Ombudsman Kəlbəcər rayonunda ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olan mülki şəxslərlə bağlı bəyanat yayıb

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsmanın) Kəlbəcər rayonunda ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olan mülki şəxslərlə bağlı bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir: “Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparan əməkdaşları iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşüblər. Çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin hərəkət olan yolda tank əleyhinə minaya düşməsi nəticəsində ikisi öz peşə fəaliyyətini həyata keçirən jurnalistbiri dövlət qurumu əməkdaşı olmaqla üç nəfər həlak olub, dörd nəfər isə ağır bədən xəsarətləri alıb.

Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli Bəyanatın imzalandığı gündən bəri 120-dən çox insanın həlak olmasına və yaralanmasına səbəb olub.

Ermənistan siyasi və hərbi rəhbərliyinin vaxtilə işğal altında saxladıqları bu ərazilərə basdırılan minaların xəritələrinin açıqlanmasından imtina etmələri, hətta Ermənistan ordusunun həmin ərazilərdən çıxarkən xüsusilə mülki ərazilərə işarələnməmiş minaları basdırması, son günlərə qədər təxribat diversiya qrupları vasitəsilə yeni minaların basdırılmasına cəhd etməsi onların daha çox insan tələfatına yol açmaqdaregionda yeni münaqişə ocaqlarının yaradılmasında maraqlı olduğunu göstərir.

Regionda insan həyatına və sağlamlığına ciddi təhdid olan bu vəziyyət bizi dərindən narahat edir. Ölkə ombudsmanı olaraq bu barədə narahatlığımızı dəfələrlə beynəlxalq insan hüquqları qurumlarına bildirərək, insan tələfatının qarşısının alınması məqsədilə Ermənistan rəhbərliyi qarşısında müvafiq tələblərin qoyulması ilə bağlı müraciətlər etmişik. Təəssüflə qeyd etmək istərdim ki, mina xəritələrinin verilməsi ilə bağlı Ermənistana hər hansı bir beynəlxalq təzyiqin göstərilməməsi hər gün daha bir günahsız insanın həyatını itirməsinə səbəb olur. Hesab edirik ki, aidiyyəti beynəlxalq insan hüquqları qurumları baş verən bu insan hüquqları pozuntularına etinasız yanaşmamalı və mandatları çərçivəsində müvafiq addımları atmalıdırlar.

Bir daha aidiyyəti beynəlxalq insan hüquqları təşkilatlarına müraciət edərək, baş verən bu insan hüquqları pozuntusuna etinasız qalmamağa, mandatlarından irəli gələn tələblərə məsuliyyətlə yanaşaraq Ermənistanın siyasi və hərbi rəhbərliyini cinayət əməllərindən çəkindirməyə çağırırıq.

Ombudsman təsisatı olaraq Ermənistan siyasi və hərbi rəhbərliyinin insan hüquqlarının kobud pozuntusu ilə nəticələnən bu və digər ağır cinayət əməllərinin ifşası və onların ədalət mühakiməsinə cəlb olunması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.

 

Azərbaycan.-2021.- 5 iyun.- S.3.