Azərbaycan-UNESCO münasibətlərində
yeni mərhələ
Azərbaycan mədəniyyətlərin qovuşduğu bir məkandır. Bu qədim və gözəl diyar keçmişdə də, indi də görənləri heyran edir.
Azərbaycanın tarixini və müasir inkişaf səviyyəsini, zəngin mədəniyyətini, incəsənətini, özünəməxsus milli-mədəni dəyərlərini dünyaya nümayiş etdirmək, tanıtmaq üçün mühüm addımlar atılır. Azərbaycanda son illər bir sıra mühüm layihələr həyata keçirilir, beynəlxalq tədbirlərə evsahibliyi edilir. Bu baxımdan ölkəmizin UNESCO-nun dəstəyi ilə reallaşdırdığı beynəlxalq tədbirlər də olduqca əhəmiyyətlidir.
UNESCO-nun yaranması...
Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış olan bu qurumunun - UNESCO-nun proqramının birinci maddəsində qeyd olunub: “UNESCO beynəlxalq əməkdaşlığa söykənən, elm, mədəniyyət və təhsil yolu ilə dünyamızın sülh və təhlükəsizliyini qorumaq məqsədilə qurulmuşdur”. Əsas məqsədi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək, qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etmək olan UNESCO-nun Nizamnaməsi 1945-ci il noyabrın 16-da London konfransında qəbul edilib, 1946-cı ilin 4 noyabrında 20 üzv dövlətdən ibarət qurum rəsmi fəaliyyətə başlayıb. Hazırda 195 ölkə və 10 assosiativ üzvdən ibarətdir.
1972-ci ildə UNESCO tərəfindən “Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya” qəbul olunub. 1980-ci illərin sonlarından başlayaraq UNESCO BMT-nin beynəlxalq mədəni əməkdaşlıq sahəsində xüsusi mandatına uyğun olaraq mədəniyyət sahəsində qlobal proseslər və onların yaratdığı risklərin proqnozlaşdırılması ilə bağlı informasiyanın toplanması, ümumiləşdirilməsi və müqayisəli təhlili üzrə çoxtərəfli iş həyata keçirir.
Azərbaycan-UNESCO əməkdaşlığı
Azərbaycan Respublikası UNESCO-ya 1992-ci il iyunun 3-də üzv qəbul olunub. 1993-cü ilin sonlarında Ulu Öndər Heydər Əliyev Fransa Respublikasında rəsmi səfərdə olarkən UNESCO-nun baş direktoru Federiko Mayorla görüşüb. Əməkdaşlığın genişlənməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə ediblər.
Təşkilatın nizamnaməsinə görə, üzv dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini UNESCO-nun işi ilə əlaqələndirmək üçün, ilk növbədə, Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Buna görə də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi işlər həyata keçirilib. BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı olan UNESCO ilə əməkdaşlığı genişləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev 21 fevral 1994-cü il tarixdə sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Komissiya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində yaradılıb, xarici işlər naziri onun sədri təyin edilib. Sədrə Milli Komissiyanın tərkibini müəyyənləşdirmək səlahiyyəti verilib. Sonra respublikanın müvafiq nazirlik və idarələrinin rəhbərlərindən, ziyalılardan və ictimaiyyət nümayəndələrindən ibarət Milli Komissiyanın 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılıb. 1996-cı ildə isə Azərbaycan-UNESCO arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Ümummilli Lider Heydər Əliyev “Dədə Qorqud kitabı”nın 1300 illik yubileyinin keçirilməsi ilə bağlı 1997-ci il 20 apreldə fərman imzalayıb. 1999-cu ilin 21 fevralında “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında sərəncam verilib. 2000-ci ilin 9 aprelində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçılarının və UNESCO-nun baş direktoru K.Matsuuranın iştirakı ilə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Azərbaycanın maddi və mənəvi irsinin nümunələri UNESCO-nun nadir əsərləri siyahısında...
Ötən zaman ərzində Azərbaycan-UNESCO əlaqələri xeyli genişlənib. 2005-ci il sentyabrın 15-də Prezident İlham Əliyev UNESCO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı münasibətlərin inkişaf səviyyəsini nəzərə alaraq, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi seçilib. Milli Komissiya Azərbaycanın UNESCO-dakı siyasətinin əsas istiqamətlərini müəyyənləşdirib.
Bu gün Azərbaycanla UNESCO arasında əlaqələr davamlı və dinamik şəkildə həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Fondun prezidenti Mehriban xanım Əliyeva 2004-cü ildə ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına göstərdiyi sadiqliyə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb.
Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri seçildikdən sonra bu nüfuzlu qurumla Azərbaycan Respublikası arasındakı əlaqələr daha sürətlə inkişaf etməyə başlayıb.
2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb. Beləliklə, xalqımızın qədim mədəni irsinin nadir nümunələrindən olan Azərbaycan muğamına möhtəşəm abidə ucaldılması istiqamətində məqsədyönlü işlər görülüb. Bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada Azərbaycan muğamının da UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi onun bənzərsiz sənət növü olmasının təsdiqidir.
2009-cu ilin martında Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Festivalı keçirilib. Festival çərçivəsində Beynəlxalq Elmi Simpozium, Beynəlxalq Muğam musabiqəsi və festival konsertləri silsiləsi təşkil olunub. Müsabiqəyə Türkiyə, Almaniya, İraq, Suriya, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan və Misirdən 67 iştirakçı qatılıb.
UNESCO-nun yubileylər proqramı çərçivəsində onlarca tədbir beynəlxalq səviyyədə qeyd edilib. Buna misal olaraq müxtəlif illərdə düzənlənən dünyaşöhrətli Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin, böyük alim Nəsirəddin Tusinin, şərqşünas alim Mirzə Kazımbəyin, akademik Yusif Məmmədəliyevin, məşhur rəssam, xalça ustası Lətif Kərimovun, görkəmli yazıçı Mir Cəlal Paşayevin, böyük rəssam Səttar Bəhlulzadənin və başqalarının yubiley tədbirlərini qeyd edə bilərik.
BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi və ISESCO-nun dəstəyi ilə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında mədəniyyətlərarası dialoqun inkişafının nəzərdə tutulduğu “Bakı prosesi”nin davamı çərçivəsində respublikamızda həyata keçirilən tədbirlər sırasındadır.
2013-cü il iyulun 18-də ölkəmizin UNESCO-ya üzv olmasının 20 illiyi münasibətilə Parisdə qurumun baş qərargahında UNESCO ilə Azərbaycan hökuməti arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahəsində əməkdaşlığa dair Çərçivə Sazişi imzalanıb. Tədbirdə iştirak edən Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu addımın “beynəlxalq səviyyədə başlanmış prioritet proqramlara və təşəbbüslərə dəstək verməklə UNESCO-nun ideallarının və prinsiplərinin dünyada təbliğinə töhfə verəcəyinə” əminliyini diqqətə çatdırıb.
2019-cu il iyunun 30-da UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi təşkil olundu. Dünyanın 180-dək ölkəsindən bu tədbirə 3 minə yaxın nümayəndə qatılıb.
Həmin il oktyabrın 31-də - Dünya Şəhərlər Günü münasibətilə UNESCO 48 ölkədən 66 şəhəri “yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edib. Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin və Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin səyləri nəticəsində Bakı şəhəri şəbəkənin “dizayn” tematikası üzrə siyahıya salınıb.
Azərbaycan-UNESCO münasibətlərinin inkişafında və gücləndirilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidnətləri danılmazdır. Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer alıb.
Azərbaycanın UNESCO üzrə Milli Komissiyası təşkilatın bütün prioritet istiqamətləri üzrə əməkdaşlıq etməklə, həm yerli dövlət qurumları və institutları, həm də digər dövlətlərin UNESCO üzrə milli komissiyaları ilə birlikdə çoxsaylı layihələr reallaşdırır. Ötən illər ərzində Azərbaycanın tarixi maddi-mədəni irs nümunələri olan İçərişəhər Tarixi-Memarlıq Qoruğu, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Ümumdünya Maddi-Mədəni İrs Siyahısına, həmçinin Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçaçılıq sənəti, Azərbaycan tar ifaçılıq sənəti, Qarabağ atüstü oyun ənənəsi - Çövkən, Azərbaycan kəlağayı sənəti, Lahıc misgərlik sənəti, Lavaş, Azərbaycan dolması, Kamança Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. 2017-ci ildə isə Azərbaycanın Şəki şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. UNESCO-nun nadir əsərləri sırasına Azərbaycanın maddi və mənəvi irsinin daxil edilməsi beynəlxalq əməkdaşlıq sahəsində mühüm addımlardandır.
Ölkəmizin
UNESCO ilə ən vacib fəaliyyət istiqamətlərindən
biri də erməni işğalçıları tərəfindən
dağıdılmış nadir mədəniyyət inciləri
haqqında məlumatların dünya ictimaiyyətinə
çatdırılması, eləcə də həmin abidələrin,
mədəniyyət ocaqlarının bərpası, qarət
olunub respublikadan çıxarılmış sənət əsərlərinin
qaytarılması məsələləridir.
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.-2021.- 3 iyun.- S.1;4.