Sürətin Azərbaycan zirvəsi
Bakı “Formula-1”in
cari mövsümdə 6-cı mərhələsinə
evsahibliyi edəcək
“Formula-1” yarışlarının təşkilində nümunə göstərən Azərbaycan builki turnir də daxil olmaqla, daha üç il planetin sürət paytaxtı olacaq. 2016-cı ildən etibarən ölkəmizdə keçirilən “Formula-1” qran-prisi həm ölkəmizin tanıdılmasına, həm də iqtisadiyyatın inkişafına böyük töhfə verib. Sürət yarışı Azərbaycanın görməli və tarixi yerlərinin, istirahət-kurort imkanlarının, mükəmməl mətbəx və gözəl təbiətinin təbliğində, eləcə də ölkənin xidmət sektorunun inkişafında müsbət rol oynayıb.
“Formula-1”
Azərbaycana milyonlarla
dollar gəlir gətirib
Ümumilikdə, 2016-2019-cu illərdə “Formula-1” tədbirinin
Azərbaycana ümumi
xeyri 797 milyon dollar olub. Yarış bir
sıra sahələrdə
yeni iş yerləri yaratmaqla yanaşı, həm illik, həm də mövsümi məşğulluğu artırır.
Belə ki, bu yarışlarla bağlı ölkədə
minlərlə qısamüddətli
və ortamüddətli
iş yeri yaranmış, yarışların
keçirildiyi vaxt köməkçi işlərə
çoxlu sayda könüllü cəlb olunmuşdur.
İdmanın bu növünün özünəməxsus azarkeş
ordusu olsa da, “Formula-1” ölkəmiz
üçün yenidir. Azərbaycan qran-prisinin
təşkilatçısı olan Bakı Şəhər Halqası
Əməliyyat Şirkətinin
uğurlu təbliğat
kampaniyası ölkəmizdə
“Formula-1” idmanını sevənlərin
sayını artırıb.
Azərbaycanın təbliğini
qarşıya məqsəd
qoyan Əməliyyat Şirkəti turistlərin
ölkəmizə cəlb
edilməsinə nail oldu.
Ölkəmizdə keçirilən son dörd
yarış ərəfəsində
paytaxtda hotellərin dolu olması yarışın iqtisadi baxımdan mühüm rol oynadığını
nümayiş etdirdi. Auditoriyasına
görə futbol üzrə dünya çempionatından və
Olimpiya Oyunlarından sonra üçüncü
yerdə olan “Formula-1”
yarışına evsahibliyi
etmək, ilk növbədə,
ölkənin qüdrətindən
xəbər verir.
Azərbaycan Prezidenti İlham
Əliyev bu yarışın əhəmiyyətini
yüksək qiymətləndirərkən
deyib: “Formula-1” yarışının
keçirilməsi hər
bir ölkəyə nəsib olmur, hər bir ölkə
bu məsuliyyəti öz üzərinə götürə bilmir və çətinlik çəkir. Ancaq biz bu yarışı
uğurla keçirmişik.
“Formula-1” yarışının
Azərbaycanda keçirilməsinin
ölkəmizin dünyada
tanıdılması üçün
müstəsna əhəmiyyəti
vardır. Beş yüz
milyon tamaşaçı
auditoriyası olan bu yarışa bütün qitələrdə
baxmışlar və
şəhərimizin gözəlliyini,
insanlarımızın qonaqpərvərliyini
bütün dünya görübdür. Təsadüfi deyil ki, biz də
bunu nəzərdə
tuturduq, planlaşdırırdıq
ki, bu yarışdan
sonra ölkəmizə
gələn turistlərin
sayı dəfələrlə
artacaq və artıb. Elə ölkələr var ki, bu il
o ölkələrdən Azərbaycana
gələn turistlərin
sayı 30-40 dəfə
artıb və bu proses davam
edir”.
Bakı
treki 5-ci dəfə pilotları gözləyir
“Formula-1”
yarışlarının 2021-ci il mövsümü
23 mərhələdən ibarət
olacaq. Azərbaycan yarışların cari mövsümdə
6-cı mərhələsinə evsahibliyi edəcək.
Mövsümün ilk yarışı martın 26-da Bəhreyndə
keçirilib, son yarışı
isə noyabrın 27-də
Əbu-Dabidə təşkil
olunacaq.
Uzunluğu 6 kilometrdən bir qədər artıq olan Bakı Şəhər Halqası trekin uzunluğuna görə dünyada ikincidir. Unikal xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası elə təşkil olunub ki, yarış zamanı “Formula-1” avtomobilləri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhər Tarix-Memarlıq Qoruğunu, şəhərin müasir göydələnlərini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən Bakının ecazkar simasını görəcəklər. Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçərişəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2,2 kilometrlik dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikləri ilə yarışı canlı olaraq televiziya qarşısında izləyən “Formula-1” azarkeşləri üçün əsrarəngiz şouya çevriləcək.
Qeyd olunduğu kimi, Bakı Şəhər Halqası şəhərin düz mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən, ilk növbədə, məhz bu məqamı nəzərə almışlar. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edəcək. Start və finiş xətti Azadlıq meydanında olacaq.
71 il əvvəl başlamış sürət yarışı
“Formula-1” yarışları paytaxtımızda 2016-cı ildən bəri keçirilir. Həmin il Avropa qran-pri yarışlarının Bakı mərhələsi adlandırılan yarış iyunun 17-19-da təşkil olunmuşdur. “Formula-1”in Bakı mərhələsində tarixdə ilk dəfə 21 mərhələdən ibarət yeni mövsümdə 11 komanda və 13 fərqli ölkədən dünyanın ən məşhur pilotları birincilik uğrunda mübarizə aparmışlar. Möhtəşəm yarışda dünya çempionu adını qazanmış 5 pilot iştirak etmişdir.
“Formula-1” üzrə dünya çempionatı birnəfərlik, açıq təkərli avtomobillərin yarışıdır. Yüksək statusa malik olan bu yarışlarda sürücülər pilot, avtomobillər isə bolid adlanır. İl ərzində müxtəlif ölkələrdə “Formula-1” üzrə mərhələ yarışları, başqa sözlə, qran-prilər təşkil olunur. Dünyada geniş tamaşaçı auditoriyası yığan bu turnirlər izlənmə sayına görə yalnız Yay Olimpiya Oyunlarından və futbol üzrə dünya çempionatından geri qalır. Daha çox sürət həvəskarlarının maraq dairəsində olan “Formula-1” qran-priləri ilk vaxtlar ancaq Avropa ölkələrində keçirilsə də, hazırda dünyanı əhatə edir. Yarışları Beynəlxalq Avtomobil Federasiyası (FİA) keçirir. 1904-cü ildə Parisdə yaradılmış federasiya avtomobil idmanı üzrə təşkil olunan bütün növ yarış və tədbirlərə cavabdehdir.
“Formula-1” üzrə ilk rəsmi dünya çempionatı 1950-ci il mayın 13-də İngiltərənin Silverstoun trekində təşkil olunmuşdur. Britaniya kral ailəsinin də maraqla izlədiyi turnirdə 21 bolid qələbə uğrunda mübarizə aparmışdır. Həm təsnifat, həm də əsas mərhələdə finiş xəttinə birinci çatan “Alfa Romeo”nun italiyalı pilotu Cüzeppe Nino Farina “Formula-1” yarışının ilk qalibi kimi tarixə düşmüşdür. Birincilik uğrunda mübarizədə onun əsas rəqibi komanda yoldaşı, argentinalı Xuan Manuel Fanxio olmuşdur. Lakin sonralar Fanxio bu məğlubiyyətin əvəzini yetərincə çıxmışdır. Belə ki, o, karyerası ərzində 5 dəfə (1951-ci, 1954-cü, 1955-ci, 1956-cı və 1957-ci illər) dünya çempionu adını qazanmaqla rəqiblərinə aman verməmişdir.
Elçin CƏFƏROV
Azərbaycan.-2021.- 3 iyun.- S.1;7.