“Ağıllı kənd” təkcə müasir aqrar sektor məkanı deyil

 

Bu cür kəndlər həm də şəhərlərə axının qarşısını alacaq

 

 

44 günlük Vətən müharibəsi zəfərlə başa çatsa da, onun vurduğu yaralar hələ sağalmayıb. Dövlətimiz 30 ildə düşmən tərəfindən viran edilmiş ərazilərimizdə geniş bərpa-quruculuq işləri aparmağa qərar verib. Bu səbəbdən də döyüşlər başa çatandan sonra Prezident İlham Əliyevin göstərişi ilə kommunikasiyaların və digər infrastrukturun bərpasına başlanıldı.

Artıq Şuşaya və digər ərazilərə enerjinin verilməsi bərpa edilib. Yeni yollar çəkilir. Bununla yanaşı, həmin ərazilərdə 3 hava limanının tikilməsinə qərar verilib. Hazırda Füzuli Hava Limanında tikinti işləri sürətlə həyata keçirilir, dəmir yolu xətlərinin çəkilməsi üçün hazırlıq işləri görülür. Kəlbəcər və digər rayonlarda mövcud olan, lakin ermənilər tərəfindən dağıdılan su elektrik stansiyaları bərpa olunur.

Dövlət başçısının əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin müasir texnologiyalardan istifadə olunmaqla aparılmasıdır. Həmçinin bölgədə ekoloji cəhətdən təmiz Günəş və külək enerjisindən istifadə olunması barədə də qərar qəbul edilib.

Sözsüz ki, görülən bütün işlərin başlıca məqsədi həmin ərazilərdə yaşayacaq insanların rahatlığının təmin edilməsidir. Bu məqsədlə işğaldan azad olunmuş ərazilərdə “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icrasına üstünlük veriləcək.

Məlum olduğu kimi, ilk belə layihənin təməli işğaldan azad edilmiş Zəngilan rayonunda qoyulub. Aprelin 26-da Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan “Ağıllı kənd” layihəsində Türkiyə, İsrail, İtaliyaÇinin qabaqcıl şirkətləri iştirak edirlər. AZƏRTAC-ın bu barədə yaydığı məqalədə “Ağıllı kənd” konsepsiyasının üstünlükləri barədə qeydlər təqdim edilir.

Bütün dünyada “Ağıllı kənd” layihələrinin həyata keçirilməsində əsas məqsəd kənddən şəhərə axının qarşısını almaqdır. Yəni kənd yerlərində insanlara elə şərait yaradılmalıdır ki, əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə kəndlərdə də rahat çıxış olsun. Eyni zamanda insanlara kənddə daha çox gəlir əldə etmək və məşğulluq imkanı yaradılmalıdır. Üçüncü məqam isə kənd sakinlərinin dövlət xidmətlərinə çıxışının təmin olunması üçün lazımi şəraitin yaradılmasıdır. Beləliklə, “Ağıllı kənd” konsepsiyasında xidmət, qazanc və dövlət xidmətlərindən yararlanmaq baxımından kənd və şəhər fərqi faktiki olaraq aradan qalxmış olur.

Kənd təsərrüfatı naziri İnam Kərimovun aprelin 26-da Zəngilan rayonunun Ağalı kəndində etdiyi təqdimatdan aydın olur ki, birinci “Ağıllı kənd” pilot layihəsi əsasən 5 komponent üzrə icra ediləcək. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə əvvəlcə tam izolyasiya olunmuşinnovativ tikinti materiallarından istifadə edilməklə 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də “ağıllı” texnologiyalar əsasında qurulacaq. Həmin kəndlərdə müasir məktəb, bağça, poliklinikaelektron idarəetmə mərkəzləri və turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibatiictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesində alternativ enerji mənbələrindən istifadə olunacaq.

“Ağıllı kənd təsərrüfatı” özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə və nəzarəti ehtiva edir. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa geniş imkan yaradacaq.

“Ağıllı kənd” təkcə kənd təsərrüfatı ilə bağlı deyil. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su elektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın əsas komponentləri sırasındadır. Bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi “Ağıllı kənd”in nə dərəcədə üstünlüklərə malik olduğunu göstərir. Odur ki, Prezidentin azad edilmiş ərazilərdə kəndlərin “Ağıllı kənd” konsepsiyası əsasında qurulması təşəbbüsü ölkənin həm daxilində, həm də xaricində müsbət qarşılanır.

“Ağıllı kənd” layihəsi fermerin gəlirlərinə, həyat tərzinə necə müsbət təsir göstərəcək? Bu gün  dünyada kənd təsərrüfatında əl əməyindən istifadə minimuma enib, aqrar sektorda daha çox yeni texnologiyalardan istifadə olunur. Sahələrin dərmanlanması dronlar vasitəsilə həyata keçirilir, məhsul yığımı kompüterləşdirilmiş texnikalar vasitəsilə aparılır, su resurslarından qənaətlə istifadə üçün müasir suvarma sistemlərindən istifadə edilir. Bütün bu proseslər bir mərkəzdən idarə edilir, texnologiyaların tətbiqi resurslara qənaət etməyə, xərcləri optimallaşdırmağa, gəlirləri artırmağa imkan verir. “Ağıllı kənd” layihəsi bərpa olunacaq kəndlərimizə qayıdacaq insanların həyat şəraitinin yaxşılaşmasında, aqrar sahə ilə məşğul olacaq fermerlərimizin “ağıllı kənd təsərrüfatı” sisteminə inteqrasiyası və daha çox gəlir əldə etməsində mühüm rol oynayacaq.

“Ağıllı kənd” konsepsiyasına əsasən prosesin elektronlaşdırılması istehsal imkanlarını gücləndirir. “Ağıllı kənd” suvarma sistemindən tutmuş torpağın əkilib-becərilməsinə, məhsulun toplanmasına kimi avtomatlaşdırılmış, bir mərkəzdən idarə olunan bir sistemdir, həm də ən qabaqcıl texnologiyalar və texnotransferlərin tətbiqini nəzərdə tutur. Bu sistemin kənd infrastrukturunun digər sahələrinə - alternativ enerji mənbələrinə və müasir nəqliyyat sisteminə inteqrasiyası “Ağıllı kənd”in konsepsiyasını tamamlayacaq.

Yüksək texnologiyaların inkişafı və aqrar sahədə bu cür həllərin reallaşması “Ağıllı kənd” layihəsini Azərbaycanda da gündəmə gətirib. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu layihənin işğaldan azad olunmuş ərazilərdə tətbiqinə start verilməsi Böyük Qayıdış proqramının icrasında davamlı səmərəli nəticələrə gətirib çıxaracaq.

Vurğulayaq ki, Prezident İlham Əliyev həmişə yüksək texnologiyaların tətbiqinə üstünlük verir. Dövlət başçısının bu təşəbbüsü beynəlxalq təşkilatlar tərəfindən də müsbət qarşılanır. Davos Ümumdünya İqtisadi Forumunda bu məsələ Prezident İlham Əliyevlə müzakirə edilmişdir. Dövlət başçısının işğaldan azad edilən əraziləri cənnətə çevirəcəyi barədə verdiyi bəyanatlar artıq “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası ilə bərpa-quruculuq işlərində bir daha təsdiqini tapır. Qarşıda Böyük Qayıdış proqramının icrası dayanır. Beləliklə, bu qayıdış işğaldan azad edilmiş torpaqlara, əslində isə cənnətə çevrilmiş yerlərə olacaq.

 

 

 

Rüstəm KAMAL

Azərbaycan.-2021.- 4 iyun.- S.9.