Ankarada Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

 

 

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi və YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovdan ibarət nümayəndə heyəti Türkiyədə səfərdədir.

AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti iyunun 2-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edib.

Yeni Azərbaycan Partiyası adından Anıtqəbrin önünə əklil qoyulub.

Nümayəndə heyəti Anıtqəbir muzeyi ilə tanış olub, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov xatirə kitabına ürək sözlərini yazıb.

Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Ankarada AKP-nin mərkəzi qərargahında ilk olaraq Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş ilə görüşüb.

Görüşdə iki qardaş ölkənin hakim siyasi partiyaları arasında əməkdaşlıq əlaqələrinin real vəziyyəti yüksək dəyərləndirilib, perspektivlər müzakirə olunub.

Sonra Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov və Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuş YAP ilə AKP arasında əməkdaşlığa dair niyyət protokolunu imzalayıblar.

İmzalanma mərasimindən sonra YAP Sədrinin müavini Tahir Budaqov və AKP Sədrinin birinci müavini Numan Kurtulmuş birgə mətbuat konfransı keçiriblər.

Türkiyə-Azərbaycan münasibətlərini bütün dünya üçün qardaşlıq nümunəsi kimi dəyərləndirən AKP Sədrinin birinci müavini Numan Kurtulmuş deyib ki, Qarabağın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olmaqla, iki dövlət olsaq da, bir millət olduğumuzu bir daha həm azərbaycanlı qardaşlarımıza, həm də bütün dünyaya göstərdik. Törədilən soyqırımlar, bir milyondan çox günahsız insanın doğma yurdundan didərgin düşməsi və mövcud işğal ilə Azərbaycan xalqına qarşı davam edən zülmlərin aradan qaldırılması heç bir vasitəçiliklə, diplomatiksiyasi danışıqlarla mümkün olmadı.

Dünya birliyinin Xocalı soyqırımı başda olmaqla, törədilən bütün cinayətlərə və ədalətsizliklərə səssiz qaldığını təəssüf hissi ilə qeyd edən AKP Sədrinin birinci müavini Numan Kurtulmuş tarixi Zəfər münasibətilə bir daha səmimi təbriklərini çatdırıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. O deyib: “Azərbaycanın Qarabağ Zəfəri nəticəsində yaranmış mövcud vəziyyət, cəbhədə qazanılan Qələbə həm Azərbaycan, həm də Türkiyə üçün faydalı olacaq”. AKP rəsmisi diqqətə çatdırıb ki, region Azərbaycan və Türkiyənin dostluğu, qardaşlığı sayəsində sülhinkişaf mərhələsinə daxil olur. Bu bölgədə gözü olan bütün imperialist güclərin həvəs və istəklərinə baxmayaraq, gücümüzü artıraraq, dostluğumuzu qoruyaraq, imkanlarımızı səfərbər edərək bu coğrafiyada sülhün, əmin-amanlığın və tərəqqinin bərqərar olmasına nail olacağıq.

Doğma Vətən hesab etdiyimiz Türkiyədə olmaqdan, yüksək qonaqpərvərlikdən məmnunluğunu ifadə edən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, ölkələrimiz tarixdə ən uğurlu və güclü əməkdaşlıq dövrünü yaşayır. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri, ölkələrimiz arasında digər sahələrdə olduğu kimi YAP və AKP əməkdaşlıq əlaqələrinə də dinamik mərhələ yaradıb.

Mayın 4-də Türkiyənin Ədalət və İnkişaf Partiyası - Yeni Azərbaycan Partiyası əməkdaşlığı çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycan-Türkiyə, bir millət, iki dövlət: Qarabağ Zəfəri sonrası reallıqlar və uydurma erməni soyqırımı açıqlamasının regionda sülhə və sabitliyə təsirləri” mövzusunda videokonfrans keçirildiyini xatırladan YAP Sədrinin müavini Tahir Budaqov deyib: “Bu konfransda dərinməzmunlu çıxışlar oldu, gələcəkdə Azərbaycanın və Türkiyənin əməkdaşlığı, yeni şəraitə uyğun siyasətin həyata keçirilməsi üçün mühüm mesajlar verildi. BizAnkaraya səfərimizi türk dünyasının böyük oğlu, “Azərbaycanın sevincini sevinicimiz, kədəri kədərimizdir”, - ifadəsi ilə nəsillərə örnək yaradan Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət etdik”.

Çıxışlarda diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük şanlı Vətən savaşında qazandığı Qələbə bölgədə yeni vəziyyət yaradıb. Regional nəqliyyat və kommunikasiya xətlərinin bərpası sülh, əməkdaşlıq və inkişaf istəyən bütün tərəflərin maraqlarını təmin edir. Bütün tərəflər işğal faktının aradan qaldırılması nəticəsində yaranmış vəziyyəti düzgün dəyərləndirməlidir.

Zəngəzur nəqliyyat dəhlizinin əhəmiyyətini yüksək dəyərləndirən partiya rəsmiləri Türkiyənin Naxçıvana birləşəcək dəmir yolu xətti ilə Azərbaycanın digər bölgələrinə və digər türkdilli ölkələrə quru yolu ilə sərbəst çıxış əldə edəcəyini bütün region üçün əhəmiyyətli hadisə kimi dəyərləndiriblər.

Mətbuat konfransında Vətən müharibəsindən sonra Azərbaycanın yürütdüyü siyasət yüksək qiymətləndirilib. Diqqətə çatdırılıb ki, işğaldan azad edilən ərazilərdə aparılan əsaslı bərpa və yenidənqurma işləri, əhalinin doğma yurduna vahid strategiya əsasında qaytarılması istiqamətində görülən işlər nümunəvidir. Bütün bu proseslərdə Azərbaycanın və Türkiyənin atdığı birgə addımlar təqdirəlayiq, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının səmərəli əməkdaşlığı qardaşlığımızın qorunmasına böyük töhfədir.

Sonra Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Ədalət və İnkişaf Partiyası (AKP) Sədrinin beynəlxalq məsələlər üzrə müavini Əfkan Ala ilə görüşüb.

Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunduğu görüşdə YAP-AKP münasibətlərinin inkişafı, gələcəkdə hər iki partiyanın beynəlxalq əlaqələr sahəsində birgə fəaliyyət mexanizminin işlənib hazırlanması, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığa dair niyyət protokoluna uyğun olaraq, partiyaların rəhbər şəxslərinin, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətinə dair koordinasiyanın yaradılmasına dair fikir mübadiləsi aparılıb və ümumi razılıq əldə edilib.

İyunun 2-də Yeni Azərbaycan Partiyası nümayəndə heyəti Ədalət və İnkişaf Partiyası (AKP) Sədrinin müavini, Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımla görüşüb.

AKP-nin mərkəzi qərargahında dostluq şəraitində keçirilən görüşdə Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanın tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin vəziyyəti yüksək dəyərləndirilib.

Diqqətə çatdırılıb ki, dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, YAP-AKP münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edir.

Görüşdə milli ideologiyaların inkişafı, birgə sosial layihələrin işlənib hazırlanması perspektivləri, QHT və media qurumları ilə əməkdaşlıq, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığa dair niyyət protokolundan irəli gələn vəzifələrlə bağlı səmərəli fikir mübadiləsi aparılıb və ümumi razılıq əldə edilib.

Səfər çərçivəsində YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov ilə qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Gənclər qollarının sədri Eyyub Kadir İnan arasında da görüş keçirilib.

Görüşdə iki qardaş ölkənin gənclər birlikləri arasında əməkdaşlıq imkanları, tərəfdaşlıq əlaqələrinin qurulması, hər iki partiyanı təmsil edən gənclərin ölkələrimizə qarşılıqlı səfəri, intellektual inteqrasiya yolları müzakirə olunub.

Həmçinin Azərbaycanın və Türkiyənin dövlətçilik tarixindən mühüm tarixi missiya həyata keçirən YAP-ın və AKP-nin gənc üzvlərinin ictimai-siyasi proseslərdəki fəaliyyəti mühüm amil kimi dəyərləndirilib. Diqqətə çatdırılıb ki, gənclər bundan sonra da milli-mənəvi dəyərlərimizin qorunmasında, dövlətçiliyə aid bütün proseslərdə fəal olmalı, təmaslarını intensivləşdirməli, cəmiyyətlərimizdə saf imicləri ilə nümunəvi olmağı davam etdirməlidirlər.

YAP-ın və AKP-nin Gənclər birliklərinin rəhbərlərinin növbəti görüşünün Azərbaycanda keçirilməsi qərara alınıb.

Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Ankaraya səfəri çərçivəsində partiyanın və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Təftiş komissiyaları arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.

YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynovanın Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Təftiş Komissiyasının sədri Ahmet Aydın ilə görüşündə iki qardaş ölkənin hakim partiyalarının Təftiş komissiyaları arasında təcrübə mübadiləsi, gələcək əməkdaşlığın əsaslarının yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.

Diqqətə çatdırılıb ki, Azərbaycanda böyük nüfuza malik Yeni Azərbaycan Partiyası monolit təşkilat olaraq cəmiyyətin bütün təbəqələrinə nüfuz etdiyi kimi, Türkiyədə də hakim Ədalət və İnkişaf Partiyası xalqın etimadını qazanıb və onu doğrulda bilib. Bu baxımdan YAP-ın və AKP-nin Təftiş komissiyaları arasında qarşılıqlı təcrübə mübadiləsi hər iki partiyanın gələcək fəaliyyətinin daha düzgün istiqamətləndirilməsinə töhfə verə bilər.

İyunun 3-də davam edəcək səfər çərçivəsində partiya heyətlərinin digər görüşləri keçiriləcək.

 

Azərbaycan.-2021.- 3 iyun.- S.4.