Azərbaycan növbəti beynəlxalq
idman tədbirini yüksək səviyyədə
keçirir
İdman ölkəsi kimi tanınan Azərbaycanda son illər dünya və Avropa miqyaslı onlarca yarış keçirilib. Beynəlxalq idman federasiyalarının qərarları ilə ölkəmizdə təşkil olunan hər bir turniri tələb olunan səviyyədə təşkil edən Azərbaycan hər dəfə tarixini möhtəşəm nailiyyətlərlə zənginləşdirib. Hazırda “Formula-1” Azərbaycan Qran-prisini artıq
5-ci dəfə qəbul edən Bakı bu günlərdə başqa bir mötəbər turnirin - Avropa futbol çempionatının 4 oyununa evsahibliyi edəcək.
Turnirləri təşkil etməyin Azərbaycan modeli
Ümumiyyətlə, son altı ilə nəzər salanda görürük ki, ən böyük idman hadisələrindən biri, sözsüz ki, tarixdə ilk Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi idi. Ölkəmiz Oyunlara iki ildən bir qədər çox davam etmiş yüksək səviyyəli hazırlıq işlərindən sonra Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının mübarizə apardığı bu idman yarışını layiqincə təşkil etməklə tək özünün deyil, “köhnə qitə”nin idman tarixinə də möhürünü vurmuşdur. Çünki indiyədək yalnız Avropa ölkələrinin təmsil olunduğu bu cür möhtəşəm idman tədbiri keçirilməmişdi.
Nümunəvi təşkilatçılığı, olduqca möhtəşəm açılış və bağlanış mərasimləri ilə yadda qalan I Avropa Oyunları keçirildiyi günlərdə (12-28 iyun) dünyanın əsas idman hadisəsinə çevrilmişdi. 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla qazandığı 56 medalla Azərbaycan I Avropa Oyunlarının ikincisi oldu. Bir daha sübut etdi ki, ölkəmizdə həyata keçirilən idman siyasəti öz bəhrəsini verir.
Azərbaycan 2017-ci ildə də ənənəsinə sadiq qaldı. Həmin il mayın 12-22-də paytaxtımız müsəlman aləminin idman mərkəzinə çevrildi. İslam dünyasının idman həyatı üçün əlamətdar olan IV İslam Həmrəyliyi Oyunları böyük uğurla yekunlaşdı.
54 ölkədən 3000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 75-i qızıl,
50-si gümüş, 37-si bürünc olmaqla 162 medal qazanaraq birinci yeri tutdular. İslam dünyasının ən nüfuzlu idman yarışında iştirak edən əcnəbi atletlər, qonaqlar Azərbaycanla tanış oldular, ölkəmizin uğurlu inkişaf yolu keçdiyini gözləri ilə gördülər.
2019-cu il mayın 29-da isə Bakı qitənin nüfuzlu klub turnirlərindən olan UEFA Avropa Liqasının finalına evsahibliyi etdi. Bakı Olimpiya Stadionunda keçirilmiş həlledici matçda İngiltərənin “Çelsi” və “Arsenal” komandaları üz-üzə gəldilər. 4:1 hesabı ilə qələbə qazanan “Çelsi” UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qalibi oldu.
Final oyununu tələb olunan səviyyədə keçirmək üçün yerli təşkilat komitəsi nəzərdə tutulan bütün işləri vaxtlı-vaxtında icra etmiş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdi. Bakıya gəlmiş azarkeşlər həlledici matçın ən müasir arenada keçirildiyini qeyd etməklə yanaşı, Azərbaycan xalqının səmimiliyinə və qonaqpərvərliyinə, paytaxtın və bütövlükdə ölkənin sürətli inkişafına heyran qaldıqlarını bildirdilər.
Yüksək təşkilatçılıq səviyyəsi
Azərbaycan Qran-prisinın üç gün davam etməsinə baxmayaraq, Bakıda uzun müddətdir bu idman hadisəsinin ab-havası yaşanır. Hazırlıq işləri aylar öncə başlayıb və əsas məqsəd “Formula-1”in cari mövsümdə 6-cı mərhələsi olan Azərbaycan Qran-prisini layiqincə təşkil etmək, ideal evsahibliyi nümunəsini ortaya qoymaqdır. Fərəhli haldır ki, Beynəlxalq Avtomobil Federasiyasının nümayəndələri, həmçinin yarışda iştirak edən pilotlar aparılan hazırlıq işlərini yüksək qiymətləndiriblər.
Beləliklə, bu günlərdə ölkəmizə təşrif gətirmiş media nümayəndələri, televiziya vasitəsilə yarışı izləyən yüz milyonlarla tamaşaçı Azərbaycanın yüksək evsahibliyinin şahidi olur. Tək yarışın keçirilməsi deyil, media nümayəndələrinin, “Formula-1” komandalarının üzvlərinin ölkəmizlə, milli dəyərlərimizlə tanışlığı, şəhərimizdə olduğu günlərdə vaxtlarını səmərəli keçirmələri üçün yaradılan şərait və sair Azərbaycanın mükəmməl evsahibliyi nümunəsinin ayrı-ayrı detallarıdır. Beləliklə, Azərbaycan yüksək təşkilatçılıq ənənəsinə bu dəfə də sadiqdir.
“Formula-1” dünyada geniş tamaşaçı auditoriyasına malikdir və izlənmə sayına görə yalnız Yay Olimpiya Oyunlarından, futbol üzrə dünya çempionatından geri qalır. Daha çox sürət həvəskarlarının maraq dairəsində olan “Formula-1” Qran-priləri ilk vaxtlar ancaq Avropa ölkələrində keçirilirdisə, hazırda bütün dünyanı əhatə edir. Yarışları Beynəlxalq Avtomobil Federasiyası (FIA) keçirir. 1904-cü ildə Parisdə yaradılan federasiya avtomobil idmanı üzrə təşkil olunan bütün növ yarış və tədbirlərə cavabdehdir.
Xatırladaq ki, “Formula-1” üzrə ilk rəsmi dünya çempionatı 1950-ci il mayın 13-də İngiltərənin Silverstoun trekində təşkil olunub. Britaniya kral ailəsinin də maraqla izlədiyi turnirdə 21 bolid qələbə uğrunda mübarizə aparıb. Həm təsnifat, həm də əsas mərhələdə finiş xəttinə birinci çatan “Alfa Romeo”nun italiyalı pilotu Cüzeppe Nino Farina “Formula-1” yarışının ilk qalibi kimi tarixə düşüb.
Bakıdakı yenilik marağı bir qədər də artırıb
“Formula-1” yarışlarında Azərbaycan beş il öncə dünya çempionatının Bakı mərhələsində yenilik tətbiq etmişdi. Bu, sıralama turları ilə bağlı idi. Əvvəlki qaydalara görə, 18 dəqiqə davam edən birinci və 15 dəqiqəlik ikinci seansların nəticələrinə əsasən ən pis nəticə göstərən 6 pilot mübarizədən kənarlaşdırılırdı, 10 pilot isə 12 dəqiqəlik üçüncü seansdakı göstəricilərə görə yarışa çıxırdı.
Yeni qaydalarda isə seansın sonunda yox, hər 90 saniyədən bir ən yavaş pilotun mübarizəni dayandırması nəzərdə tutulur. “Formula-1” mütəxəssislərinin fikrincə, bu yenilik həyəcanı bir qədər də artırıb.
Yada salaq ki, 2019-cu ildə paytaxtımızda keçirilmiş “Formula-1” üzrə dünya çempionatının
4-cü mərhələsi olan Azərbaycan Qran-prisində ən məşhur 20 pilot 10 komandanın tərkibində 6 kilometr məsafədən ibarət 51 dövrəlik mərhələnin qalibi uğrunda yarışmışdı. Maraqlı və gərgin keçən yarışın yekununda “Mercedes” komandasının üzvü Valtteri Bottas 1 saat 31 dəqiqə 52,942 saniyəlik nəticə ilə “Formula-1” SOCAR Azərbaycan Qran-prisinin qalibi olmuşdu. İkinci yeri “Mercedes” komandasının digər üzvü Lyuis Hamilton, üçüncü yeri isə “Ferrari”nin sürücüsü Sebastyan Fettel tutmuşdular. Ötən il isə pandemiya ucbatından dünya çempionatının Azərbaycan mərhələsi ləğv olunmuşdur.
Şübhə
yoxdur ki, bu il “Formula-1” kimi mötəbər idman tədbirinin
Bakıda təşkili irimiqyaslı turnirlərin keçirilməsində
Azərbaycanın malik olduğu potensialı növbəti dəfə
nümayiş etdirəcək, ölkəmizin beynəlxalq
idman aləmində nüfuzunun artmasını təmin edəcəkdir.
Elçin CƏFƏROV
Azərbaycan.-2021.- 6 iyun.- S.1;4.