək. Başqa cür ola da bilməzdi. Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi təşkilat komitəsi hazırlıq işlərini ən mükəmməl səviyyədə həyata keçirmişdi. Bütün Avropa və dünya Azərbaycanın timsalında beynəlxalq idman yarışına ideal evsahibliyin nümunəsini görürdü.
Qeyd edim ki, hələ 10 il əvvəl Azərbaycanda ən möhtəşəm idman yarışlarının keçirilməsi üçün böyük infrastruktur mövcud idi. Sonrakı illərdə isə onların sırasına Bakı Olimpiya Stadionu, Milli Su İdman Növləri Mərkəzi, “Bakı Kristal Zalı”, Milli Gimnastika Mərkəzi, Bakı Sərgi Mərkəzi və digər böyük idman salonları da əlavə olundu. Möhtərəm İlham Əliyevin diqqəti və nəzarəti altında inşa olunan yeni idman kompleksləri Bakının yeni və gözəl ünvanlarına çevrilməklə yanaşı, respublikamızın olimpiya və beynəlxalq idman hərəkatındakı iştirakına layiqli töhfələr verdi, olimpiya ideallarının kütləviləşməsində əhəmiyyətli rol oynadı.
Bu cür mükəmməl və çoxnövlü idman infrastrukturu ilk Avropa Oyunlarında olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarında da Azərbaycana yüksək səviyyədə evsahibliyi etmək imkanı verdi. Bütün müsəlman aləminin təmsil olunduğu bu beynəlxalq idman yarışına da Azərbaycanın evsahibliyi etməsi ölkəmizə göstərilən böyük etimadın təcəssümü idi. Həmin etimadı doğrultmaq üçün mən də birinci xanım Mehriban Əliyevanın müdrik rəhbərliyi və mənəvi dəstəyi altında uzun müddət idman sahəsində uğurla xidmət etmiş, Avropa Oyunları və İslam Həmrəylik Oyunları kimi bir sıra mötəbər beynəlxalq tədbirlərin layiqincə reallaşmasında əlimdən gələni əsirgəməmişəm. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin, eləcə də Koordinasiya Şurasının üzvü, Əməliyyat Komitəsində MOK-lararası Əlaqələr İdarəsinin rəhbəri kimi oyunlar zamanı ölkəmizin gücü ilə qürur hissi keçirmişəm. Cənab Prezidentin xüsusi diqqəti, birinci xanımın bilavasitə rəhbərliyi ilə həyata keçirilən hazırlıq işlərinin nəticəsi olaraq IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın növbəti uğuru kimi tariximizə həkk olundu. İlk Avropa Oyunlarının ardınca ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın həm də tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi kimi tarixə düşdü.
“Bakı-2015”-də qazanılan təcrübə və sərgilənən təşkilatçılıq işi IV İslam Həmrəyliyi Oyunlarında da mükəmməl şəkildə təmin olundu. Ən əsası, bir daha sübut olundu ki, iradə və qətiyyət olan yerdə hər şey mümkündür. Məhz rəhbərliyin bizə göstərdiyi daimi mənəvi dəstək, aşıladığı ruh yüksəkliyi və qayğı hər birimizi işimizə daha da məsuliyyət və qətiyyətlə yanaşmağa həvəsləndirir, dövlətimizi, vətənimizi və millətimizi layiqincə təmsil etmək amalına kökləyirdi. Gənc yaşlarımda mənə göstərilən etimadları doğrultmaq ikiqat məsuliyyət tələb edirdi. Bu illər ərzində gecə-gündüz çalışaraq vətənimə xidmət etmək, uğurlu nəticə qazanmaq mənim əsas amalım idi. Qürurla vurğulamalıyam ki, idman sahəsində keçirdiyim o şərəfli və bir o qədər də öyrədici günlər mənim həyat yolumda sönməz bir çıraq olaraq peşəkar və şəxsi inkişafımda dərin bir iz buraxıb. Həm də onun nəticəsidir ki, bu gün bütün gücüm ilə daim millətimə qulluq etməyə və vətəndaşılq borcumu məsuliyyətlə yerinə yetirməyə çalışmaqda davam edirəm.
Onu da qeyd edim ki, həm I Avropa Oyunlarının, həm IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi gələcəkdə Yay Olimpiya Oyunlarının ölkəmizdə təşkili üçün də gözəl zəmin yaradır. Beynəlxalq idman təşkilatlarının Azərbaycanla bağlı indiyədək yeganə narahatçılığı ölkəmizdə kompleks yarış təcrübəsinin olmamasına dair fikir idi. I Avropa və IV İslam Həmrəyliyi Oyunlarından sonra bu narahatçılıq tamamilə aradan qalxdı.
Bütün bu məsələlər barədə söz açarkən vaxtsız vəfatı ilə hamımızın qəlbində dərin kədər hissi yaradan Azad Rəhimovun xatirəsini yad etməmək mümkün deyildir. Onun vəfatı ilə idman ictimaiyyəti gözəl, safqəlbli insanı, peşəkar idman təşkilatçısını itirdi.
Bakı
“Formula-1” və futbol bayramı ərəfəsindədir
2019-cu ilin sonunda bütün
ölkələri çənginə
alan pandemiyaya
qarşı beynəlxalq
mübarizə artıq
müsbət nəticələrini
verməkdədir. Bu səbəbdən dünyanın
idman həyatında da canlanma yaranıb.
Ötən il
koronavirus pandemiyası
səbəbindən keçirilməsi
mümkün olmayan idman tədbirlərinə
artıq yenidən
start verilir. Paytaxtımız Bakı da
“Formula-1” yarışları və futbol bayramı ərəfəsindədir.
Bakı “Formula-1” yarışlarına 2016-cı ildən
evsahibliyi edir. Obrazlı ifadə
etsək, “Formula-1”in yeni
ünvanlarından olan
Bakı indi həm də dünyanın sürət
paytaxtıdır. Xüsusi olaraq
inşa olunmuş Bakı Şəhər Halqası “Formula-1” təqviminə
ən yeni əlavədir. Dünyada bu
yarışı təqribən
500 milyondan artıq tamaşaçı izləyir.
Bu göstərici ilə “Formula-1” tamaşaçı
sayının çoxluğuna
görə futboldan sonra ikincidir. Ona görə belə mötəbər avtomobil yarışının Azərbaycanda
keçirilməsi olduqca
əhəmiyyətlidir.
Futbol üzrə
Avropa çempionatının
oyunlarına gəldikdə
isə 4 görüşün
Bakıda keçirilməsi
Azərbaycana göstərilən
böyük etimaddır. Azərbaycanda
beynəlxalq futbol çempionatlarının keçirilməsi
üzrə kifayət
qədər böyük
təcrübə var. Respublikamızı
beynəlxalq arenada layiqincə təmsil edən “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasına vəsiqə qazanması ilə əlaqədar bir neçə il əvvəl Bakı Olimpiya Stadionu UEFA Çempionlar Liqasının oyunlarına
evsahibliyi etmişdi.
2019-cu il mayın 29-da isə Bakı Olimpiya Stadionunda İngiltərənin
Çelsi və
Arsenal futbol klubları
arasında UEFA Avropa Liqasının final oyunu keçirilmişdir. İndi isə
Bakı ən mötəbər futbol turnirlərindən biri olan Avropa çempionatının
oyunlarına evsahibliyi
edir. Bu futbol
bayramının sevincini
bizim üçün
ikiqat artıran isə qardaş Türkiyənin yığma
komandasının qrup
oyunlarını Bakıda
keçirməsidir.
Beləliklə, iyun ayı ərzində
dünyanın idman nəbzi həm də Azərbaycanla döyünəcək. Beynəlxalq idman
ictimaiyyəti və ölkəmizə təşrif
gətirən xarici qonaqlar bir daha
Azərbaycanın nümunəvi
evsahibliyinin canlı şahidi olacaqlar. Bu idman yarışlarının
hər biri izləyicilərə uzun müddət xatırlanacaq
həyəcanlı və
sevincli anlar bəxş edəcək.
Başqa cür ola da bilməz. Çünki bu yarışların
təşkilatçısı mötəbər idman turnirlərinin keçirildiyi
əsas ünvanlardan olan və dünyada
idman dövləti kimi tanınan Azərbaycandır.
Könül NURULLAYEVA,
Milli Məclisin deputatı
Azərbaycan.-2021.- 2 iyun.- S.1;5.