Azərbaycan Qran-prisində pilotları gərgin və maraqlı mübarizə gözləyir

 

İyunun 4-6-da Bakı növbəti dəfə dünyanın ən populyar idman tədbirlərindən biri olan “Formula-1” yarışlarına evsahibliyi edəcək. Bunun üçün paytaxtın mərkəzi küçələrində həyata keçirilən hazırlıq işləri başa çatıb.

Əminliklə söyləmək olar ki, cari mövsümün 6-cı mərhələsi olan Azərbaycan Qran-prisində sürət həvəskarlarını möhtəşəm yarış gözləyir. Yarışların keçirildiyi şəhər treki Bakı Şəhər Halqası (BŞH) adlanır və uzunluğuna görə dünyada ikincidir. Yarış 20 müxtəlif çətinlikli döngəsi və 6 kilometrlik uzunluğu ilə 51 dövrədə tamamlanacaq.

Bakı Şəhər Halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoyublar. “Formula-1” Azərbaycan Qran-prisi “Azadlıq” meydanından start götürəcək və burada da başa çatacaq. Trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq. Trekin birinciüçüncü döngəsi pilotlara ötmə üçün əla şərait yaradacaq. Şəhər treklərində çox nadir hallarda iki uzun sürətlənmə xətti görmək olar. Üçüncü döngədən sonra pilotlar sol tərəfə - Bülbül prospektinə doğru yol alacaqlar. Onlar təxminən 240 metrlik məsafəni düz keçdikdən sonra 90 dərəcəli sağ döngə ilə qarşılaşacaqlar. Burada pilotlar Zərifə Əliyeva küçəsinə dönəcək və kiçik bucaqlı döngədən sonra 350 metr uzunluğunda məsafə qət edəcəklər.

5-ci və 6-cı döngələr pilotları Neftçilər prospektinin əks istiqamətindəki yola yönəldəcək. Bura trekin iki fərqli hissəsinin yan-yana olduğu bölmədir. Təxminən 300 metr məsafədə “Formula-1” bolidləri eyni küçədə əks istiqamətlərdə hərəkət edəcəklər, onları yalnız baryerlər ayıracaq.

7-ci döngədən sonra pilotlar Əziz Əliyev küçəsi ilə İçərişəhərin qala divarlarına tərəf yönələcəklər. Bu yolda trek qismən səki hesabına genişləndirilib. Burada bolidlər 500 metrə yaxın məsafəni ensiz küçələrdə qət edəcəklər.

Trekin 8-ci döngəsindən 12-ci döngəsinədək olan hissəsində yarış çox maraqlı anlarla yadda qalacaq. Çünki burada yol daralıb və yalnız ən sürətlə hərəkət edən bolid birinci keçəcək. 12-ci döngədən 15-ci döngəyə qədər olan hissədə, İstiqlaliyyət küçəsində bolidlər yüksək sürətlə hərəkət edəcəklər. 13-cü və 14-cü döngələr kiçik bucaqlı olduğundan buradan pilotlar, demək olar ki, əyləc sistemindən istifadə etmədən keçəcəklər. Bu küçədə pilotları Milli Elmlər Akademiyasının binası, sonra isə 15-ci döngədə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası qarşılayacaq.

12-ci döngədən 15-ci döngəyədək olan məsafə 850 metrdir. 15-ci döngəyə yaxınlaşdıqca yarışın həyəcanı daha da artacaq. Çünki bu döngədən sonra pilotları kəskin eniş gözləyir. Bu enişdə Xəzər dənizinin sahilboyu ərazilərinə tərəf gözəl mənzərə açılır. Burada 300 metr uzunluğunda ikinci xüsusi asfalt örtüyü salınıb. Trekin 16-cı döngədən düz xətt boyunca davam edən hissəsində yarışın möhtəşəm keçəcəyi gözlənilir, çünki burada sürət maksimal həddə çatacaq. Bu döngə pilotları yenidən Neftçilər prospektinə yönəldəcək.

Pilotlar yalnız 17-ci və 18-ci döngələrdə sürəti bir az azaldacaqlar. Qız qalasının yanındakı 19-cu döngədən sonra pilotlar 1500 metr məsafə qət edərək 20-ci və daha sonra yenidən 1-ci döngəyə gəlib çatacaqlar. Trekin məhz bu hissələrində bolidlərin sürətinin ən yüksək həddə - 340 km/saata çatacağı gözlənilir.

Əlavə edək ki, Bakıda trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi İçərişəhər ətrafında, 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edəcək. “Azadlıq” meydanı yarışın başlayıb bitdiyi yer olduğu üçün trekin əsas hissəsini təşkil edəcək. Burada inşa olunan Paddok arenasında yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, “Formula-1” rəhbərliyinin ofisləri, eləcə də 21 iştirakçının hər biri üçün dayanacaq tikilib. İkinci mərtəbə Paddok klubun üzvləri üçün nəzərdə tutulub. Onlar yarışı 2500-dək izləyici tutumuna malik məkandan izləyəcəklər. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını da rahatlıqla izləyə biləcəklər. Məhz bu ərazidə yarışın startı və finişi olacaq. Qaliblər isə pit binasının podium hissəsində mükafatlandırılacaqlar.

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2021.- 2 iyun.- S.5.