Əmin-amanlıq bəşəriyyətin ən çox arzu etdiyi dəyərdir

 

Təəssüf ki, son 10 ildə müharibə bölgələrində 2 milyona yaxın uşaq qətlə yetirilib

 

 

 

Tarixən uşaqlar heç də həmişə xoşbəxt olmayıblar. Bəzən ailədəki adi bir problemin üstündə yaradılan yersiz söz-söhbətlər və nəticədə qaçılmaz olan boşanmalar, bəzən də münaqişə və müharibələrin gətirdiyi bəlalar onların işıqlı dünyasını zülmətə çevirib.

Uşaqların  müdafiəsi ilə bağlı qəbul edilən qərarlar isə bəzən uğurlu olmur. Beynəlxalq səviyyəli qərarlardan biri 1982-ci il 4 iyun tarixində Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar qəbul edilib.

Sülhün carçıları - gələcəyimiz olan uşaqlar daim açıq səma altında azad, əmin-amanlıq şəraitində, atalı-analı yaşamaq arzusunda olublar. Çox təəssüf ki, bu gün də dünyanın bəzi yerlərində münaqişələr davam etməkdə, torpaqlar qan çanağında boğulmaqda, günahsız uşaqlar isə odsaçan silahların qurbanlarına çevrilməkdədirlər.

Şükürlər olsun ki, 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin 20 faizdən çox hissəsini işğalda saxlayan Ermənistan ötən il 44 günlük Vətən müharibəsində xalqımızın və dövlətimizin gücünü real şəkildə hiss etdi. Şanlı Qələbə ilə ərazilərimiz işğaldan azad edildi. Müzəffər Ordumuz Ali Baş Komandanın əmri ilə ölüm-dirim savaşına atılaraq düşmənə layiqli cavab verdi, bölgəyə sülh gətirdi. Lakin çirkin niyyətli Ermənistanın xalqımıza, xüsusən də dinc vətəndaşlarımıza, o cümlədən körpə balalarauşaqlara etdiyi təcavüz, terror heç vaxt yaddan çıxmayacaq. Bu münaqişədə minlərlə günahsız təcavüzün qurbanına çevrildi.

Uşaq qatilləri kimi tanınan daşnak erməni vandalları 4 iyul 2017-ci ildə Füzuli rayonunun Alxanlı kəndini hədəf seçərək orada dinc sakinləri iriçaplı pulemyotlardan atəşə tutdular. İki nəfər qətlə yetirildi, biri isə ağır yaralandı. Bu acı xəbərdən sonra tele-ekranlardan izlənilən bir şəkil ürəkləri dağladı, sinələri göynətdi: ikiyaşlı Zəhra nənəsi Sahibənin qucağında idi. Zəhranın şirin olduğu qədər də qısa ömrünün son dəqiqələrindən qalan yadigar isə onun bir tay başmağıdır. Yenicə ayaq açmağa başlayan körpə xain düşmənin gülləsinin qurbanı oldu.

 

 

 

Fransız səyyah daşnakları olduğu kimi tanıdıb

 

 

 Erməni daşnaklarının faşist xislətli olmalarını dünya xalqları da bilir. Fransız səyyah De Şole daşnakları belə ifadə edib: “Ermənilərin yoxsulluğunun və əzab-əziyyət çəkməsinin məndə onlara qarşı böyük rəhm yaratmasına baxmayaraq, haramzadəliyi, kələkbazlığı o dərəcədə iyrənc, alçaqlıqları o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, heç vaxt onlara bağlana bilmədim”.

 “Ermənilərin anası” adlandırılan Silva Kaputikyan ötən əsrin sonlarında öz qaragüruhçu kütləsi qarşısında çıxış edərək bir məsələni daha çox qabardırdı: “Sən türk öldürməkdən qürur duymalısan!”

Başqa bir şovinist Vazgen Arutunyan isə “türk öldürməyən erməni öz əli ilə özünü öldürsündeyirdi. Zori Balayanın mənfur ideologiyanın təbliği olanOcaq” kitabı ilə erməniləri türklərə qarşı tükürpədici müharibəyə çağırması da danılmaz faktlardandır.

Qarabağda münaqişə başlayandan elə bölgə və kəndlərimiz olmadı ki, orada ilk şəhidlərimiz körpələr olmasın. Kəlbəcərin 8 məktəb yaşlı oğlan uşağının da 20 iyul 1989-cu il tarixdə qismətinə ilk şəhidlik payı düşdü...

...1992-ci ilin qışı Qarabağa, onun başıbəlalı Xocalısına qarlı-boranlı, qanlı-qadalı gəlmişdi. Xocalıdan gecə ikən canlarını qurtarmaq üçün qaçmağa çalışanların arasında uşaqlar da az deyildi. O müdhiş gecədən “sağ” çıxan, Respublika Təcili Yardım Xəstəxanasında müalicə olunan Xocalı uşaqlarından beşyaşlı Ramil Həsənov deyirdi ki, ermənilərin əlindən qaçıb bir neçə gün meşədə ac-susuz və yarıçılpaq qalıblar. Dörd yaşlı Vüsalə ilə bir yaşlı Xəyalənin anası Sənəm Abdullayevanın söylədikləri isə dəhşətli idi: “Bir gün meşədə qaldıqdan sonra ermənilər bizi tapıb Əsgərana gətirdilər. Anamı, atamı və 16 yaşlı bacımı meşədə güllələdilər. Mənə dəhşətli işgəncələr verdilər. Sonra bizi su doldurulmuş zirzəmiyə saldılar. Suda boğulmamaları üçün uşaqları bir gün qollarımda saxlamışdım...”

On aylıq Salatın Əhmədovanın anasının dediklərindən: “...Ermənilər atəş aça-aça meşəyə yaxınlaşırdı. Bir gün ac qalan dörd aylıq Salatınımı sinəmə sıxdım ki, murdarların əlinə keçməsin. Əllərimlə balamı boğdum...”

Cəmil Cümşüd oğlu Məmmədov o dəhşətli gecədə uşaqların çəkdiyi zülm-zillətdən söz aça bilmir, dodaqları titrəyirdi: “Beş yaşlı nəvəmi götürüb meşəyə qaçdım. Bir sutka qarın altında qaldıq. Körpənin donmaması üçün paltarlarımı soyunub uşağı bükmüşdüm. Artıq taqətim qalmamışdı. Özüm donurdum. Naxçıvanik kəndinə gedib çıxdıq. Dedim ki, məni öldürsünlər, amma nəvəmə rəhm etsinlər. Məni təhqir edib komendanta təhvil verdilər. O isə əmr verdi ki, bizi tövləyə salsınlar. 4 gün tövlədə qaldıq. Burada qız-gəlin, körpələr, uşaqlar o qədər idi ki, heç birini salamat buraxmadılar...”

 

 

 

Ömürləri müharibəyə qurban edilənlər

 

 

Azərbaycana qarşı aparılan elan olunmamış müharibədə Ermənistan tərəfindən törədilən soyqırımı və beynəlxalq hüquq normalarına zidd digər cinayət əməlləri uşaqları da əhatə edib. Mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi Ermənistanın yürütdüyü terrorçu dövlət  siyasətinin tərkib hissəsidir. Münaqişə zamanı 193 azərbaycanlı uşaq ermənilər tərəfindən qətlə yetirilib, 71-i itkin düşüb, 29-u  isə girovluqdadır. Təkcə Xocalı soyqırımı nəticəsində qətlə yetirilənlərin 76-sı uşaq olub. Bu amansız soyqırımı zamanı 155 uşaq birya hər iki valideynini itirib. Ermənistan silahlıları tərəfindən 1992-ci il fevralın 17-də törədilən faciədə səkkizi məktəbli olmaqla, 91 nəfər dinc sakin qətlə yetirilib, 146 uşaq yetim qalıb. Hərbi təcavüz nəticəsində öz doğma torpaqlarından qovulan bir milyondan artıq sakinin 300 mindən çoxu uşaq idi. Bunlar uşaqlığı zorla əlindən alınanlar, ömürlərinin ən gözəl, qayğısız çağları müharibəyə qurban edilənlərdir.

1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki şəxslər, o cümlədən uşaqlar hələ də yaralanır və qətlə yetirilirdi. Təkcə son illərdə 34 uşaq erməni terrorunun qurbanına çevrilib. İki yaşlı Zəhra Quliyevanın, doqquz yaşlı Fariz Bədəlovun və daha neçə-neçə azyaşlının amansız qətli Ermənistanın uşaq qatili olduğunu bir daha təsdiqləyir.

 

 

 

Gəncə terroruuşaq qatilləri

 

 

 

Təcavüzkar Ermənistanın insan, xüsusilə uşaq qatili olması yalnız yuxarıda xatırladılanlar deyil. Ötən il daşnakların Azərbaycanın Tovuz, Gəncə, Bərdə, Tərtər, Mingəçevir şəhərlərini Ermənistan ərazisindən raket atəşinə tutması nəticəsində həlak olanların arasında da xeyli azyaşlı vardı. Gəncənin 5 dəfə raket atəşinə tutulması nəticəsində 3 azyaşlı  həlak oldu, 2 uşaq  isə itkin düşdü. Belə ki 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ağır artilleriya silahlarından atəşə tutması nəticəsində 13 nəfər həlak oldu, 48 nəfər isə ağır yaralandı. Həlak olmuş şəxslərdən 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlı, yaralanan 48 nəfərdən isə 23-ü kişi, 20-si qadın, 5-i  uşaq idi.

İlk hücum 4 oktyabrda baş verdi və 1 mülki şəxsin - Əliyev Tunar Qoşqar oğlunun şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələndi. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş verdi. Bu zaman 3 mülki şəxs yaralandı. Dördüncü raket hücumu isə 11 oktyabrda  oldu ki, nəticədə 10 mülki şəxs şəhid oldu, 40-dan çox insan yaralandı. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş verdi. Həmin hücum nəticəsində hamısı mülki şəxs olmaqla, 16 nəfər şəhid oldu, 55 nəfər isə yaralandı.

Ümumiyyətlə, Gəncədə Ermənistanın törətdiyi qanlı terror nəticəsində xeyli uşaq  həm  həlak oldu, həm də çoxu ata-anasını itirdi.

Dünyada son illər 2 milyondan çox uşaq döyüş bölgələrində məhv edilib, 4 milyon uşaq isə şikəstə çevrilib. 70-dən çox ölkədə aşkar edilən 60 milyondan artıq minanın da əsas qurbanları məhz uşaq və yeniyetmələrdir.

 

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2021.- 4 iyun.- S.8.