Qələbə sorağın daim zirvələrdən gəlsin, qazi komandir!

 

 

Səsin hay-harayı deyirlər ki, min illərə gedir. Klassiklərimizin əsrlərin o tayından gələn səs-sədası da bu mənada unudulmazdır, yaddaqalandır. Musiqili səsə sərhəd olmaz. Bunu da dili nəğməli nəğməkarlarımız deyiblər. Çünki zaman-zaman sınaqdan çıxıb.

Lakin unutmayaq ki, səs-soraqlılarımızın heç də hamısının dili nəğməli deyil. Elələri də olub ki, Koroğlu, Qaçaq Nəbi, Sultan bəy kimi, səsinin zərbindən və zəhmindən düşmənin bağrı yarılıb.

Bəli, məhz belə ərənlərimizin səsi 44 günlük Vətən müharibəsində düşmənə ağır zərbə oldu! Şuşa və Laçın dağlarında igidlərimizin qartal baxışları erməniləri çaş-baş qoydu. Ona görə silah-sursatını, boş qalan papağını atıb qaçmağa məcbur oldular.

Torpaq, el-oba, yurd uğrunda vuruşmaq hər bir kəsin müqəddəs borcudur. Düşmənlə üz-üzə gələn oğullarımız canlarından keçərək şəhidlik zirvəsinə ucalmaqla əbədiyyət qazandılar. 27 sentyabr 2020-ci il tarixindən sonra xalqımızın vətənpərvər oğulları düşmən üzərinə yalnız sıradan bir vətən övladı kimi yox, dağların zirvəsində qanad çalan qartal kimi şığıdılar!

...Yaralansa da döyüşdən qalmayan belə oğullardan biri də 1995-ci ildə qədim Şamaxı yurdunda dünyaya göz açan, Şuşa və Laçınadək döyüş yolu keçən, bu gün də səs-sorağı dağlardan gələn Xəlilov Elmir Məmməd oğludur.

Qobustan rayonunun O.Badayoğlu adına Bədəlli kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Samirə Xəlilova deyir ki, qardaşı Elmir uşaqlıqdan hərb sənətini sevərək seçib. O, Şamaxıdakı M.Hadi adına 9 saylı orta məktəbdə oxuyub. Daha sonra Şamaxı şəhər texniki humanitar və təbiət fənləri təmayüllü internat tipli liseyi bitirib: “Liseyi başa vurduqdan sonra 2012-ci ildə Azərbaycan Ali Hərbi Akademiyasına qəbul olunub. 2016-cı ildə akademiyanı bitirməklə artillerist ixtisasına yiyələnib.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Elmirindöyüş yolu uzun olub. O, Talışkənd, Suqovuşan, Ağdərə, Qubadlı istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib...”

Elmir Xəlilovun hərb sənətini seçməsi heç də təsadüfi deyil. Atası Məmməd kişi 1993-cü ildə Birinci Qarabağ savaşında iştirak edib: “O zaman mən altıaylıq körpə olmuşam. Ermənilərin qəddarlığının şahidi olan atam tək qardaşımın da hərb sənətini seçməsini istəyib. Ona görə də onun arzusuna qarşı çıxmadı. O, ali hərbi məktəbi bitirib qulluğa başlayandan ön cəbhədə, düşmənlə üz-üzə olub. Ötən il noyabrın 6-da yaralanıb, amma bu xəbəri ailəmizdən bir müddət gizlədib. Bir qədər yüngülləşdikdən sonra xəbərimiz olub. Şükür, sağalaraq yenidən öz hərbi xidmətini Laçın dağlarında davam etdirir...”

Baş leytenant Elmir Xəlilov Vətənə, xalqa, dövlətə xidməti  həm peşə, həm də özünün vətənpərvərlik borcu hesab edir. Ona görə də o, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Laçının azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”,  “Vətən müharibəsi iştirakçısı”,  “Suqovuşanın azad olunmasına görə”,  “Cəsur döyüşçü” medallarına layiq görülüb.

Anası Zümrüd, atası Məmməd, anasının adını daşıyan bir yaşlı qız balası Zümrüd, ömür-gün yoldaşı Günay xanım, bacıları - Samirə, tələbə Ramilə bundan sonra da komandir, baş leytenant Elmir Xəlilovdan Vətənə layiqli xidmət göstərəcəyinə dair əminliklə hər gün xoş soraq gözləyirlər. Səsin daim zirvələrdən gəlsin, qazi komandir!

 

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2021.- 6 iyun.- S.5.