“Şahdəniz” - dəniz
yataqlarının “şah”ı
Bu zəngin
qaz-kondensat mənbəyi 25 illiyini qeyd edir
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının 25 yaşı tamam oldu. Bu, son onilliklərdə kəşf olunmuş ən böyük və perspektivli karbohidrogen yataqlarından biridir. İlkin hesablamalara görə, “Şahdəniz”in təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı var.
“Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1996-cı il iyunun 4-də Bakıda SOCAR və xarici şirkətlərin konsorsiumu arasında imzalanıb. Bu, haqlı olaraq həm xalqımız və dövlətimiz, həm layihənin əməliyyatçısı - BP şirkəti, həm də onun “Şahdəniz”dəki tərəfdaşları üçün mühüm hadisə kimi dəyərləndirilir.
HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin il oktyabrın 17-də qüvvəyə minib.
Xatırladaq ki, “Şahdəniz” yatağı Xəzərin dərinsulu şelfində, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50 metrdən 600 metrədək dəyişdiyi ərazidə yerləşir. Bu nəhəng yatağın sahəsi 140 kvadratkilometrdən çoxdur.
“Şahdəniz” 1999-cu ildə kəşf olunub. Artıq 15 ilə yaxındır Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə Azərbaycanı, Gürcüstanı və Türkiyəni təhlükəsiz və ahəngdar şəkildə qazla təchiz edir. Belə ki, yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində ilk hasilat 2006-cı ildə əldə olunub. Həmin il istifadəyə verilən CQBK indiyədək təxminən 96 milyard kubmetr “Şahdəniz” qazı ixrac edib. Hazırda “ Şahdəniz-1”dən ildə 10 milyard kubmetrdən çox qaz hasil edilir və sözügedən üç ölkəyə çatdırılır.
“Şahdəniz”in nəhəngliyini göstərən faktlardan biri də odur ki, yataq iki fazada işlənir. 2013-cü il dekabrın 17-də “Şahdəniz” konsorsiumu layihənin ikinci mərhələsinin işlənməsi üçün yekun investisiya qərarını elan edib. “Şahdəniz-2”dən hasilata 2018-ci ildə başlanıb. Buradan ildə əlavə 16 milyard kubmetr qaz hasil olunacaq və nəticədə yataq üzrə ümumi hasilat həcmi ildə
26 milyard kubmetrə çatacaq.
İlk qaz əldə olunandan bu ilin birinci rübünün sonunadək “Şahdəniz”dən ümumilikdə 140 milyard kubmetr qaz və təxminən 33 milyon ton kondensat hasil edilib.”Şahdəniz”in mövcud qurğularının hasilat gücü hazırda gündə 58 milyon (ildə 21 milyarddan artıq) standart kubmetrdir.
Buradakı quyular məhsuldarlığı
ilə seçilir. Yatağın ən məhsuldar quyusundan hazırda hasilat gündə 36 min barel neft ekvivalenti
təşkil edir. Bugünə
qədər yataqda ümumilikdə 32 quyu, o cümlədən “Şahdəniz-1” çərçivəsində 11, “Şahdəniz-2”
çərçivəsində isə 21 quyu qazılıb. Onlardan 19-u hazırda istismardadır.
Layihə
texniki təhlükəsizlik
baxımından da yüksək göstəricilərə
nail olub. İndiyədək “Şahdəniz” çərçivəsində
14 ətraf mühitə
təsirin qiymətləndirilməsi
və 48 dəniz, quru və sahilyanı
ərazilər üzrə
monitorinq tədqiqatları
aparılıb.
“Şahdəniz” Xəzərə
həmçinin qabaqcıl
texnoloji təcrübənin
gətirilməsində böyük
rol oynayıb. Belə ki,
yatağının işlənməsi
zamanı bir sıra texniki çətinliklər ortaya
çıxmışdı. Buraya yüksək lay-kollektor təzyiqləri, dərin sularda yerləşmə və nəhəng coğrafi ərazini əhatə etmə səbəbindən lay-kollektora
girişin mürəkkəbliyi
daxil idi. Bu çətinliklərin öhdəsindən gəlmək
üçün “Şahdəniz”
layihəsində qabaqcıl
sualtı və qazma texnologiyaları tətbiq olundu. Onlardan bəziləri Xəzərdə
ilk dəfə istifadə
edilirdi.
“Şahdəniz” yatağının
işlənməsi bir
çox sahələrdə
yerli potensialın və texnoloji imkanların artmasına təkan verib. Məsələn, “Şahdəniz-2”
platformalarının inşası
ilk dəfə tam olaraq
Azərbaycanın yerli
resurslarından və
infrastrukturundan istifadə
edilərək həyata
keçirilib.
Layihə ölkənin dəniz gəmilərinin imkanlarının
genişləndirilməsinə də kömək göstərib. Layihə çərçivəsində
istifadəyə verilmiş
müasir “Xankəndi”
sualtı tikinti gəmisi xüsusi olaraq “Şahdəniz”də
sualtı tikinti işlərini dəstəkləmək
üçün inşa
edilib.
“Şahdəniz” işlənməsinin
hər iki mərhələsində tikinti
və istismar əməliyyatlarında region əhalisinin
məşğulluğuna sanballı
dəstək verib. “Şahdəniz-1”in
işə salınmasında
5000-dən çox insan
iştirak edib.
“Şahdəniz-2”nin işlənməsinin
pik həddində isə Azərbaycan və Gürcüstanda 30 mindən çox iş yeri yaradılıb . Yerli işçi qüvvəsinin
bacarıqlarını inkişaf
etdirmək üçün
hərtərəfli təlim
və təhsil proqramları keçirilib.
Eləcə də yüzlərlə
Azərbaycan şirkətinə
öz potensialından
istifadə etməyə
və neft-qaz sənayesi layihələri
üçün təchizatçı
olmağa imkan verib.
Keçən ilin sonunda 3500 kilometrlik “Cənub qaz dəhlizi”nin
tamamlanması nəticəsində
“Şahdəniz” Xəzərdən
uzaqlarda yerləşən
Avropa istehlakçılarını
qazla təmin etməklə qitə üçün yeni enerji təchizatı mənbəyinə çevrilib.
“Şahdəniz” üzrə
sazişin imzalanmasından
bəri keçən
25 il Azərbaycanın
neft-qaz sənayesinin yeni tarixində mühüm mərhələdir.
Bu, həmçinin SOCAR, BP və “Şahdəniz” sazişi üzrə bütün digər tərəfdaşlar üçün
əhəmiyyətli bir
dövrdür.
“Şahdəniz” yatağının
kəşf edilməsi
və işlənməsi
Azərbaycanın regional və
beynəlxalq miqyasda iri qaz təchizatçısı
kimi rolunu artırıb. Ölkəmizi ən irihəcmli
birbaşa xarici investisiya ilə təmin edib, qarşıdan gələn
onilliklər ərzində
neft-qaz gəlirlərinin
artmasına zəmin yaradıb. Bu layihə Azərbaycanın
iqtisadiyyatını getdikcə
daha da gücləndirəcək.
Flora SADIQLI
Azərbaycan.-2021.- 6 iyun.- S.1;6.