2500 illik imperatorluq

 

 

Şərqi Asiyada yerləşən və ada ölkəsi olan Yaponiyanın keçmiş adı Nippon-koku və ya Nihon-koku olub. Yaponiya “Gündoğan ölkə” kimi də adlandırılır. Bu ölkə haqqında məlumat verən ilk mənbə I əsrə aid olan Çin tarixi mətnləridir. Belə ki, Yaponiyanın adı ilk dəfə Çin tarixi haqqında olan “Han kitabı”nda qeyd edilib.

Aparılmış arxeoloji qazıntı işləri insanların Yaponiyada üst Paleolit dövründə məskunlaşdığını göstərir. İlk sakinlərin isə Şərqi Asiya və Cənubi Pasifik adalarından gələnlər olduğu qeyd edilir.

Kofun dövründə (III-VI əsr) Yaponiyanın indiki Nara prefekturasının ərazisində ilk yapon dövləti Yamato yaranıb. Yamato dövləti yapon imperator sülaləsinin qurulmasına töhfə verib. Yapon imperator ailəsi və ya Yamato sülaləsi Yaponiya imperatorlarını əhatə edən sülalədir.

Yapon monarxiyası dünyada mövcud olan ən qədim monarxiyadır. Yapon tarixinə görə imperator ailəsi 2500 illik tarixə sahibdir. Əfsanəvi imperator Cimmudan indiki imperator Naruhitoya qədər ümumilikdə 126 hökmdar taxtda olub. Cimmu Yaponiyanın ilk imperatorudur. Onun hakimiyyətə başladığı il e.ə. 660-cı il kimi qəbul edilir. Onun hakimiyyətə başladığı 11 fevral günü Yaponiyada Milli Bünövrə Günü kimi qeyd olunur.

Əsl adı Mutsuhito olan imperator Meiji (1867-1912) Yaponiyanın modernləşməsində mühüm rol oynayıb. Yaponiyanın ən çox taxtda olan imperatoru isə Hirohito olub. O, Yaponiyanı 63 il (1926-1989-cu illər) idarə edən 124-cü imperatordur.

1921-ci ildə məzun olduğu zaman 6 aylıq Avropa səyahətinə çıxan Hirohito həm də xaricə gedən ilk yapon şahzadəsi olub. 25 dekabr 1926-cı ildə atası Taişo vəfat etdikdə isə Yaponiya imperatoru elan edilib. Böyük Yaponiya İmperiyası Konstitusiyası (Dai Nihon Teikoku Kenpö) imperatora böyük səlahiyyətlər verir. O, yaponların II Dünya müharibəsindəki məğlubiyyətindən sonra - 1945-ci il  avqustun 15-də radio vasitəsilə Yaponiyanın Potsdam Bəyannaməsini qəbul etdiyini bildirdi. Bu çıxışı ilə o  yapon imperatorlarının ənənəvi danışmamaq adətini pozdu.

Yapon monarxiyasının varislik qaydaları və imperator ailəsinə aid olma meyarları 16 yanvar 1947-ci il tarixli İmperator Sarayı Qanunu ilə tənzimlənir. Yaponiya Konstitusiyasına görə, imperator dövlətin və xalqın birliyinin simvoludur. Yaponiya İmperator Ailəsinin inzibati və iqtisadi məsələlərinə dair qərarlar İmperator Sarayı Şurası və Nazirlər Şurası tərəfindən qəbul edilir. Mövcud Konstitusiyaya əsasən, imperator ailəsinin mülkiyyəti dövlətə məxsusdur və bu səbəbdən üzvlərin əmlakın köçürülməsi və əldə edilməsi kimi məsələlərdə məhdud hüquqları var. İmperator ailəsinin büdcəsi parlament tərəfindən təsdiqlənir. 1889-1947-ci illərdə qüvvədə olan Konstitusiyaya görə, bütün Yaponiya ilə əlaqəli ümumi hüquq normaları imperator ailəsinə şamil edilmirdi və parlamentin ailənin işlərinə qarışmaq səlahiyyəti yox idi. İdarə işlərini imperator özü həll edirdi və ona imperator sarayının naziri kömək edirdi.

İndiki yapon imperator sarayı VI əsrdə inşa edilib. İlk daimi imperatorluq paytaxtı 710-cu ildə indiki Nara şəhəri olan Heijö-Kyödə salınıb.

 

 

 

Yapon möcüzəsi

 

 

1945-ci il avqustun 6-da Yaponiyanın Hiroşima, avqustun 9-da Naqasaki şəhərlərinə ABŞ tərəfindən atom bombaları atıldı. Birinci bombanı Amerika Prezidentinin fərmanı ilə Hiroşima şəhərinə “B-29” təyyarəsinin pilotu Paul Tibets Birləşmiş Ştatlara məxsus “Balaca oğlan” adlı təyyarədən atmışdı. Beş tonluq atom bombasının atılmasından yaranan partlayış nəticəsində Hiroşima şəhərinin 60 faizi tamamilə məhv olmuş, partlayış, yanğınlar və güclü şüa xəstəliyi nəticəsində 200 mindən çox insan həlak olmuşdu.

II Dünya müharibəsində ağır məğlubiyyətə uğramasına baxmayaraq, qısa müddətdə Yaponiyanın sürətli inkişafı və dünyanın aparıcı iqtisadi güclərindən birinə çevrilməsi “Yapon möcüzəsi” kimi qəbul edildi.

“Yapon möcüzəsi”nin ən əhəmiyyətli simalarından biri 1960-cı illərdə baş nazir vəzifəsini tutan Hayato İkeda olub. O, Yaponiyanın müvəffəqiyyətinin təməli olan iqtisadi böyümə proqramı hazırlayıb. İkeda cəmi 10 il müddətinə milli gəliri iki dəfə artırmağa nail olub.

1980-ci illərin sonunda Yaponiyanın iqtisadi inkişafı o qədər göz qamaşdırdı ki, “Yaponiya bir nömrəli” şüarı altında onun dünyanın ən böyük iqtisadi gücünə çevrilmə planları hazırlanmağa başlanıldı. Buna baxmayaraq, 1990-cı illərin əvvəllərindən etibarən Yaponiya iqtisadiyyatında tənəzzül baş verdi.

Hazırda böyük iqtisadi inkişaf ilə yüksək rifah səviyyəsinə çatmış, texnika və elmdə çox irəli getmiş Yaponiya az qala bütün dünya bazarlarını ələ keçirmiş bir dövlətdir. Milli gəliri 5,38 trilyon dollar olan bu ada dövləti hazırda dünyanın 3-cü böyük milli iqtisadiyyatına sahibdir. Yaponiya həm də dünyanın ən böyük 5-ci ixracatçısı və idxalçısıdır.

Yaponiyanın böyük iqtisadi təcrübəsi var. Ölkədə texnologiya sahəsində tanınmış bir çox şirkət fəaliyyət göstərir. Yaponiya həm də elmi tədqiqatlar sahəsində lider ölkələrdən biridir. Bu ölkədə 700 minə yaxın tədqiqatçı fəaliyyət göstərir. Tədqiqat işlərinə illk təxminən 130 milyard ABŞ dolları ayrılır ki, bu göstəriciyə görə də o, dünyada üçüncü yerdədir. Yaponiyanın sanballı texnoloji töhfələri elektronika, maşınqayırma, mexaniki avadanlıqlar, inşaat mühəndisliyi, sənaye robototexnikası, optika, kimyəvi maddələr, yarımkeçiricilər və metal sahələrinə aid edilir. Yaponiya robot istehsalında və istifadəsində aparıcı ölkələrdən biridir. O, 2013-cü ildə bütün dünyada istehsal olunmuş sənaye robotlarının 20 faizini istehsal edib.

 

 

 

Samuray qanunları

 

 

VII əsrin əvvəllərində yapon ordusunda hərbçi aristokratlar, elitar döyüşçülər meydana çıxdı ki, onlara samuray deyirdilər. Samuray sözünün mənası müdafiə etmək, xidmət (hərbi) göstərməkdir. Samuraylar yapon müharibə mədəniyyətində mühüm yer tutur. Samuraylar “buşido” fəlsəfəsinə əsaslanırdılar. Buşido fəlsəfəsində qorxunun yeri yoxdur. Samuray ölüm qorxusunu aşan bir insandır.

Samuray qanunlarına görə, döyüşçülərin sırasına yalnız hərbi qəhrəmanlığa can atan, cəsur, comərd və ədalətli insanlar daxil edilə bilərdilər. Onlar da əsasən zadəganlardan, kiçik mülkədarlardan, imkanlı şəxslərdən və onların ailə, tayfa üzvlərindən ibarət olurdular. Amma bununla belə onların sırasında sadə kəndlilərə, sənətkarlara da rast gəlmək mümkün idi. Qayda isə hamı üçün bərabər idi: hər bir kəs mütləq öz cəsurluğunu sübuta yetirməliydi.

Bu gün dünyada məşhur olan “kamikadze” ifadəsi də yaponlara məxsusdur. Bu, İkinci Dünya müharibəsinin son dövrlərində Sakit okeandakı hərbi əməliyyatlarda ABŞ donanmasına qarşı istifadə olunan yapon intiharçı pilotlarına verilən ad olub. İlkin olaraq isə “kamikadze”, yəni “ilahi külək” 1274-cü və 1281-ci illərdə monqol xanı Kubilayın Yaponiyanı ələ keçirmək üçün göndərdiyi donanmanı məhv edən tayfuna verilən ad olub.

 

 

 

AİKİDO-nun vətəni

 

 

AİKİDO döyüş sənəti XX əsrin ortalarında dahi ustad Morihei Ueşiba (1883-1969) tərəfindən Yaponiyada yaradılıb. O, məşğul olduğu müxtəlif yapon döyüş sənətlərindən qaynaqlanaraq, yaratdığı

AİKİDO təlimini insanın fiziki və ruhi inkişafına və təbiət qanunlarının dərk edilməsinə yönəldir. AİKİDO-nun fəlsəfəsi kiminsə üzərində qələbə çalmaq deyil, insanın öz üzərində qələbəsidir. AİKİDO-da yarışlar keçirilmir və ənənəvi döyüş sənəti kimi təqdim olunur və buna görə də digər döyüş növlərindən fərqlənir.

AİKİDO-da heç bir rəqabət yoxdur. Şüurun və bədənin inkişafına yönələn daimi məşqlər nəticəsində ustalığa çatmaq mümkündür. Ustalıq döyüş meydanında və ya tatamidə sübut olunur.

 

 

 

7000-ə yaxın adadan ibarət olan ölkə

 

 

 

Yaponiya Şərqi Asiyanın Sakit okean sahili boyunca uzanan 6852 adadan ibarətdir. Bu adalar vulkanik zonada yerləşirlər. Yaponiya zəlzələ və sunamilərə meyilli ölkədir və inkişaf etmiş ölkələr arasında ən böyük təbii fəlakət riskinə malik dövlətdir. Yaponiyanın  ən böyük dörd adası - Honşu, Hokkaydo, Kyuşu və Şikoku ölkə ərazisinin təxminən 97 faizini əhatə edir.

Ümumilikdə bütün adalar birlikdə Yapon arxipelaqını əmələ gətirir. Ölkədə 108 fəaliyyətdə olan vulkan var. XX əsr boyunca Hokkaydodakı Şova-şinzan və Beyonesu qayalıqlarındakı Myocin-şo kimi bir neçə yeni vulkan püskürüb. Tez-tez sunami ilə nəticələnən dağıdıcı zəlzələlər hər əsrdə bir neçə dəfə baş verib. 1923-cü ildə Böyük Kanto zəlzələsi 140 min nəfərin ölümünə səbəb olub. Digər baş vermiş dağıdıcı zəlzələlər Böyük Hanşin (1995) və Tohoku  (2011) zəlzələləridir. Tohoku zəlzələsi 11 mart 2011-ci ildə baş vermiş və dəhşətli sunamiyə səbəb olmuşdur.

 

 

 

İkinci Dünya müharibəsində 2,1 milyon yapon həlak olub

 

 

 

Tarixdə indiyədək ən çox yapon İkinci Dünya müharibəsində həlak olub. Bu müharibədə həlak olan 2,1 milyon nəfərin adı Yasukuni məbədində ilahiləşdirilib. Müharibədən sonra ölüm hökmünə məhkum olunan 1068 nəfər, o cümlədən bəşəriyyət əleyhinə cinayətdə ittiham olunan keçmiş baş nazir və 13 generalın adı da burda müqəddəsləşdirilib. Məbəddə həmçinin Tokio prosesində ittiham olunan yapon hərbçilərə bəraət verilməsini tələb edən yeganə hakim, hindistanlı Radxabinod Pala da heykəl qoyulub.

Yasukuni məbədində tikildiyi dövrdən İkinci Dünya müharibəsinədək baş verən 11 müharibədə həlak olan 2,5 milyon döyüşçünün adı yazılıb. Məbəddə həlak olan döyüşçülərin ruhuna ibadət edilməsi imperator uğrunda canını verən döyüşçülərin allahlara bərabər tutulması anlamına gəlir.

Yasukuni 1869-cu ildə imperator Meydzinin əmri ilə Tokioda vətəndaş müharibəsində həlak olanların xatirəsinə tikilən sintoist məbəddir. Digər sintoist məbədlərdən əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burada Yaponiya və imperator uğrunda həlak olan döyüşçülərin ruhuna ibadət edilir. Bu məbədin ali ilahəsi Yaponiya imperatoru hesab olunur.

 

 

 

Yaponların qızıl məbədi

 

 

 

Yaponiyada qızıl məbədi kimi tanınan Kinkaku-ci bu ölkənin nadir incilərindən biridir. Kiotoda yerləşən qədim məbədin üzəri təmiz qızıldan örtülüb.

Məlumata görə, 1394-cü ildə Yaponiyanın III imperatoru Sequn Yoşimitsu taxt-tacdan əl çəkdikdən sonra ömrünü sakit bir guşədə başa vurmağı qərara alıb və Qızıl məbədin tikintisinə başlayıb. Yoşimitsunun vəfatından sonra imperator Kinkaki bu məbədin tikintisini başa çatdırıb. Məbədin hər mərtəbəsinin öz adı var və özünəməxsus bəzədilib. Binanın ikinci və üçüncü mərtəbələri üzərinə yapon lakı çəkilmiş nazik qızıl təbəqə ilə örtülüb. Bir neçə dəfə tamam yanmış bina 1955-də yenidən inşa edilib.

Yaponiyanın digər maraqlı abidəsi “Bülbül döşəmə”dir. Yapon qəsrlərinə və ibadətxanalarına kənar şəxslərin xəlvəti daxil olmamaları və onların bu işlərini çətinləşdirmək üçün tez-tez “bülbül döşəmə” quraşdırıblar. Döşəmənin taxtaları xüsusi formada bir-birinə alt-üst - V formalı dəmirlərlə bərkidilir, bunun nəticəsində döşəmə təzyiq altında olanda quşların civilti səsini çıxarmağa başlayır. Ən maraqlıısı da odur ki, ayaq barmaqlarının ucunda gəzmək istəyəndə təzyiq çoxalır, bununla səs daha güclü  çıxır.

 

 İlhamə İSABALAYEVA

Azərbaycan.-2021.- 6 iyun.- S.7.