Milli Məclisin sədri
İƏT PA-nın İkinci Ümumi Konfransında
çıxış edib
İyunun
1-də Pakistanın paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament Assambleyasının (İƏT PA)
İkinci Ümumi Konfransının açılış mərasimi
keçirilib.
Parlamentin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin
Sədri Sahibə Qafarova mərasimdə çıxış
edib.
Milli Məclisin sədri bildirib: “Biz bu gün çətin bir dövr yaşayırıq. Dünya birliyi terrorizm, mütəşəkkil cinayətkarlıq, insan və narkotik ticarəti, qaçqın və məcburi köçkün problemləri, yoxsulluq, iqlim dəyişikliyi, təbii fəlakətlər və epidemiyalar kimi ciddi təhdidlərlə qarşılaşır. COVID-19 problemi beynəlxalq ictimaiyyət üçün gözlənilməz bir sınaq idi və bəşəriyyət bu pandemiyaya qarşı mübarizədə bütün gücünü toplamalı oldu. Azərbaycan COVID-19-a qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Ötən il Azərbaycan Prezidenti Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin və BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi İclasının keçirilməsinin təşəbbüskarı olub. Bu təşəbbüslər bir daha Azərbaycanın beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyini nümayiş etdirir”.
S.Qafarova qeyd edib ki, dünya ictimaiyyətinin üzləşdiyi çətinliklər artdıqca, onları həll etmək üçün daha təsirli və rasional yanaşmalar tapılmalıdır. Parlamentlər hərtərəfli əməkdaşlıq sayəsində bu baxımdan vacib rol oynayır və parlamentlər arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin bəşəriyyət üçün əhəmiyyəti artır.
Parlamentin sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikası uğurlu regional inteqrasiya proseslərinin davamlı inkişafı təmin etmək və firavan cəmiyyətlər qurmaq üçün rasional bir yol olduğuna inanır. İnteqrasiya prosesləri millətlər arasında siyasi, iqtisadi, mədəni əlaqələrin dərinləşməsinə yol açır. O deyib: “Bu mənada, İqtisadi Əməkdaşlıq Təşkilatı geosiyasi baxımdan əhəmiyyətli bölgələrin ölkələrini bir yerə toplayır. Beləliklə, aramızdakı inteqrasiya proseslərinin gücləndirilməsi bu bölgələrin zəngin təbii ehtiyatlarının, nəqliyyat imkanlarının və intellektual potensialının daha səmərəli istifadəsinə kömək edəcək. İnteqrasiya, eyni zamanda sülhü, sabitliyi, təhlükəsizliyi, dialoqu və tərəqqini gücləndirəcək və zamanın çağırışlarına ümumi yanaşmamızı formalaşdıracaq".
Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa həmişə böyük diqqət yetirib. Təxminən 3 ay əvvəl - martın 4-də Azərbaycanın mərhum Prezident Heydər Əliyevin təşəbbüsü ilə yaradılan İƏT Tədqiqat Mərkəzinin nizamnaməsi imzalanıb. Azərbaycan ölkəmizdə yerləşəcək Mərkəzin səmərəli fəaliyyəti üçün əlindən gələni edəcək.
Ölkəmizin inteqrasiyanın, regional və qlobal layihələrin həyata keçirilməsində birgə səy göstərməyin tərəfdarı olduğunu diqqətə çatdıran Sahibə Qafarova qeyd edib ki, Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalı ilə üz-üzə qalsa da, uğurlu regional layihələrin həyata keçirilməsinə nail olub, enerji təhlükəsizliyinin təmin edilməsində və enerjinin Avrasiya məkanına çatdırılma marşrutlarının şaxələndirilməsində mühüm tərəfdaşa çevrilib. Bu baxımdan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərini qeyd etmək yerinə düşər. 2020-ci il dekabrın 31-də istifadəyə verilən digər əhəmiyyətli layihə Cənub Qaz Dəhlizidir. Uzunluğu 3500 kilometr olan və 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji infrastruktur layihələrindən biridir. Belə böyük uğur ölkələr arasında nümunəvi inteqrasiyanın yaradılması sayəsində mümkün olub və Ermənistan öz işğalçılıq siyasəti ilə prosesi əngəllədiyi bir şəraitdə Azərbaycan bu inteqrasiyanı yaratmağı bacarıb.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu gün işğal artıq yoxdur. Keçən il Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına son qoymaq üçün hərbi-siyasi vasitələrdən istifadə edərək, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən və 30 il ərzində kağız üzərində qalan qətnamələrinin icrasını təmin etdi. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarını işğaldan tamamilə azad edərək, ərazi bütövlüyünü bərpa etdi, Ermənistanı 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Sahibə Qafarova bildirib ki, qardaş Türkiyə müharibə dövründə Azərbaycana siyasi və mənəvi dəstək verən ilk ölkə olub. Həmçinin müharibənin ilk günlərində qardaş Pakistan və Əfqanıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirərək, Ermənistanı işğala son qoymağa çağırdılar. Milli Məclisin sədri bu dəstəklərinə görə onlara dərin minnətdarlığını ifadə edib, Azərbaycanın ədalətli müharibəsində bizə dəstək verən dövlətlərə Milli Məclis adından təşəkkürünü bildirib.
Sahibə Qafarova qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını açıq şəkildə əks etdirir. Ermənistan bölgədəki nəqliyyat kanallarının təhlükəsizliyini təmin etmək öhdəliyini yerinə yetirməlidir. Bu kontekstə Zəngəzurdan - tarixi Azərbaycan torpağından keçəcək və Azərbaycanın əsas ərazisini ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası, eləcə də Türkiyə ilə birləşdirəcək yeni birləşdirici dəhliz də daxildir. Bu, bölgədəki nəqliyyat sektoru üçün yeni imkanlar yaradacaq Zəngəzur dəhlizidir.
O, daha sonra diqqətə çatdırıb ki, Azərbaycan regional layihələrin iştirakçısı və təşəbbüskarıdır. Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizlərində iştirakı və bu təşəbbüslərə verdiyi töhfə sayəsində Azərbaycan Respublikası Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycan artıq daxili nəqliyyat infrastrukturunu Lazurit nəqliyyat dəhlizi ilə əlaqələndirib və indi Zəngəzur Dəhlizini reallaşdıraraq çoxtərəfli əməkdaşlıq üçün daha geniş imkanlar yaradır.
Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan Ermənistan işğalından azad etdiyi ərazilərimizin bərpası üçün genişmiqyaslı proqramlara başlayıb. Bu sahədə hələ çox işlər görülməlidir. Təəssüf ki, erməni vandalları işğal etdikləri şəhər və kəndlərimizi, tariximizə və mədəniyyətimizə aid abidələri dağıdıb, milli sərvətlərimizi talan ediblər. Həmin ərazilərin infrastrukturu tamamilə məhv edilib. Bərpa işində bir çox ölkələrdən, əsasən bizə dost ölkələrdən olan şirkətlərin də iştirak etdiyini bildirən Spiker İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin də orada iştirakının əhəmiyyətli olduğunu deyib.
Çıxışının sonunda Milli Məclisin sədri parlament diplomatiyasının regional əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rolunu bir daha vurğulayaraq diqqətə çatdırıb ki, parlamentlər arasında sıx əlaqələrin yaradılması ölkələri bir-birinə daha da yaxınlaşdırır. Parlament diplomatiyası dövlətlərarası dialoqun və xalqlar arasında dialoqun demokratik forması, həmçinin təsirli bir əməkdaşlıq vasitəsi olduğunu sübut edib.
Milli
Məclisin sədri İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Assambleyasının təqdim etdiyi dialoq
formatının xalqlarımız və dövlətlərimiz
arasında dostluq və əməkdaşlığın
inkişafına töhfələrini verəcəyinə əminliyini
ifadə edib, konfransın işinə uğurlar arzulayıb.
Azərbaycan.-2021.- 2 iyun.- S.3.