Milli Məclisin sədri Sahibə Qafarova İslamabadda İƏT PA-nın tədbirində çıxış edib

 

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycanın parlament nümayəndə heyəti Pakistan İslam Respublikasında işgüzar və rəsmi səfərdədir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iyunun 1-də Milli Məclisin sədri İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) İcraiyyə Şurasının iclasında iştirak edib.

Şurada qurumun Parlament Assambleyasının İkinci Ümumi Konfransında müzakirəyə çıxarılacaq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova çıxış edərək gündəlikdəki məsələlərə münasibət bildirib, İslam dünyasında qadınların rolu haqqında fikirlərini bölüşüb. O, dünyada islamofobiyanın geniş yayıldığı şəraitdə cəmiyyətdə qadınların rolunun daha da möhkəmlənməsinə ciddi ehtiyac duyulduğunu qeyd edib. Sahibə Qafarova təşkilatda qadın parlamentarilərin iclasının təşkil olunmasını yüksək dəyərləndirib.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişafına böyük önəm verir. O, bu yaxınlarda Milli Məclisin İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Nizamnaməsini ratifikasiya etdiyini xatırladıb. Milli Məclisin sədri təşkilata üzv ölkələrlə çoxşaxəli əməkdaşlığın dərinləşməsini günün tələbi kimi dəyərləndirib.

İclasda Parlament Assambleyasının İkinci Ümumi Konfransına qatılmış nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər.

 

Azərbaycan.-2021.- 2 iyun.- S.2.