Şəhərin
abadlığı küçə və prospektlərindən
məlum olur
Bakının dünyada ən gözəl və bənzərsiz şəhərlərdən biri olduğunu heç kəs inkar edə bilməz. Müasirliklə qədimliyin qol-boyun olduğu bu şəhər getdikcə böyüyür və daha çox göz oxşayır. Həm də onun cəlbediciliyi təkcə yeni tikililəri, müasir sosial infrastrukturu ilə səciyyələnmir. Həyata keçirilən təmir, bərpa, yenidənqurma tədbirləri sayəsində paytaxt şəhərimizin qəsəbələri, bir çox küçələri və binaları da öz əvvəlki görkəmini qoruyub saxlayır.
Beləliklə, həm tarix yaşayır, həm insanlar rahatlıq əldə edir, həm də Bakı daha çox turistin görmək istədiyi məkana çevrilir.
Elə ilk neft quyularının qazıldığı, tarixi abidələrlə zəngin Balaxanı qəsəbəsinin yeni simasına baxmaq kifayətdir. Vaxtilə ekoloji fəlakət zonası olan Balaxanı kəndi aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində müasir qəsəbəyə çevrilib. Xatırladaq ki, keçən ilin sentyabr ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanıya gələrək burada görülən abadlıq işləri ilə tanış olmuş, qəsəbə sakinləri ilə söhbət etmişlər.
Abadlıq işləri qəsəbənin qədim və XX əsrin əvvəllərinə aid olan hissəsini əhatə edib ki, bu da 16 min əhalinin yaşadığı təxminən 10 kvadratkilometr ərazi deməkdir. “Bakı Abadlıq Xidməti” MMC-nin məlumatına görə, qəsəbədə mərkəzi kanalizasiya sistemi və fərdi evlərə çəkilən xətlər təzələnib, mərkəzi elektrik xətti yenilənib və fərdi evlər ona qoşulub. Yeni rabitə xətləri çəkilib. Küçələrə 70 min kvadratmetr yeni asfalt örtüyü salınıb, binaların fasadları bərpa edilib, dam örtükləri yenilənib və s. Qəsəbədə 100 mindən artıq ağac və bitki əkilib. Eləcə də çoxlu sayda lavanda və rozmarin bitkisi və gül kolunun əkilməsi həyata keçirilib.
Sözügedən tədbirdə vurğulanmışdı ki, Bakı şəhərinin qəsəbələrinin yenidən qurulması işləri çərçivəsində Balaxanıdan sonra sırada Bibiheybətdir. Çünki Bibiheybət qəsəbəsində də oxşar layihə icra edilirdi. Hazırda bu qəsəbə də tanınmaz olub. Bibiheybət buxtası təmizlənib, ərazidə park salınıb, həmçinin incəsənət və idman şəhərcikləri, bulvar yaradılıb, digər işlər görülüb. Bildirilmişdi ki, Bakının daha 7 qəsəbəsində - Ramana, Əmircan, Buzovna, Mərdəkan, Novxanı, Maştağa və Pirşağıda abadlıq işlərinə başlanıb. Bir sözlə, Bakıətrafı qəsəbələr yeni görkəm alaraq, əvvəlkindən daha gözəl və rahat yaşayış məntəqələri kimi diqqət çəkir.
Son vaxtlar Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq Bakı şəhərində, eləcə də paytaxtın qəsəbələrində vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə bir çox küçələr və yollar təmir olunub. Bu istiqamətdə tədbirlər yenə də davam etdirilir. Bu işləri isə Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir.
Beləliklə, 2019-cu və 2020-ci illərdə paytaxtın Sabunçu rayonunun 200 kilometrdən çox qəsəbədaxili küçə və yolları təmir olunub. Rayonda 2021-ci il İnvestisiya Proqramına uyğun olaraq Ramana qəsəbəsinin mərkəzi küçəsində əsaslı yenidənqurma işləri icra edilib. Uzunluğu 700 metr, eni 9 metr təşkil edən bu küçə qəsəbənin yol infrastrukturunda xüsusi əhəmiyyət daşıyır.
Küçə torpaq örtüklü olduğundan və uzun müddət əsaslı təmir edilmədiyindən xüsusilə payız-qış aylarında burada rahat hərəkət etmək mümkün deyildi. Yenidənqurma işləri çərçivəsində küçə boyu yeni yol yatağı salınıb, piyada səkiləri inşa edilib. Təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün zəruri yerlərdə yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları dəyişdirilib. İri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi başa çatdırılıb.
Bu il isə rayonun 3 qəsəbəsində ümumi uzunluğu 9 kilometr olan 5 küçənin təmiri planlaşdırılıb. Bilgəh qəsəbəsində hər birinin uzunluğu 1 kilometr olan Əliağa Ağayev və Rəsul Rza küçələrində təmir işləri görülür. Yol əsası hazır olandan sonra küçələrə yeni asfalt-beton örtüyü döşənəcək.
Bakıxanov qəsəbəsində hər birinin uzunluğu 3 kilometrdən çox olan Bəşir Bünyadov və Nazim İsmayılov küçələrinin də təmiri həyata keçiriləcək və bu istiqamətdə artıq xeyli iş görülüb.
Paytaxtın Suraxanı rayonunda isə 18,5 kilometrlik qəsəbədaxili küçə və yolda təmir işləri aparılır. Qaraçuxur qəsəbəsində ümumi uzunluğu 4,3 kilometr olan 4 küçədə və Şərq yaşayış massivi yolunda yenidənqurma işləri davam edir. İlk olaraq qəsəbənin 1 kilometr uzunluğa malik Cəlal Qurbanov küçəsində bərpa işləri aparılır. Bir sıra işlər artıq yekunlaşmaq üzrədir. Asfaltlanma başa çatandan sonra küçə yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunacaq.
İnvestisiya Proqramına uyğun olaraq, analoji təmir işləri rayonun Hövsan qəsəbəsində Oktay Şabanov küçəsində də aparılır. Uzunluğu 2 kilometr olan küçənin yarıdan çoxunda təmir işləri yekunlaşıb. Qəsəbənin Bahar və Bağlar yaşayış massivlərində, Südçülük sovxozu adlanan ərazisində, bundan başqa, küçə və məhəllədaxili hissələrdə də təmir-bərpa işləri aparılacaq. Ümumilikdə, bu il Hövsanda təmiri nəzərdə tutulan küçə və yolların ümumi uzunluğu 14 kilometrdən çoxdur. Qeyd edək ki, ötən iki ildə Suraxanı rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 50 kilometrədək küçə və yolların təmiri işləri icra olunub.
2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Pirallahı rayonunda ümumi uzunluğu 6 kilometr 3 küçə təmir edilib.
2019-cu və 2020-ci illər ərzində Nərimanov rayonunun yaşayış massivlərinin 20 kilometrdən çox daxili küçə və yollarında təmir işləri icra olunub. Cari ildə də rayonun ərazisində 10,5 kilometr uzunluğa malik 15-dən çox küçə və yolun təmiri nəzərdə tutulub.
Xətai rayonu ərazisində isə hazırda Əliağa Şıxlinski küçəsinin “Neapol dairəsi”ndən Məhəmməd Hadi və Nəsirəddin Tusi küçələrinə qədər olan hissəsində təmir-tikinti işləri aparılır. Ümumilikdə isə tikintinin aparılacağı ümumi sahə 24 min kvadratmetrdən çoxdur. Rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən hesab olunan Xudu Məmmədov küçəsi də təmir olunur. Küçə vətəndaşların istifadəsinə müasir görkəmdə veriləcək. Qeyd edək ki, ötən iki ildə Xətai rayonu ərazisində 32 adda küçə və yolda təmir-tikinti işləri görülüb.
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində görülən işlər paytaxtın digər rayonlarında da həyata keçirilib. Bu işlər geniş bir sahə əhatə olunmaqla davam etdirilir.
Hazırda biz işğaldan azad edilmiş şəhər və kəndlərimizi yenidən tikib-qururuq. Bununla belə, başqa ərazilərimizdə də yeni zəruri infrastrukturun yaradılması, yaxud təzələnməsi unudulmayıb və nəzərdə tutulan işlər müvəffəqiyyətlə yerinə yetirilir. Çünki geniş islahatlar həyata keçirən, böyük qurucu olan Prezidentimizin məqsədi-məramı belədir.
Flora SADIQLI
Azərbaycan.-2021.- 5 iyun.- S.1;5.