İlham Əliyev Ağdamın
ruhunu özünə qaytarır
Ədalət MURADOV: “Prezident
Qarabağda nə yaradırsa, tamamilə yeni olacaq və
dünyada mövcud olan analoqlardan qat-qat yüksəkdə
dayanacaq”
Səhəri dirigözlü açmışdı...
Gecə boyu kirpiyini belə qırpmadan beynində dolaşan fikir dəryasına qərq olmuş, elə hey həyəcanla düşünmüşdü. İlahi, görəsən, necə olacaq... Ürəyi tab gətirəcəkdimi o yurdları yaralı görməyə?!.
Yol boyunca da bu narahat fikirlər beynini tərk etməmişdi... Xaçın körpülərinə yaxınlaşanda isə quş kimi çırpınan ürəyinin döyüntüsü az qala qulaqlarını batırmış, acı bir qüssə qəlbinə ox kimi sancılmışdı...
“Güllücə alınanda Xaçın körpüsündən dizin-dizin sürünərək gedəcəm kəndimizə” - deyən anasının intizarlı səsi gəlmişdi qulaqlarına... Elə o doğma səsə məhrəm olub bir quş kimi qanad açmışdı illərin o üzünə...
Ailə tablosunun bütöv olduğu, atalı-analı, bacı-qardaşlı bəxtəvər Ağdamlı günlərinə... Güllücəli xoşbəxt uşaqlıq çağlarına...
Sonra isə fikirləri dönüb-dolaşıb bir andaca düz 28 il əvvələ, Ağdamda olduğu o son məşum günə qayıtmışdı...
1993-cü ildə, Ağdamın işğal təhlükəsi yaşadığı o ağır günlərin birində o da doğulduğu Güllücəyə üz tutmuşdu. Doğma küçələrlə addımlamış, əzizləri ilə qarşılaşmaq ümidi ilə elə hey ətrafa boylanmışdı, amma...
Sonra ata yurduna, qəribsədiyi isti həniri, doğmalığı görməyə tələsmişdi... Heyhat, kəndi bürüyən daş kimi lal-sükut, soyuqluq buraya da ondan əvvəl qədəm basmışdı... İndi evlərində nə onu sevinclə qarşılayacaq bacı-qardaşları, nə də onu bağrına basacaq anası var idi... Ömrünün ən xoş illərini keçirdiyi doğma evi, kəndi suyu sovulmuş dəyirmana bənzəyirdi...
Əllərini kimsəsiz qalmış yurdun doğma daşlarında-divarlarında gəzdirmiş, əyilib torpağa sığal çəkmişdi, amma bir andaca onların tükürpərdici soyuqluğu ürəyinə qədər işləmiş, sinəsini göynətmişdi...
Və elə indi, düz 28 ildən sonra da Xaçın körpüsündə birdən-birə həmin tükürpərdici soyuqluğu canında hiss etmiş, kədərli fikirlərin basqısından üşənmişdi...
Amma burnuna dəyən tanış Vətən qoxusunu ciyərlərinə çəkərək dərindən bir ah çəkmiş, ayaqları Ağdamın müqəddəs torpağına dəydikcə özündə inanılmaz güc, qüvvət hiss etmişdi...
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovdur “Qarabağ söhbətləri”ndə...
Bu dəfə Ədalət müəllim Ağdamın keçmişinə deyil, Prezident İlham Əliyevin təməlini qoyduğu ağ gələcəyinə doğru fərəhlə qanad açdı...
Özümüzə qayıdış
- Mayın 28-də, Respublika günündə Ağdamda həyata keçirilən təməlqoyma mərasimi ürəyimdə illərdir qövr edən yaralara məlhəm çəkdi...
Qarabağımızı bizə, bizi özümüzə qaytardığı üçün Ali Baş Komandan İlham Əliyevə sonsuz təşəkkür edirəm. Bu təkcə Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi məsələsi deyil. Bu qalibiyyətin arxasında çox ciddi məqamlar, hərbi, iqtisadi, ən önəmlisi mənəvi yük var.
Qarabağın təməl daşının qoyulması Respublika günündə baş verdi və cənab Prezidentin özünün də bildirdiyi kimi, bu bir rəmzi məna daşıyırdı.
Builki Respublika günü, həm də Ağdamın Baş Planının təqdimatı və möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən yeni Ağdamın təməl daşının qoyulması ilə tarixə düşdü. Xoşbəxtəm ki, mən də bu mərasimdə iştirak etdim. Cənab Prezident vurğuladı ki, “Yeni Ağdam dünya üçün örnək olacaq”. Ağdam təsəvvür edilə bilməyəcək dərəcədə gözəl, müasir, funksional şəhər olacaq. Ağdam növbəti möcüzə olacaq...
Ağdama getməzdən bir gün əvvəl Ağcabədidə gecələdik. İnandırım ki, bizimlə yola çıxmış Ağdamın təməl daşının qoyulma mərasimində iştirak edəcək şəxslərin heç biri sabahadək yata bilmədi. Hamı səbirsizliklə ora getməyə tələsirdi.
Xaçın körpülərinə yaxınlaşanda ürəyimdə bir sıxıntı yarandı, çünki buradan doğulduğum Güllücə kəndinə cəmi 7 kilometr məsafə var idi...
Amma tam səmimi deyim ki, ondan sonra həmin ağrıları hiss etmədim. Çünki bir az irəli gedəndə Bərdə-Ağdam avtomobil yolunun çəkilişini gördük. Yəni orada görülmüş və görülməsi nəzərdə tutulan işlərin bizdə yaratdığı o müsbət emosiya, o ağrı-acılı hissləri xeyli üstələdi. Xüsusilə də Ağdamın təməl daşının qoyulmasında cənab Prezidentlə bir yerdə olmaq, sözün mütləq mənasında böyük xoşbəxtlik idi. Özümü olduqca xoşbəxt hiss edirdim...
Baxmayaraq ki, ətrafı seyr etdikcə orada salamat bir bina da görmürdüm, erməni vandalları onları tamamilə viranə qoyublar. Amma torpaq bizimdir. Düşünürəm ki, dəyərlisi də elə o torpağa sahibliyi bərpa etməkdir. Torpağa sahiblik etdikdən sonra onun üzərində dağılanların bərpa edilməsi mümkündür və düşünürəm ki, bu ən qısa zamanda baş verəcək.
İdeal baş plan
- Mayın 28-də təkcə təməlqoyma mərasimi deyil, həm də Ağdamın Baş Planının təqdimatı oldu. Buna görə də cənab Prezidentə təşəkkür edirəm ki, Ağdamın Baş Planını ilkin olaraq Ağdamın ziyalıları ilə müzakirə etdi.
Bu baş planda sanki hər bir ağdamlının fikri öyrənilib. Yəni o qədər dəqiq və incəliklə hazırlanıb ki, ora nə isə əlavə etməyə ehtiyac yoxdur, ideal baş plandır. Burada bütün incəliklər təhlil olunub. Hətta Ağdamın müxtəlif yerlərində, havanın, suyun, torpağın keyfiyyəti belə təhlil olunub ki, bu ərazidə hansı ağaclar daha yaxşı bitə bilər...
Bütövlükdə Ağdam şəhəri 100 min nəfər üçün nəzərdə tutulub. Onun ərazisi işğaldan əvvəlki ərazi ilə müqayisədə iki dəfədən çox artırılır. Yəni ilk olaraq Ağdamda bərpa işlərinə start verilməsi, Ağdamın Baş Planının təsdiq edilməsi özü də mühüm məqamdır. Bu, həm də, ilk növbədə, Cənab Prezidentin bütövlükdə Qarabağa çox böyük dəyər verdiyinin əyani nümayişidir.
Prezident Ağdamda yaşayış binasının, 1 nömrəli məktəbin, Qələbə və İşğal muzeylərinin əsasını da qoydu. Düşünürəm ki, çox qısa müddət ərzində bütün Qarabağ, o cümlədən də Ağdam bərpa olunacaq, tamamilə yeni simasını alacaq və biz də fəxarətlə deyəcəyik ki, Azərbaycan xalqı həqiqətən də qürurludur, mərddir və onun qarşısına qoyduğu vəzifə və məqsədlərə maneçilik törədə biləcək bir qüvvə yoxdur. Və elə cəmi 44 gün ərzində Qarabağın işğaldan azad olunması da bunu təsdiq edir ki, biz güclü xalq və eyni zamanda güclü rəhbəri olan xalqıq.
Ağdam
elm-təhsil, innovasiya mərkəzi olacaq
-
Ağdam həm də bir elm-təhsil, innovasiya mərkəzi
olacaq. Bu mənim ən böyük
arzularımdan biri idi və qürurla qeyd edirəm ki,
Ağdamın Baş Planında “Qarabağ” Universitetinin
yaradılması da nəzərdə tutulub. Bu,
şübhəsiz ki, təkcə Qarabağ, Azərbaycan
üçün bir universitet olmayacaq, həm də
dünyanın ən tanınmış universitetləri ilə
rəqabət apara biləcək bir ali təhsil
müəssisəsi olacaq. Əminəm ki, bu
universitet təhsil, elm və innovasiya sahəsində öz
sözünü deyəcək. Bunun üçün
bizim potensialımız da, istəyimiz də var. Eyni zamanda
ölkəmizdə və Azərbaycandan kənarda yaşayan
alim və ziyalılarımız, ən vacibi isə ölkə
rəhbərliyimizin siyasi iradəsi var. Düşünürəm
ki, bütün bunların hamısı “Qarabağ”
Universitetinin dünyanın ən öndə gedən
universitetləri ilə rəqabət apara biləcək səviyyədə
qurulması və inkişaf etməsi üçün zəmin
yaradacaq.
Professor Ədalət Muradov Ağdamda yaradılacaq
universitetlə bağlı mütəxəssis
yanaşması da ortaya qoyaraq söyləyir ki, “Qarabağ”
Ağdamda qurulacaq yeni universitetin adı olmaqla yanaşı, həm
də güclü bir universitet brendi olacaqdır.
Bu brendin
özəllikləri isə belə ola bilər: - “tələbə
mərkəzli” universitet; öyrətməyə vida edən və
öyrənməyi əsas tutan təhsil modeli; fərdi təhsil
trayektoriyası əsasında təhsil verən universitet; təhsilin
əsas keyfiyyət amili kimi hər bir təhsilalanın “təhsil
izi”; XXI əsr vərdiş, bacarıq və
kompetensiyaların formalaşmasına zəmanət verən
adaptiv təhsil modeli; distant təhsilin yaratdığı
üstünlükləri maksimal dərəcədə
reallaşdıran universitet; dünyada öndə olan
universitetlərin və tanınmış peşəkarların
potensialından bəhrələnən şəbəkə
universiteti; rəqəmsal iqtisadiyyat sahəsində
ixtisaslaşan tədris və elm mərkəzi; xətti-funksional
idarəetməni proseslərin idarəedilməsilə əvəzləyən
universitet; “Smart universitet”; Şəhid övladlarının təhsil
aldığı universitet.
Dünya
miqyaslı şəhər
Müsahibimiz deyir ki, Ağdam dünya miqyaslı bir
şəhər olacaq və dövlət
başçımızın da dediyi kimi, bənzəri olmayan
smart şəhərə çevriləcək.
- Cənab Prezidentin Qarabağın bərpası ilə
bağlı verdiyi sərəncamlardan biri də məhz
Qarabağ Dirçəliş Fondunun yaradılmasıdır. Qısa
müddət ərzində fondun müşahidə
şurası da formalaşdı ki, mən də həmin
müşahidə şurasının üzvüyəm.
Artıq bu fondun fəaliyyət planı
hazırlanıb, icraçı direktoru təyin olunub. Qarabağ Dirçəliş Fondu Qarabağın bərpasında
çox yaxından iştirak etmək iddiasındadır.
Düşünürəm ki, bu fondun
potensialı yetər ki, Qarabağda yeniliklərə imza
atsın. Təbii ki, burada söhbət
Qarabağda dağılmış evlərin yerində yenilərini
tikməkdən, infrastrukturun bərpasından, sənaye müəssisələrinin
yaradılmasından getmir. Söhbət
burada həmin işlərin artıq keyfiyyətcə tamamilə
yeni bir səviyyədə görülməsindən gedir.
Bu baxımdan düşünürəm ki, əsası
qoyulan Sənaye Məhəlləsi Ağdamda, Qarabağda
innovativ inkişafın əsası olacaq. Çünki
cənab Prezident bütövlükdə ölkəmizdə,
xüsusilə Qarabağda rəqəmsallaşmanı önə
çəkir. Bu baxımdan Qarabağ, həm
də Azərbaycanın gələcək iqtisadi
inkişafı baxımından önəm kəsb edən rəqəmsal
iqtisadiyyat modelinin sınaq meydanı olacaq. Düşünürəm ki, orada qurulacaq rəqəmsal
iqtisadiyyat bütün ölkənin lokomotivi olacaq. Prezident İlham Əliyev Qarabağda nə
yaradırsa, tamamilə yeni olacaq və bu yeniliklər
dünyada mövcud olan analoqlardan qat-qat yüksəkdə
dayanacaq.
Yeni idarəetmə
fəlsəfəsi
-
Qarabağda tətbiq olunacaq “ağıllı” kənd,
“ağıllı” şəhər (“smart” kənd, “smart” şəhər)
haqqında çox danışırıq. Amma
deməliyik ki, bunlar tutaq ki, təkcə işıqların tənzimlənməsi,
zibil qutularının dolması ilə bağlı xəbərin
ötürülməsi, havanın çirkliliyinin göstərilməsi
ilə əlaqədar deyil.
Bu, yeni idarəetmə fəlsəfəsidir və cənab
Prezidentin idarəetməsinin özəyində duran məsələdir. “Smart” kənd,
“smart” şəhər ilk öncə demokratik idarəetməni
təmin edir. Artıq burada yuxarıdan
diktat prinsipi özünü doğrultmur. Yəni,
müxtəlif icra, dövlət orqanlarının
koordinasiyası olmadan, “smart” kənd, “smart” şəhərin
idarə edilməsi mükün deyil. Burada
koordinasiya, əlaqə olmalıdır. Şübhəsiz,
“smart” şəhər, “smart” kənd həm də biznesin
inkişafını tələb edir. Çünki
onların idarə edilməsi biznesin əsasında
qurulmalıdır. Əvvəlcə onların dövlət
vəsaiti hesabına qurulması həyata keçirilə bilər,
amma “smart” kənd, “smart” şəhərin idarə edilməsi
şübhəsiz, vəsait tələb edir ki, bu da həmin
vəsaitin qazanılması üçün əlverişli
biznes mühitini yaradır.
Bütövlükdə, “ağıllı” kənd,
“ağıllı” şəhər özlüyündə cənab
Prezidentin siyasətini əks etdirən, bütün o dəyərləri
özündə ehtiva edən, dünya miqyasında yeni-yeni tətbiq
edilməyə başlayan modeldir. Bu model 100 faiz şəffaflığı
təmin edir və burada qərarlar süni intellektin
topladığı məlumatlara əsasən verilir... Verilən
qərarlar da düzgün məlumatlara əsaslandığı
üçün nəticə də yüksək olur...
Evlər
sökülüb, ağaclar məhv edilib, torpaq yandırılıb...
- Onu deməyə
bilmərəm ki, Ağdamda gördüklərim, işğal
dövründə burada törədilən vəhşiliklər
erməni faşizminə nifrətimi sonsuz artırdı. Yəni bu, sözlə ifadə edilə bilinməyəcək
bir mənzərədir. Binalar sökülüb
aparılıb, ağaclar məhv edilib, torpaq
yandırılıb...
Amma bununla yanaşı, öz xalqıma məhəbbətim
də sonsuz oldu ki, Azərbaycan xalqı heç zaman erməni
vandallarının törətdiklərini edə biləcək
xalq deyil. Azərbaycan
xalqının daxilində oturmuş, mənəvi prinsiplər,
dəyərlər heç zaman ermənilərin törətdikləri
əməllərə yol verməzdi...
Cənab
Prezident də Ağdamdakı çıxışında bu məqamı
vurğuladı ki, biz hətta müharibə aparanda belə
mülki əhaliyə zərər verməmək
üçün əlimizdən gələni etdik və onun nəticəsində
də mülki erməni əhalisi olduqca az
sayda zərər görmüş oldu. Bu baxımdan da
şübhəsiz ki, Azərbaycan xalqı fərqli və
çox dəyərli xalqdır...
Torpaqdan
pay ola bilməz
- Ali
Baş Komandanın 44 günlük müharibə ərzində
əsas şüarı o idi ki, “Qarabağ Azərbaycandır!”
Həqiqətən də o zaman bütün Azərbaycanın
gözü Qarabağda idi və bu, indi də belədir...
Buna görə də Qarabağı orada yaşayanlar
daha çox sevir deməzdim. Sadəcə
onların ruhu, xoşbəxt illəri, valideynli günləri,
qayğısız uşaqlıqları oradadır. Onlar
hansısa başqa bir rayonda torpaq alıb ev
tikə, hər cür şərait yarada bilərlər, amma
ora onlar üçün Qarabağ deyil! Qarabağı fərqli
edən, onun mühiti, havası, suyudur...
Əvvəl elə sizin qəzetə verdiyim müsahibəmdə
də demişdim ki, Ağdam, döğulduğum kənd mənim
üçün bütöv ailə tablosudur. Mən orada
ata-anam, bacı-qardaşımla birgə olmuşam. Buna görə
də özüm üçün Ağdamdan başqa xoşbəxt
dünya təsəvvür edə bilmirəm...
Bütün ağdamlılar üçün bu belədir
və onlar tezliklə doğma yurda qayıtmaq həsrəti ilə
yaşayırlar. Və artıq qayıdış üçün təməl
də atılıb...
Bu xoşbəxtliyə görə bütün azərbaycanlılar
kimi, ağdamlılar da Ulu Öndərə borcludurlar. Çünki
Ulu Öndər siyasətinin uğurla davam etdirilməsi, cənab
Prezidentin Qarabağın işğaldan azad edilməsi
missiyasını reallaşdırması itmiş ümidlərimizi
geri qaytardı.
Bizi daha da qürurlandırdı. Göstərdi ki, torpaqdan
pay ola bilməz. Bizim dəyər
verdiyimiz o torpaq Vətəndir. Vətən
isə içimizdə olan mənəvi ruh toplumudur. Bunu heç yerdən almaq olmaz. Mən
azərbaycanlıyam, burada yaşayıram, bura mənim vətənimdir,
amma Ağdamda o torpağın üstündə duranda
aldığım hiss tamam fərqlidir. Sanki
o torpaqda daha çox enerji əldə edirəm.
Ağdamda
olanda oradakı havanın iyi uşaqlıq illərimin qoxusunu
gətirdi burnuma...
O
torpağa ayaq basanda özümü çox güclü hiss
etdim...
- Mən
Ağdamın torpağına ayaq basanda özümü
çox güclü hiss etdim. Şübhəsiz,
burada Prezident faktoru həlledicidir. Birincisi onun
iştirakı ilə Ağdamın təməl
daşının qoyulmasında iştirak edirsən... Bu da hər
birimizdə o əminliyi yaradırdı ki, Ağdam bərpa
olunacaq və əvvəlkindən də qat-qat gözəl
Ağdam olacaq...
Mayın 28-də cənab Prezident Ağdama təməlqoyma
mərasiminə çox yüksək əhvali-ruhiyyə ilə
gəldi, orada iştirak etdi, bütün ağdamlılarla,
oradakı ziyalılarla səmimi söhbət etdi. Dövlət
başçısını yola salanda da hər kəsdə
böyük ruh yüksəkliyi var idi. Deyərdim
ki, gələcəkdə bizi gözləyən uğurun əsası
da elə bu ruhdur. Buna görə də çox xoşbəxtik
ki, İlham Əliyev Ağdamın ruhunu özünə
qaytarır...
Cənab
Prezident Qarabağın bərpa olunmasını hər kəsdən
çox istəyir və əminəm ki, bunu da tezliklə həyata
keçirərək növbəti möcüzəyə imza
atacaq...
İllər,
onilliklər, yüzilliklər keçəcək, nəsillər
dəyişəcək, Ağdam bərpa olunacaq, inkişaf edəcək,
dəyişəcək...
Dəyişməyən
isə yeganə bir şey olacaq: Azərbaycanın Müzəffər
Ali Baş Komandanının yazdığı tarix! İllər
keçdikcə, tarixdə bu zəfəri yazmış şəxsiyyətin
adı böyüyəcək, parıltısı artacaq və
heç zaman dəyişməyəcək...
Şübhəsiz ki, Qarabağdan danışarkən
şəhidlərimizi anmaya bilmərik. Onların hər
birinə Ulu Tanrıdan rəhmət diləyirəm.
Ruhları qarşısında baş əyir, qazilərimizə
də möhkəm cansağlığı arzulayıram...
Ana Vətənin
cənnət qoxusu
Bəli,
bu da taleyin bir bəxtəvər qismətidir ki, daha
Qarabağla bağlı yazılarımızdan özləm, qəhər,
qüssə boylanmır... Sadəcə bu xoşbəxt
günləri Vətən həsrəti ilə dünyadan
köçən əzizlərimizin görməməsidir bizləri
üzən...
Elə
Ədalət müəllimin də qəhəri
anasının ən böyük arzusunun yerinə yetdiyini
görmədən həyatla vidalaşması idi... Axı o, əllərini
açıb Güllücənin azad olunması
üçün Tanrıya dualar etmiş, əhd etmişdi ki,
o zaman doğma torpağına dizin-dizin sürünərək
gedəcək... Amma təəssüf ki, bu günləri
görmək nəsibinə yazılmayıbmış...
Amma budur, yaddaşında həmin
ağrı-acıların, qüssəli hadisələrin
özü xatirəyə çevrilməyə
başlayır. Yenə Ağdama, kəndləri Güllücəyə
gedir. İnsanlarla qaynayıb daşan tanış
küçələrdən keçir, evlərin pəncərələrindən
ucalan şən-şaqraq gülüşlər gəlir
qulağına, doqqazlarına yaxınlaşır, intizarla onun
yolunu gözləyən anasının qollarına
atılır...
Əsən
ilıq yaz küləyi burnuna yenicə çiçəkləmiş
albalı ağaclarının ətrini gətirir...
Ana Vətənin
cənnət qoxusunu ciyərlərinə çəkib dərindən
bir ah çəkir...
Yasəmən MUSAYEVA
Azərbaycan.-2021.- 3 iyun.- S.5.