Azərbaycanın Cənubi Qafqazdakı liderliyinə verilən qiymətin təzahürü

 

 

Həyata keçirdiyi məqsədyönlü siyasət, dünyada aktual problemlərin həllinə verdiyi töhfələr, regionda həyata keçirdiyi layihələr Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə, beynəlxalq miqyasda isə söz sahibinə çevirib.

Dünyanın böyük siyasi və iqtisadi dairələri Azərbaycanın regiondakı liderliyini və qlobal siyasətdə rolunu daim yüksək qiymətləndirmişlər. İyun ayının 2-də Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si CinpinAvropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon söhbətləri zamanı səslənən fikirlər bir daha bunları təsdiqləyir.

 

 

 

Si Cinpin: “Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz

 

 

 

Azərbaycanla Çin Xalq Respublikası arasında əlaqələr dostluğa, qarşılıqlı etimada və çoxşaxəli tərəfdaşlığa əsaslanmaqla yüksək inkişaf dinamikası ilə seçilir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin mart ayında ÇXR-ə rəsmi səfəri ilə əsası qoyulmuş yüksəksəviyyəli siyasi dialoqun Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində sonrakı dövrdə ikitərəfli əlaqələr  keyfiyyətcə yeni mərhələyə yüksəlib. Azərbaycan və Çin bir-birinin milli maraqlarına daim qarşılıqlı dəstək nümayiş etdiriblər.

Belə ki, Azərbaycan ÇininVahid Çin” siyasətini, Çin isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını daim dəstəkləyib. Bu ölkə Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq həllinə tərəfdar idi.

İki ölkənin bir-birinə göstərdiyi yüksək dəstək dünyanın əsas iqtisadi mərkəzlərindən olan Çinin hər zaman Azərbaycana qarşı isti münasibətləri ilə müşahidə olunur. 2019-cu ildə Prezident İlham Əliyevin Çinə səfəri zamanı Si Cinpin demişdi: “Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram”. Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyətinə, qlobal siyasətdə yerinə və roluna verilən önəmli qiymətin təzahürü idi.

Qeyd edək ki, Çin tərəfindən irəli sürülmüş “Bir kəmər bir yol” təşəbbüsü ikitərəfli münasibətlərin genişləndirilməsinə və dərinləşməsinə yeni imkanlar yaradıb və Azərbaycan bu məsələdə Çinin əsas tərəfdaşlarından biridir.

 

 

 

Çinlə əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək

 

 

İki ölkə rəhbərinin iyunun 2-də apardıqları telefon söhbəti bir daha Azərbaycan və Çin arasında olan həqiqi dostluğun, fəal siyasi dialoqun təsdiqi oldu. Məlumdur ki, pandemiya ilə mübarizə zamanı Çin dünyada vaksin çatışmazlığı şəraitində Azərbaycanla əlaqələrə sadiq olaraq ölkəmizə vaksin idxal etdi, çinli mütəxəssislər ölkəmizə gəldilər. Söhbət zamanı dövlət rəhbərləri COVID-19 pandemiyası dövründə Azərbaycan və Çinin həqiqi dostluq nümayiş etdirərək, çətinliklərin öhdəsindən gəldiklərini və bir-birini dəstəklədiklərini məmnunluqla qeyd ediblər. Prezident İlham Əliyev COVID-19 pandemiyası ilə mübarizədə dəstəyə görə ÇXR Sədrinə təşəkkürünü bildirib. Qeyd olunub ki, Azərbaycan və Çin siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurla əməkdaşlıq edirlər. Dövlətimizin başçısı Azərbaycanın Çinlə əlaqələri daha da möhkəmləndirməyə hazır olduğunu qeyd edibÇin şirkətlərinin Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsini alqışlayıb.

ÇXR sədri Si Cinpinin münasibətlərin yeni tarixi mərhələnin astanasında olduğu, hər iki ölkənin ənənəvi dostluğu inkişaf etdirməsi, əməkdaşlığı dərinləşdirməsi və qarşılıqlı dəstəyi artırması, habelə Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğuÇinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyi barədə fikirləri Azərbaycanın regiondadünyada çəkisi, nüfuzu və önəminə verilən qiymətdir. Si Cinpinin Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu daha da təşviq etməyə, infrastruktur layihələri çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirməsi güclü iqtisadi inkişafa, əlverişli investisiya mühitinə malik olan Azərbaycana marağın ifadəsidir.

Azərbaycan “Bir kəmər bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olaraq, reallaşdırdığı irimiqyasylı nəqliyyat-infrastruktur layihələri ilə bu təşəbbüsün həyata keçirilməsinə öz əhəmiyyətli töhfəsini verib. Hazırda isə yeni yaradılacaq Zəngəzur dəhlizi ilə Azərbaycan Çindən Qərbə və əksinə yükdaşımalar üçün qısa və əlverişli alternativ marşrut təqdim edir ki, bu da Çin daxil olmaqla marşrut boyu ölkələrin maraqlarına xidmət edir.

Görünən odur ki, Azərbaycanla Çin arasında əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək. Dövlət rəhbərlərinin telefon söhbət əsnasında da iki ölkənin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq etmək üçün birgə səylər göstərməyə hazır olduğu qeyd edilib.

 

 

 

Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir

 

 

 

Qlobal güc mərkəzlərindən biri olan Avropa İttifaqı da Azərbaycanın ən vacib tərəfdaşlarından biridir. Təsadüfi deyil ki, Aİ-yə üzv dövlətlərin üçdəbir hissəsi ilə Azərbaycan arasında strateji tərəfdaşlıq adlanan sənədlər və bəyannamələr imzalanıb. Respublikamızın ticarət dövriyyəsinin yarısından çoxu Aİ-nin payına düşür. Aİ hər zaman Azərbaycanın enerji layihələrinə böyük dəstək veribbu sahədə fəal və səmərəli əməkdaşlıq mövcuddur.

Bir məsələni də qeyd edək ki, Aİ artıq həllini tapmış Dağlıq Qarabağ məsələsində balanslı siyasət həyata keçirib. Bu təşkilat 44 günlük müharibə dövründə də eyni mövqe tutdu. Aİ üzvlərindən yalnız Fransa ermənipərəst mövqe nümayiş etdirdi. Əlbəttə, bunun Azərbaycan üçün əhəmiyyəti yoxdur. Çünki Fransanın nə deməyindən asılı olmayaraq Azərbaycan öz milli marağını təmin etdi və 44 günlük müharibənin qalibidir.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə Ermənistanın baş naziri N.Paşinyanın Brüsselə səfəri zamanı zəng etməsi də bu təşkilatın balanslı mövqeyinin göstəricisidir.

Telefon söhbəti zamanı Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu. Hər iki tərəf bu əməkdaşlığa böyük əhəmiyyət verdiklərini açıqladılar. Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, “Cənub qaz dəhlizi” layihəsinin başa çatması məmnuniyyətlə qeyd edildi.

Aİ Şurasının prezidenti Şarl Mişelin bu təşkilatın Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirməsi də pozitiv məqamlardan biridir. Deməli, Aİ Azərbaycanın regionda yaratıdğı yeni reallıqları görür, qəbul edirbu prosesə töhfə vermək niyyətində olduğunu gizlətmir.

Bütövlükdə, Azərbaycan Prezidenti İlham Əliyevin həm Çin dövlət başçısı, həm Aİ Şurasının prezidenti ilə telefon söhbəti Azərbaycana olan yüksək beynəlxalq etimadın növbəti təsdiqi idi. Bütün bunlar bir daha göstərdi ki, dünyanın güc mərkəzləri İlham Əliyevin beynəlxalq əməkdaşlığa töhfələrini, təşəbbüslərini və liderliyini yüksək qiymətləndirirlər.

 

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2021.- 4 iyun.- S.1;6.