Azərbaycanın qətiyyətinin
və prinsipiallığının təntənəsi
Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. İkinci Qarabağ müharibəsində Azərbaycan güc yolu ilə torpaqlarını işğaldan azad etdi. 44 günlük savaş Prezident İlham Əliyevin qətiyyətinin, dövlətimizin gücünün, xalqımızın həmrəyliyinin təntənəsi oldu. Eyni zamanda təsdiq olundu ki, heç bir təzyiq və ya təhdid Azərbaycanı özünün milli maraqlarını təmin etməsindən çəkindirə bilməz.
İlham Əliyev bütün təzyiqlərin qarşısını mətinliklə aldı
Müharibə bitsə də, Ermənistandakı revanşist qruplar xəstə təfəkkürlərinə görə hələ də reallığı dərk edə bilmirlər. Xaricdəki erməni təəssübkeşləri, müəyyən siyasi mərkəzlər, dövlətlər və təşkilatlar Azərbaycanın qələbəsini həzm edə bilmirlər. Amma onların müharibənin nəticələri ilə bağlı düşüncələri, fikirləri Azərbaycan üçün tamamilə əhəmiyyətsizdir. Əsas odur ki, Azərbaycan bu savaşın qalibidir. Prezident İlham Əliyevin mayın 28-də Ağdamda dediyi kimi: “İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir. Əhəmiyyətli məsələ odur ki, bax biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq”.
Vətən savaşı günlərində Azərbaycana xaricdən çox təzyiqlər edildi. Ermənistanın müdafiəsinə qalxan siyasi mərkəzlər, dünya erməniliyi ölkəmizi öz yolundan döndərmək üçün bütün rıçaqları işə salmışdılar. Ermənistanın işğalçı siyasətinə göz yuman və öz laqeydlikləri ilə bu işğala rəvac verən ayrı-ayrı beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın uğurlu hərbi əməliyyatları başlayandan sonra atəşin dayandırılması, problemin danışıqlar masası ətrafında həlli üçün canfəşanlıq etdilər. Hətta BMT səviyyəsində Azərbaycanın maraqlarına cavab verməyən sənədin qəbuluna cəhd göstərdilər.
Lakin bunların heç biri öz haqqı uğrunda mübarizə aparan Azərbaycanın qarşısını ala bilməzdi. Bu təzyiqlərin heç biri müstəqil siyasət yürüdən İlham Əliyevi öz yolundan döndərə bilməzdi. İlham Əliyev lider qətiyyəti ilə, böyük uzaqgörənliklə bütün bu təzyiqlərə mətinliklə, qətiyyətlə sinə gərdi, Azərbaycanın haqq işinin qarşısını heç bir qüvvə ala bilmədi. Humanitar atəşkəs razılaşmalarını da Ermənistan pozdu və buna görə hər dəfə layiqli cəzasını aldı. İlham Əliyev eyni vaxtda həm döyüş cəbhəsində, həm diplomatiya, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəsinin maraqlarını inamla və qətiyyətlə müdafiə etdi. Dövlət başçısı istənilən ağır şəraitdə və taleyüklü anlarda Azərbaycanın milli maraqlarının müdafiəsinin necə təşkil edilməsi ilə bağlı şəxsi nümunə ortaya qoydu.
Ermənistanın təəssübkeşləri proseslərdən kənar qalıblar
Azərbaycan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 28 il aparılan danışıqlar prosesinə hər zaman sadiq olaraq münaqişənin sülh yolu ilə həllinə çalışdı. Danışıqlarda isə beynəlxalq hüquq həmişə Azərbaycanın tərəfində olub. Sovet hakimiyyətinin vilayət kimi yaratdığı Dağlıq Qarabağın ərazisi Azərbaycanın tarixi torpaqlarıdır və həmişə də ölkəmizin tərkibində olub. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Dağlıq Qarabağ bütün dünya tərəfindən Azərbaycanın ərazisi kimi tanınıb. Daha sonra BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistanın qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması tələb olunub. Bundan əlavə, bütün beynəlxalq təşkilatların müvafiq sənədlərində Azərbaycanın ərazi bütövlüyü məsələsi tam təsbit edilib.
ATƏT-in Minsk qrupu da formalaşdırılanda öz fəaliyyətində beynəlxalq hüquqa əsaslanmışdı. Lakin 28 ildə Minsk qrupu öz mandatına uyğun fəaliyyət göstərə, münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi, beynəlxalq hüququn tələblərini təmin etməkdən uzaq oldu. Buna görə Ermənistanın hərbi aqressiyası daha da artdı və nəticədə Azərbaycan problemi təkbaşına yoluna qoydu, beynəlxalq hüququn tələblərini güc yolu ilə təmin etdi. “Qırx dörd günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün” - deyə Prezident İlham Əliyev bu barədə bildirib.
Zamanında fəallıq göstərməyənlər, Ermənistana qarşı kəsərli təsir mexanizmlərini tətbiq etməyənlər, işğalçıya “dur” deməyənlər bu gün də Ermənistanın maraqlarının ifadəçisi kimi çıxış etməyə cəhd göstərirlər. Məsələn, Fransa prezidenti E.Makron bu günlərdə bildirib ki, Fransa Ermənistan və Azərbaycan arasında sülhün bərpasına və dialoqun inkişafına yardım edəcək. Əlbəttə, 30 ilə yaxın işğal dövründə münaqişənin həlli üçün bir addım belə atmayan, müharibə günlərində vasitəçilk mandatını tamamilə unudan, aşkar şəkildə Ermənistanı müdafiə edən ölkənin rəhbəri öz açıqlamasının səmimiliyinə, yəqin ki, özü də inanmır. Digər tərəfdən Ermənistanı müdafiə edərək buna yönəlik açıqlamalar verən prezident hansı sülhün bərpasına yardım edə bilər?
Bu gün regionda müharibədən sonra yaranan reallıqlar fonunda yeniliklər baş verir. Prezident İlham Əliyev bir neçə gün əvvəl Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunu qəbul edərkən Zəngəzur dəhlizi ilə bağlı bildirdi ki, Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup çərçivəsində bu məsələ müzakirə edilir və yaxşı nəticələr də var.
Ermənistanın üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa yolu yoxdur. Cənubi Qafqazda yaranmış yeni reallıqlar, üçtərəfli görüşlər fonunda artıq dialoq mövcuddur. Amma Fransa kimi dövlətlərə bu prosesdə yer yoxdur. Azərbaycanın yaratdığı reallıq onları bu prosesdən uzaq qoyub.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2021.- 3 iyun.- S.1;4.