Nişan üzüyü boxçada
qaldı
Şəhidlər xiyabanında bir igid uyuyur. Bu qəhrəman Ermənistanın Hamamlı mahalının Spitak rayonunun Saral kəndində 1970-ci ildə doğulmuş Əsəd Cəlal oğlu Əhmədovdur. Müəllim ailəsində uşaqlığı keçən, gələcəyə əhd-peyman bağlayan, lakin arzuları ürəyində qalan, mərmər daşlarda heykələ dönüb əbədiyyətə qovuşan Əsəd Əhmədov haqqında fikirlərimi hekayə halında cəmləşdirməyə çalışdım. Onun haqqında məlumatları tək bacısı olan məktəbimizin müəllimi Afidə Əhmədovadan aldım.
Əsəd dünyaya göz açanda tale onun ömür kitabına acı bir kədər yazıbmış. Bu qəhrəman oğul Daşdəmirlilər tayfasından olan Qaçaq Bəkirin nəslindəndir. Atalar gözəl deyib: “Ot kökü üstə bitər.” Belə ki, Bəkir Qurban oğlu çar Rusiyası dövründə qaçaqçılıq edib şöhrətlənmişdir. Həmin vaxt bir erməni ilə arasında münaqişə olur və zoğal çubuğu ilə onu məhv edir. Bəli, tarix təkrar olunur.
Əsəd Əhmədov ziyalı ailəsində boyümüş, kənddə nüfuz qazanmış atası Cəlal müəllimdən dərs almışdı. Ailənin beşinci övladı olan Əsəd orta məktəbdə oxuyarkən davranışı, biliyi ilə hamıdan seçilərdi.
1988-ci ildə Spitak
rayonunda zəlzələ
baş verir. Həmin vaxt
oradan köçürülənlərdən
biri də Cəlal müəllimin ailəsi olur. Bakıya pənah gətirən Əsəd 5 nömrəli
texniki-peşə məktəbində
elektrik peşəsinə
yiyələnir. 1989-cu
ildə Sovet Ordusu sıralarında Almaniyada hərbi xidmət keçir. Xidmətdən sonra Milli Orduya üzv yazılır. 1992-ci ildə Xocalı faciəsindən sarsılan
Əsəd cəbhəyə
yola düşür.
Həmin vaxt Şuşanın Zarıslı,
Tuşssu, Salatınkənd
yaşayış məntəqələri
uğrunda döyüşlərdə
fəal iştirak edərək onlarca erməni quldurunu məhv edir. Ölümdən qorxmayan Əsədin
həyat yolu kimi, döyüş yolu da qısa
olur.
Alın yazısı deyilən bir həqiqət var. Alnına nə yazılıbsa, o da olmalıdır. Şəhidlik də alın
yazısıdır.
Vətənpərvərlik ailədən başlayır. Simuzər ananın,
Cəlal müəllimin
tərbiyəsi buna bariz nümunədir.
Əsəd qəhrəmanlığı
Böyük Vətən
müharibəsi illərində
həlak olmuş, adları Azərbaycan
Sovet Ensiklopediyasında
yer almış əmiləri Veysəl və Rəsul Əhmədovlardan öyrənmişdir.
Cəlal müəllim ailədə
5 igid oğul, 1 qız övladı böyütmüşdü. Qardaşı
Qarabağ qazisi kapitan İntiqam Əhmədov da bu
il dünyasını
dəyişmişdi. Bir ailəyə
2 zərbə vurulmuşdu.
Əsədin vətənpərvərliyi haqqında
sinif müəllimi Aslan müəllim və sinif rəhbəri
Şahbəndiyar müəllim
danışarkən onun
yenidən orduya getməsinə rayonumuzdan
15 nəfərin, kəndimizdən
isə 3 nəfərin
qətlə yetirildiyini
əsas gətirirdilər. Anası
Simuzər ana bir dəfə onun əlinin yaralandığını görüb
narahat olanda o, deyir: “Qəm yemə, ana! Əlimin yaralanması nə böyük şeydir?”
Həmin vaxt o, bacısı Afidəni qızıl mağazasına apararaq bir nişan
üzüyü və
sırğa alır:
“Bacı, saxla, erməniləri qovan kimi bilirsən də...” Gedəndə atası Cəlal müəllimə
deyir: “Ölsəm, qəhrəman kimi öləcəyəm, girov
düşməyimi ağlına
belə gətirmə”.
Sən demə, insan
öz qısa ömrü ilə bütöv bir ömür yaşaya bilərmiş və ölümdən yüksəkdə
dayanan bir zirvəyə qalxarmış.
Bəli,
Əsəd də şərəfli ölümü
ilə əbədi ölümsüzlüyə qovuşdu.
İyulun 31-i onun son döyüşü
oldu. Qaraqaya və Kətik
yaşayış məntəqələrinin
azad edilməsində düşmən onu qana boyadı. O, gəzib doymadığı Dəlidağı, Kərim bulağını, Pəmbək
çayını, dostları
və nişan göndərəcəyi sevdiyi
qızı gözləri
önünə gətirdi.
Qəlpələr onun mükafat
aldığı pulları
da qana boyamışdı. Bəlkə də o, son dəfə anasını xatırladı:
Mənim
üçün ağlama,
Ana, şəhid olmuşam.
Ürəyimi dağlama,
Haqqa şahid
olmuşam.
İsti yay günlərinin birində Əhmədovlar
ailəsinin qapısı
təlaşla döyüldü.
Hərbi paltarlı şəxslər
çətin də olsa, ölüm xəbərini onlara çatdırdılar. Bacısı
Afidə hönkürərək
“Nişan üzüyü
boxçada, arzun ürəyində qaldı,
qardaş!” dedi.
Əsəd, Vətən oğlu, sən şəhidlik qismətinlə müqəddəsliyə
qovuşdun. Anadan olduğun ayda
da əbədiyyətə
qovuşdun. Nişan
üzüyün gözdağı
oldu Simuzər
anaya, Afidə bacıya, Cəlal ataya. Adını gizli saxladığın bir gözəlin bəxt
ulduzu beləcə söndü. Cəlal kişi sənin
yoxluğuna dözə
bilmədi, aramızdan
vaxtsız getdi. Simuzər ana isə hər qapı açılıb
örtüləndə baxır,
bir oğul yolu gözləyir: “Başını uca tut, ana, sənin oğlun Vətən, torpaq uğrunda şəhid olub”.
Beləcə, bir ömür
də soldu. İki gəncin taleyi yarımçıq qaldı.
Vətən eşqi səni
Cəlal müəllimdən,
Simuzər anadan alıb el-obaya, Azərbaycana oğul elədi. Vətən oğlu isə
heç zaman unudulmur.
5 fevral 1993-cü ildə Azərbaycan Respublikasının
Prezidenti sənə “Milli Qəhrəman” fəxri adı verdi. Simuzər anaya
vətənpərvər oğul
tərbiyə etdiyinə
görə “Mehriban ana” medalı təqdim edildi.
Şəhidlər xiyabanında məzarının
qara lenti üzərində belə
bir ürəkdağlayan
sözlər yazılmışdı:
“Ölümünə inanmıram,
Əsəd!
Mən səni dəlicəsinə
sevirdim, sevirəm, sevəcəyəm də.
Sonu necə olacaq bilmirəm...”
Yəqin ki, bu sətirlər
adını gizli saxladığın el qızının
sənə son sözləri
idi.
Bakının Yasamal rayonunda bir küçə və 308 nömrəli məktəb Əsəd Əhmədovun adını
daşıyır. Torpağı vətənləşdirən oğullar
adlarını da əbədiləşdirirlər.
Kaş yaşayıb
Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti
ilə bu müharibədə necə
qalib olduğumuzu görəydin.
44 günlük
müharibədən zəfərlə
çıxmağımız hamını sevindirdi.
Bu sevinc payı
sizə də çatır, çünki
qələbəni ilk dəfə
sizlər çalmısınız.
Rahat yatın, elin
qəhrəman oğulları,
torpaqlarımız işğaldan
azad olunub və sükan xalqın yeganə etibar etdiyi, məğrur sərkərdəmiz
İlham Əliyevdədir.
Ümid edirik ki, bundan
sonra da Müzəffər Ali Baş
Komandanımızın rəhbərliyi
altında qədim Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə, İrəvan
mahalları da işğaldan azad olunacaqdır.
Nazilə ƏLİYEVA,
Bakı şəhər 177 nömrəli
tam orta məktəbin
ədəbiyyat müəllimi
Azərbaycan.-2021.-
6 iyun.- S.5.