1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları ilə görüş təşkil olunub

 

Təhsil Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları ilə görüş təşkil edib.

AZƏRTAC xəbər verir ki, görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şagirdləri təbrik edən təhsil naziri Emin Əmrullayev çıxışında belə görüşlərin keçirilməsinin önəmini vurğulayıb: “Sevindirici haldır ki, bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Düşmən tapdağında olan torpaqlarımız işğaldan azad olunub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa çatdırdı. Bu Zəfərin qazanılmasında Vətənimizin igid oğulları şəhid oldu. Bu gün biz ərazi bütövlüyümüzün bərpasına görə şəhidlərimizə borcluyuq”.

Təhsil naziri diqqətə çatdırıb ki, bu səpgidə keçirilən görüşlər uşaqları maraqlandıran sualların cavablandırılması, onların öz fikirlərini sərbəst ifadə edə bilməsi baxımından təqdirəlayiqdir. Nazirlik gələcəkdə də ardıcıl olaraq belə görüşləri keçirməyi planlaşdırır.

Tədbirdə iştirak edən şagirdlərdən əlavə, bölgələrdən olan 50-dən çox məktəbli görüşə onlayn qoşulub.

Sonra təhsil naziri şagirdlərin suallarını cavablandırıb. Məktəblilərə hədiyyələr təqdim olunub.

Tədbirin sonunda şagirdlərin ifasında “Azərbaycanım” mahnısı səsləndirilib, xatirə şəkli çəkdirilib.

 

 

Azərbaycan.-2021.- 2 iyun.- S.3.