Azərbaycan dünyada tolerant və multikultural ölkə kimi tanınır
Tolerantlığın Azərbaycanda möhkəm
təməl sütunları,
zəngin ənənələri,
dərin tarixi və mədəni kökləri var. Xalqımız
bu gün də öz dəyərləri ilə
dünyaya nümunədir. Bakının evsahibliyi etdiyi beynəlxalq tədbirlərin,
simpozium və yığıncaqların, dünya
çempionatlarının, “Formula-1” kimi möhtəşəm
yarışların müxtəlif
ölkələrdən olan
iştirakçılarına və qonaqlara bir daha aydın
olur ki, Azərbaycan multikultural dəyərlərə malik
tolerant ölkədir.
Azsaylı xalqların da igid oğullarının iştirak etdiyi 44 günlük Vətən müharibəsinin Zəfər
qələbəsinin yaratdığı
yüksək əhvali-ruhiyyə
ilə yaşanan Azərbaycan “Formula-1”in cari
mövsümdə 6-cı mərhələsinin
keçirilməsinə evsahibliyi
edir. Prezident İlham
Əliyev demişdir:
“Formula-1” yarışının Azərbaycanda keçirilməsinin
ölkəmizin dünyada
tanıdılması üçün
müstəsna əhəmiyyəti
vardır. Beş yüz milyon
tamaşaçı auditoriyası
olan bu yarışa
bütün qitələrdə
baxmışlar və
şəhərimizin gözəlliyini,
insanlarımızın qonaqpərvərliyini
bütün dünya görübdür”.
Multikultural və tolerantlıq elementlərini özündə
əks etdirən bu yarış dünyanın bütün
xalqları və millətləri tərəfindən
sevilir. Çünki bu kimi tədbirlər müxtəlif
millətlərə və
məzhəblərə mənsub
insanların mədəni
müxtəlifliyinin qorunmasına,
inkişafına və
harmonizasiyasına, habelə
azsaylı xalqların,
dövlətlərin milli
mədəniyyətinə inteqrasiyasına
yönəldilib. Multikulturalizm tolerantlığın təcəssümüdür.
Onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər
mədəniyyəti, insanlar
arasında qarşılıqlı
anlaşma, zənginləşmə,
idman yarışları,
dostluq və əməkdaşlıq mümkün
deyil. Multikulturalizmin əsasını tolerantlıq, milli birliklərin adət-ənənələrinə
və bir-birinin azadlığına hörmət
hissi təşkil edir.
Multikulturalizm başqa xalqın nümayəndəsinə, başqa
dinə hörmətdir. Öz dininə
hörmət başqa
dinə hörmətdən
başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol
vermir, əksinə, bütün xalqları birləşdirir. Həmçinin multikulturalizm elə bir siyasətdir ki, mədəni plüralizmi qəbul edir və onun
inkişafına şərait
yaradır. Bu, ölkə əhalisinin etnik irqi və
dini müxtəlifliyindən
asılı olmayaraq, onların hamısının
hüquq və azadlıqlarına hörmətlə
əlaqədardır. Multikultural cəmiyyətdə hər
bir vətəndaş
öz mədəniyyətini,
dilini, ənənəsini,
etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində
bərabər hüquqlara
malikdir.
Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri olan “Qırmızı qəsəbə”, İvanovka və başqa kəndlər dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Bunun bariz nümunəsini Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mayın 15-də Qəbələ rayonuna səfəri zamanı bir daha müşahidə etdik. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsini, Müqəddəs Yelisey adına Cotari kilsəsini ziyarət etdilər. Bu, əlbəttə ki, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi, bütün dini konfessiyalara dövlət dəstəyinin növbəti bariz nümunəsidir. Xatırladaq ki, Müqəddəs Məryəm Ana Alban kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanıb, 2020-ci ilin noyabr ayında
44 günlük müharibə zamanı bərpa işləri tamamlanıb. Bu tarixi irsin yenidən bərpası Azərbaycanda multikultural dəyərlərə verilən önəmin göstəricisidir. Udilər bu gün alban kilsəsinin varisləridir, xristianlığı qoruyub saxlayıblar. Yenidənqurma zamanı tikilinin kərpicləri, daşları bərpa olunub, həyətyanı sahə abadlaşdırılıb, bulaq və üç gölməçə yaradılıb. Kilsənin tavanı, döşəməsi dəyişdirilib. Kilsənin aşağı hissəsi XII əsrdə tikilib. Müqəddəs Məryəm Ana kilsəsi Azərbaycanda ən böyük kafedral kilsədir. İkinci hissənin tikintisi isə 1898-ci ildə davam etdirilib və bərpa olunub. Tarixi özündə əks etdirən Müqəddəs Məryəm Ana kilsəsinin bərpası Afina memarlığına uyğun olaraq aparılıb.
Prezident İlham Əliyev kilsədə olarkən deyib ki, udi xalqının çox böyük tarixi mirası var: “İndi həm Qəbələ rayonu ərazisində və eyni zamanda, azad edilmiş torpaqlarda siz gedib ibadət edirsiniz - həm Xudavəngdə, həm Ağoğlanda. Orada udi xalqına məxsus olan digər məbədlər də var. Onların böyük hissəsi dağılmış, ya da ki, yarıdağılmış vəziyyətdədir. Ona görə onları da bərpa edəcəyik. Siz o kilsələrə də gedəcəksiniz. Siz Xudavəngdə bir neçə dəfə olmusunuz”.
Dövlət başçısı əlavə edib ki, Şuşada keçirilən “Xarıbülbül” festivalında udi xalqının nümayəndələri çıxış ediblər: “Bu da bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Uzun fasilədən sonra Şuşada təşkil edilmiş “Xarıbülbül” festivalının ilk günündə Azərbaycanda yaşayan xalqların nümayəndələri səhnəyə çıxmış və öz mədəniyyətlərini nümayiş etdirmişlər. Eyni zamanda, biz hamımız birliyimizi nümayiş etdiririk və bu kilsənin bərpa edilməsi də bizim birliyimizi təcəssüm etdirir”.
Nic kəndi udilərin ən iri yaşayış məskənidir. Tolerantlığın nümunələrindən biri olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını məhz Qəbələnin Nic qəsəbəsində yaşayır. Azərbaycan Prezidenti həmin gün Nic qəsəbəsində yerləşən Müqəddəs Yelisey adına Cotari kilsəsində də olmuşdur. Nic qəsəbəsindəki bu kilsə də Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə əsaslı bərpa olunaraq Alban-Udi Xristian dini icmasının istifadəsinə verilib. Müqəddəs Yelisey kilsəsi 1823-cü ildə tikilib. Azərbaycanın qədim yerli xalqlarından biri olan udilər haqqında hələ Herodot, Plini və Strabonun əsərlərində məlumat verilib. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün əsasən Azərbaycan ərazisində mövcuddur. Udilər Qafqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub. Bu gün faşizmi dövlət siyasətinə çevirən, monoetnik ölkə olan, 30 ilə yaxın işğalda saxladığı Azərbaycan ərazilərində tarixi-dini abidələri dağıdan, udilərə və digər azsaylı millətlərə məxsus dini abidələri özününküləşdirməyə çalışan Ermənistandan fərqli olaraq Azərbaycan multikultural ənənələri, tolerantlığı ilə nümunə olmaqda davam edir.
Bu kimi nümunələrə ölkəmizin bütün bölgələrində rast gəlmək mümkündür. Tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcuddur. Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və dostluq şəraitində yaşadığı məkan olub. Bu gün Azərbaycan dünyada humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır. Ölkəmizin əsrlərboyu bir çox fərqli sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşməsi, Asiya ilə Avropa arasında körpü rolunu oynaması burada mədəniyyətlərin müxtəlifliyinin yaranmasına səbəb olub.
Rəhman SALMANLI
Azərbaycan.-2021.- 6 iyun.- S.1;6.