Arpanı sütül...

 

Dünyada əhalinin sürətlə artması ilə ərzaq məhsullarına olan tələbat da çoxalıb. Hətta  o dərəcədə ki, təklif bu artımın öhdəsindən gələ bilmir. Bu səbəbdən dünya bazarında ərzaq məhsullarının qiymətləri də bahalaşır. Bahalaşma isə insanların ərzağa əlçatanlığını azaldır.

BMT-nin Dünya Ərzaq Təşkilatının (FAO) məlumatına görə, qiymətləri bahalaşan kənd təsərrüfatı məhsulları sırasında taxıl ön yerlərdədir. Odur ki, taxıl istehsalı strateji sahə sayılır. O üzdən bu gün dünyanın bir çox ölkəsinin taxıla olan tələbatı ödəmək üçün əkin sahələrini genişləndirməsi təsadüfi  deyil.

Ölkəmizdə də taxılçılığın inkişafına önəm verilir. Bu sahə ilə  məşğul olan fermerlərə daim dövlət səviyyəsində xüsusi dəstək verilir. Dövlət tərəfindən ilk dəfə subsidiya ödənilən sahə də məhz taxılçılıqdır. Belə tədbirlər sayəsində son bir neçə ildə ölkə üzrə taxılçılıqda istehsal artmaqda davam edir. Özü də məhsuldarlıq hesabına. Belə ki, əvvəllər taxılçılıqda məhsuldarlıq hər hektardan 20 sentner olduğu halda, hazırda bu rəqəm 30 sentnerə çatıb. Yüksəkkeyfiyyətli toxumtexnikadan istifadə edən iri fermer təsərrüfatları və aqroparklar  isə  hektardan 50-60 sentnerə qədər məhsul götürür.

 Ölkədə bu ilin taxıl biçini mövsümünə artıq başlanılıb. Fermerlər min bir əziyyət çəkərək bol məhsul yetişdiriblər. İndi əsas məsələ  məhsulu vaxtında və itkisiz yığmaqdır. Dövlət bu sahədə də fermerlərə dəstək verir. Məsələn, vaxtında dünyanın inkişaf etmiş ölkələrindən alınan keyfiyyətli taxılbiçən kombaynlar fermerlərə  işdə çox kömək  edir.

Biləsuvar rayonunda ötən ilin payızında 16 min 860 hektar sahədə taxıl əkilib. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumatda bildirilir ki,  bunun 5 min 708 hektarı buğda, 11 min 552 hektarı arpa əkinləridir. Artıq fermerlər fərdi təsərrüfatlarında taxıl biçininə başlayıb və  biçdikləri ilk   hektarların hərəsindən 34 sentner məhsul götürüblər. Biçin ilk olaraq arpa sahələrində aparılır. Yığım kampaniyasının vaxtında və itkisiz başa çatdırılması üçün lazımi tədbirlər görülür. Sahələrə 61-ə yaxın kombayn çıxarılıb, məhsulun daşınması və digər işlərin həlli üçün 250-dən çox maşın və mexanizm  cəlb olunub. Mütəxəssislər fikrincə, bu il rayonda təxminən 70 min ton məhsul istehsal etmək mümkündür.

Şəki ölkəmizin iri taxılçılıq rayonlarındandır. Burada cari mövsümdə 66 min 104 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl sahələrinin 36 min 180,3 hektarında buğda, 29 min 923,7 hektarında dən üçün arpa əkilib. 

Təsərrüfatlarda taxıl biçininə hazırlıq işləri yekunlaşmaq üzrədir. Biçin kampaniyasını uğurla başa çatdırmaq üçün 136 taxılbiçən kombayn cəlb ediləcək. Onlardan 90-ı son illər alınan təzə, qalanları isə əvvəlki,  lakin  istifadəyə tam yararlı  kombaynlardır. Ehtiyac yaranarsa, biçini başa çatdırmış rayonlardan əlavə kombaynlar da gətiriləcək. Qeyd edək ki, fermerlər ötən il 66 min 48 hektardan 199 min 915 ton məhsul götürüblər. Hər hektardan orta məhsuldarlıq 30,3 sentner olub.

Ucar rayonunun taxılçıları isə biçinə başlayıblar. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, cari mövsümdə Ucarda 14 min 414 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 6457 hektarından buğda, 7957 hektarından isə arpa biçiləcək. Hazırda bütün qüvvələr  taxılın vaxtında və itkisiz yığılmasına səfərbər edilib. Arpa biçini getdikcə sürətlənir. 13-ü “Ucar aqroservis” ASC-yə, 8-i fiziki şəxslərə məxsus, habelə  daha 2 kombayn zəmilərdə biçinlə məşğuldur.

Builki mövsümdə Zaqatala rayonunda 11 min 396 hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 7 min 819 hektarını buğda, 3 min 577 hektarını arpa sahələri təşkil edir. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki illə müqayisədə 76 hektar artırılıb. Hazırda təsərrüfatlarda taxıl biçininə son hazırlıq işləri görülür. Taxıl anbarları, xırmanlar təmir və dezinfeksiya olunub, kombayn və digər texnikalar hazır vəziyyətə gətirilib.

Rayonda biçin kampaniyasına 28  taxılbiçən kombayn, 39  küləş presləyən aqreqat, həmçinin 360-dək şum traktoru, 126 traktor qoşqusu və digər texnika cəlb edilib. Biçin dövründə ehtiyac yaranarsa, digər rayonlardan əlavə olaraq 8-10  kombayn da gətiriləcək.

Xatırladaq ki, ötənilki mövsümdə Zaqatala rayonunda 11 min 320 hektar sahənin məhsulu biçilib, 35 min 50 ton taxıl istehsal edilib. Hər hektara görə orta məhsuldarlıq 31 sentner olub. Taxıl istehsalı ondan əvvəlki illə müqayisədə 1881 ton artıb.

Bu il, ümumilikdə, ölkə üzrə 986 min 685 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 611 min 967,3 hektarı buğda, 374 min 717 hektarı arpa sahələridir. Hazırda təxminən 30 rayonda arpa biçilir. İyunun 1-nə olan operativ məlumata görə, artıq 19666 hektar sahədə biçin aparılıb. Sahələrdən 54 min 600 ton məhsul yığılıb. Biçinin start mərhələsində arpa üzrə orta məhsuldarlıq 27,8 sentnerdir. Ən çox biçin ənənəvi olaraq mövsümə birinci başlayan Neftçala rayonunda aparılıb. Biləsuvar, Saatlı, Sabirabad və Cəlilabad rayonlarında da biçin sürətlənir.

İyunun 1-nə olan operativ məlumata görə, biçinə 856 kombayn cəlb olunub. Aktiv biçin prosesində “AqroservisASC-nin yerli bölmələrinin 289, fizikihüquqi şəxslərin  429 kombaynı iştirak edir. Bundan başqa, “Aqroservis” ASC tərəfindən biçin gedən rayonlara hazırda biçin aparılmayan dağətəyi və dağlıq ərazilərdə yerləşən bölgələrdən əlavə 138 kombayn dislokasiya olunub. “Aqroservisin kombaynları vasitəsilə 9409, fizikihüquqi şəxslərin mülkiyyətində olan kombaynlar vasitəsilə  10 min 257,4 hektar sahədə biçin aparılıb.

Qeyd edək ki, “Aqroservis” ASC-nin kombaynları sahəsi 50 hektaradək olan kiçik və orta təsərrüfatlarda biçin həyata keçirir. Bu il taxıl sahələrinin 78 faizi məhz kiçik təsərrüfatların payına düşür. Biçin prosesi növbəlilik prinsipi əsasında aparılır.

Hazırda “Aqroservis”in rayon bölmələrində 650, təchizat bazalarında isə 135 taxılbiçən kombayn var. Kombaynların hamısı saz vəziyyətdədir. Bundan başqa, biçin prosesində fizikihüquqi şəxslərə məxsus 1000-dən artıq kombaynın iştirakı gözlənilir. Kombaynlara olan tələbatın əvvəldən müəyyən edilməsi, texnikaların biçindən qabaq tələbata uyğun rayonlarda dislokasiyası, “Aqroservis” ASC tərəfindən sosial biçin siyasətinin həyata keçirilməsi ötən illərdə olduğu kimi, bu ilbiçin prosesində texnika ilə təminatda problem olmayacağını söyləməyə əsas verir.

 

 

 

Rüstəm KAMAL

Azərbaycan.-2021.- 5 iyun.- S.1;6.