Rusiya Mədəniyyət Fondu və Heydər Əliyev Fondunun nümayəndəliyi uşaqlar üçün bayram tədbiri təşkil ediblər

 

Rusiya Mədəniyyət Fondu və Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqlar üçün bayram tədbiri təşkil ediblər.

Trend-in məlumatına görə, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Moskvadakı Rusiya Mədəniyyət Fondunda (RMF) uşaqlar üçün "Mı yedem, yedem, yedem... Ura - kanikulı!" adlı bayram səyahəti təşkil edilib.

RMF və Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi bu bayramı "Bu gün uşaqlar, sabah xalq" layihəsi çərçivəsində təşkil ediblər. Tədbirin təşkilində "Lestnitsa" kinostudiyası, "Yunarmiya" Hərbi Vətənpərvərlik Tərbiyəsi Mərkəzi, habelə Moskva Musiqili Kadet Korpusunun "Deti kino" məktəb-studiyası da iştirak edib.

Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin humanitar proqramlarının rəhbəri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova bildirib ki, artıq 71 ildir bütün dünyada yayın ilk günü Uşaqların Müdafiəsi Günü kimi qeyd edilir.

T.Əhmədova deyib: "Bu bayram bizə xatırladır ki, bizim balaca sakinlərimizin yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüququ var. Bir sözlə, onların xoşbəxt olmaq hüququ var! Bugünkü uşaqlar sabah ölkələrin, planetimizin, bütün bəşəriyyətin taleyini həll edəcəklər! Bugünkü görüşümüz "Bu gün - uşaqlar, sabah - xalq" şüarı altında keçirilir. Bu gün dünya yaşlı nəslə mənsubdur. Nə yaxşı ki, bu bayram günündə biz bütün problemlərimizi bir kənara qoyaraq ən başlıca vəzifəmizi yerinə yetirə - uşaqlarımızı dinləyə bilirik. Axı biz Yer kürəsini onlara miras qoymalıyıq. Uşaqlar planetimizin sabahıdır".

Tamilla Əhmədova vurğulayıb ki, uşaqların problemləri heç vaxt Heydər Əliyev Fondunun diqqətindən kənarda qalmır. Bu, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun fəaliyyətinin əsas istiqamətlərindən biridir.

T.Əhmədova daha sonra deyib: "Fondun vitse-prezidentionun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leylam xanım Əliyeva bütün ölkələrdə uşaqlara kömək etməyə, onların həyatını daha parlaq, daha xoşbəxt etməyə yönəlmiş layihələri həmişə dəstəkləyir. Biz səmimi-qəlbdən ümid edirik ki, Rusiya Mədəniyyət Fondunun və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin bu ilk birgə təşəbbüsü sonuncu olmayacaq. Rusiya və Azərbaycan həmişə mehriban qonşular, siyasət, iqtisadiyyat, elm və mədəniyyət sahələrində tərəfdaşlar olublar və yenə belədir. Sevindirici haldır ki, ölkələrimizin və xalqlarımızın övladları dövlətin və cəmiyyətin etibarlı müdafiəsi, bir-birinə qarşılıqlı hörmət şəraitində böyüyürlər. Ən möhkəm və ən səmimi dostluq münasibətləri məhz uşaqlıq dövründə yaranır. Ona görə də biz "Bu gün - uşaqlar, sabah - xalq" deyiriksə, tamamilə haqlı olaraq "Bu gün - uşaqların dostluğu, sabah - xalqlar arasında dostluq" deyə bilərik.

"Kinolestnitsa" yaradıcılıq birliyinin prodüseri Nina Komarova belə bir məqama diqqəti cəlb edib ki, Sergey Mixalkov adına Rusiya Mədəniyyət Fondu və Azərbaycanın Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyi bu tədbiri birgə təşkil ediblər. O deyib: "Biz bu tədbiri keçirməklə gələcək səmərəli əməkdaşlığın təməlini qoyuruq. Bu gün biz necə istedadlı uşaqlar olduğunu gördük. Moskvadakı Qara Qarayev adına Musiqi Məktəbinin şagirdi, pianoçu Yeliseyin ifası bizə xüsusilə güclü təsir bağışladı. Onu bu tədbirə Heydər Əliyev Fondunun nümayəndəliyi dəvət edib".

İyunun 1-də Rusiya Mədəniyyət Fondunun qonaqları 7-12 yaşlı uşaqlar idi. Tədbirin təşkilatçıları uşaqlar üçün "Dostluq qatarı"nda bayram səyahəti, gənc istedadların ifasında musiqili nömrələr hazırlamışdılar.

 

 

Azərbaycan.-2021.- 4 iyun.- S.8.