Pakistanın Prezidenti Azərbaycan Milli Məclisinin sədrini qəbul edib
İyunun 4-də
Pakistan Prezidenti Arif Alvi bu ölkədə
rəsmi səfərdə
olan Milli Məclisin sədri Sahibə Qafarovanı qəbul edib.
Parlamentin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Milli Məclisinin sədrini və parlament nümayəndə heyətini
Pakistanda görməkdən
məmnunluğunu ifadə
edən Pakistan Prezidenti
Arif Alvi onun salamlarını Prezident İlham Əliyevə çatdırmağı
xahiş edib.
Bildirib ki, dost və qardaş ölkələr
olan Pakistanla Azərbaycanın münasibətləri
strateji müttəfiqlik
səviyyəsindədir. Pakistan
Ermənistanın Azərbaycana
qarşı təcavüzkar
siyasət yürütməsinə
görə indiyədək
bu ölkəni tanımayıb. Pakistan Prezidenti Azərbaycanın
30 ilə yaxın Ermənistanın işğalı
altında olan torpaqlarını azad etməsi münasibətilə
təbriklərini çatdırıb.
Bildirib ki, qardaş ölkənin öz ərazi bütövlüyünü
bərpa etməsi Pakistanda böyük sevinc hissi ilə
qarşılanıb. Pakistan
həmişə Azərbaycanın
haqq işində onun yanında olub və bundan
sonra da belə olacaq.
Səmimi qəbul və Azərbaycan haqqında xoş sözlərə görə təşəkkürünü
bildirən Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin də salamlarını Pakistan Prezidentinə
çatdırıb.
Bu səfərin Milli
Məclisin sədri kimi Pakistana ilk rəsmi səfəri olduğunu deyən Sahibə Qafarova burada keçirdiyi görüşlərdən məmnunluğunu
ifadə edib. Bildirib ki,
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanla
Pakistanın bir-birinə
qarşılıqlı dəstəyi
əməkdaşlığımızın
qardaşlıq xüsusiyyətini
əks etdirir.
Ölkələrimiz İƏT PA ilə yanaşı, digər beynəlxalq təşkilatlar çərçivəsində
də çox səmərəli əməkdaşlıq
edirlər. Pakistan Prezidentinin
2019-cu ilin oktyabrında
Qoşulmama Hərəkatının
18-ci Zirvə toplantısı
çərçivəsində ölkəmizə səfərini
xatırladan spiker diqqətə çatdırıb
ki, bu günədək
ölkələrimiz arasında
müxtəlif sahələrdə
imzalanmış hüquqi
sənədlər əlaqələrimizin
hüquqi bazasını
təşkil edir. Bu xüsusda 2015-ci ildə Bakı şəhərində imzalanmış
“Azərbaycan Respublikası
ilə Pakistan İslam
Respublikası arasında
strateji tərəfdaşlıq
haqqında Birgə Bəyannamə” xüsusi əhəmiyyət kəsb
edir.
Milli Məclisin
sədri bildirib ki, iqtisadi və
ticari əlaqələrimizin
daha da dərinləşdirilməsi
üçün geniş
imkanlar var. Humanitar sahədə əməkdaşlığın
davamlı inkişafına
xüsusi diqqət göstərilir. Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda həyata keçirilən sosial-humanitar
layihələrə görə
də Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva 2015-ci ildə Pakistanın ali
ordeni olan "Hilal-e Pakistan" ilə təltif olunub.
2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində
Azərbaycanın şanlı
Zəfərindən danışan
Sahibə Qafarova bildirib ki, ölkəmizin
ərazi bütövlüyünü
bərpa etməsi ilə Dağlıq Qarabağ münaqişəsi
birdəfəlik tarixə
qovuşub.
Xocalı soyqırımını, saysız-hesabsız
müharibə cinayətlərini
törədən Ermənistan
işğalçıları kapitulyasiya aktına imza ataraq acı
məğlubiyyətlə barışmalı
oldular. Milli Məclisin sədri
qeyd edib ki, Azərbaycan torpaqlarını işğaldan
azad etməklə BMT Təhlükəsizlik Şurasının
Ermənistan silahlı
qüvvələrinin işğal
altındakı ərazilərimizdən
çıxarılmasına dair 4 qətnaməni özü yerinə yetirib.
Sahibə Qafarova deyib ki, indi isə
Ermənistan işğalından
azad edilmiş Azərbaycan ərazilərində
yeni dövr başlayıb – genişmiqyaslı
bərpa və yenidənqurma dövrü. Lakin münaqişə
başa çatsa da, bəzi problemlər
hələ də qalmaqdadır. Belə ki,
Ermənistan işğaldan
azad olunmuş ərazilərimizə terrorçu
dəstələr göndərir,
minalanmış ərazilərin
xəritəsini verməkdən
imtina edir, sərhədlərin delimitasiyasına
mane olur.
Sədr qardaş Pakistan hökuməti
və parlamenti tərəfindən Azərbaycanın
beynəlxalq hüquqa
əsaslanan ədalətli
mövqeyinə verilən
qətiyyətli dəstəyə,
o cümlədən Pakistan xalqı tərəfindən
nümayiş etdirilən
mənəvi köməyə
görə minnətdarlığını
bildirib.
Qeyd edib ki, Pakistan parlamentinin keçmiş Dağlıq
Qarabağ münaqişəsi
və Azərbaycan xalqına qarşı törədilmiş Xocalı
soyqırımı barəsində
qəbul etdiyi bir sıra qətnamə
və bəyanatlar da bu dəstəyin
önəmli hissəsidir. Pakistan parlamentinin Vətən müharibəsi dövründə
də prinsipial mövqeyini birmənalı
şəkildə ifadə
etməsi Azərbaycanda
yüksək qiymətləndirilir.
Bildirib ki, hər iki
ölkənin parlamentində
fəal işgüzar
əlaqələr saxlayan,
müxtəlif məsələlər
üzrə dəstəyini
ifadə edən dostluq qruplarının fəaliyyət göstərməsi
ali qanunverici
orqanlarımız arasında
əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.
Sonra görüşdə
digər məsələlər
barəsində fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Milli Məclisin
sədri Sahibə Qafarova qardaş ölkənin Prezidentinə
“Qarabağ işğaldan
əvvəl və sonra” adlı kitab təqdim edib və kitabdakı
materiallar barədə
Pakistan Prezidentinə məlumat
verib.
Azərbaycan.-2021.- 5 iyun.- S.2.