Bakı möhtəşəm idman bayramının şahidi
oldu
Azərbaycan Qran-prisinin
təşkili hər cür təqdirəlayiq
idi
Dünyanın ən böyük idman tədbirlərindən biri olan “Formula-1” üzrə dünya çempionatının cari mövsümdə altıncı mərhələsi - Azərbaycan Qran-prisi artıq arxada qalmışdır. Srağagün Bakıda keçirilmiş yarışın qalibləri indi qazandıqları uğurun sevincini yaşayır, təbrikləri qəbul edirlər.
Məlum olduğu kimi, Azərbaycan Qran-prisi
“Red Bull Racing Honda”
komandasının üzvü Serxio Peresin qələbəsi
ilə başa çatmışdır.
Meksikalı pilot
Bakı şəhər halqasında 51 dövrəni
hamıdan tez başa vuraraq fəxri kürsünün
zirvəsinə yüksəlmişdir. İkinci yeri
“Aston Martin” komandasının almaniyalı pilotu Sebastyan Fettel tutmuşdur. “AlphaTauri”
komandasının fransalı
pilotu Pyer Qasli isə yarışı üçüncü
pillədə bitirmişdir.
Şübhəsiz, Bakıda ən çox sevinən Qran-prinin qalibi Serxio Peres idi. Pilotun sevinci yerə-göyə sığmırdı: “Bakını
sevirik! Burada “Red Bull” ilə birlikdə
ilk qələbəmizi qazanmaq
çox xoşdur.
Bugünkü gündən həzz
ala bilərik. Mükəmməl tempimiz və çox səmərəli
avtomobilimiz var idi. Komanda hər həftə
maksimum səy göstərir. Arxada yalnız
altı yarış qalıb, hələ daha irəli gedə bilərəm”.
Peresin komanda yoldaşı Maks Ferstappen podiuma çıxa bilmədiyindən təəssüf
hissi keçirsə də, əldə olunmuş qələbənin
əhəmiyyətini vurğulamışdır:
“Serxio komandanın ondan istədiyi hər şeyi etdi. O, əla start götürdü və
pit-stopdan sonra ikimiz də Luisi keçdik. Qələbə qazanmaq mənə
müyəssər olmasa
da, onun bunu bacardığına görə sevinirəm.
Serxio əla oğlan, gözəl ortaqdır.
“Red Bull”da ilk qələbəsindən sonra
podiumda təbbəssümünü
görmək xoş idi”.
“Formula-1”in tarixində ilk dəfə Bakıda podiuma çıxan “Aston
Martin” komandası da nəticədən məmnundur. Komandanın rəhbəri
Otmar Safnauerin fikrincə, Azərbaycan paytaxtında ikinci yeri tutmaq “Aston Martin” kollektivinin parlaq uğurudur. Komandanın
pilotu Sebastyan Fettel isə belə bir uğura
imza atacağını
gözləmirdi: “Sevincimdən
göyün yeddinci qatındayam - ikinci yer hamımız üçün çox şey deməkdir. Podiuma qalxacağımızı gözləmirdik,
lakin komanda bütün uik-end boyunca əla irəliləyirdi və maşın yürüşdə
sürətli idi.
Maşında rahat idim, trasdakı hadisələr
və strategiya ilə birlikdə həqiqətən xüsusi
nəticə əldə
edə bildik”.
Azərbaycan Qaran-prisini üçüncü
yerdə tamamlamış
Pyer Qasli də sevincini gizlədə bilmirdi: “Heyrətamiz uik-end idi: üçüncü
məşq protokoluna rəhbərlik etdim, sonra təsnifat mərhələsində dördüncü
oldum, axırda isə podiuma çıxdım! Əla nəticədir!”
Qasli əldə etdiyi uğurla kifayətlənmək fikrində
deyil, çünki qarşıda “Formula-1”in Fransa
mərhələsi var:
“Aydınlaşdırmaq lazımdır
ki, niyə bu həftəsonu belə yaxşı çıxış etdik.
Bu informasiyadan növbəti yarışda
istifadə etməliyik.
Məni ev
Qran-prisi gözləyir.
Yenidən uğur qazanmaq
istəyirəm”.
“AlphaTauri” komandasının
rəhbəri Frans Tost da Qaslinin
təəssüratına şərikdir. Onun fikrincə, Bakıda keçirilmiş Qran-pri startdan finişədək
möhtəşəm yarış
idi: “Bu həftəsonu
komanda çox xal qazandı və Konstruktorlar kubokunda beşinci yerə yüksəldi. Uşaqlar əla işlədilər: doğru
strategiya seçdilər
və səliqə-sahmanla
pit-stop etdilər. Onlar bu nəticəyə layiqdirlər.
Bütün komandanı təbrik
edirəm və ümidvaram ki, növbəti yarışlarda
belə yaxşı çıxışı davam
edəcəyik”.
Bütün idman yarışlarında
olduğu kimi, Azərbaycan Qran-prisinin nəticələri hamını
razı sala bilməzdi: sevinənlərlə
yanaşı, məyus
olanlar da vardı. Bakıda zəif çıxış
edənlərdən biri
“Mercedes” komandası idi.
Almaniya komandası Azərbaycan Qran-prisində
xal qazana bilməməklə üç
il əvvəl
- 2018-ci ildə Avstriya
Qran-prisində üzləşdiyi
uğursuzluğu təkrarlamışdır.
“Mersedes”in pilotları
Valtteri Bottas yarışı 12-ci, Luis Hamilton isə 16-cı yerdə tamamlamışlar.
Bununla belə,
Azərbaycan Qran-prisinin
fəxri kürsüsünə
çıxa bilməyənlərin
heç də hamısı nəticədən
narazı deyil. Məsələn,
yarışı 5-ci pillədə
başa vurmuş
“McLaren” komandasının pilotu
Lando Norris hesab edir ki, belə
bir nəticə pis deyil: “Yarış
asan olmadı, rəqibləri ötüb
keçmək gözlədiyimdən
daha çətin idi, amma yenə
də beşinci yeri tutub çox
xal toplaya bildim. Beşinci yer bizim maksimumuzdu”.
Yeri gəlmişkən,
Bakıda böyük
idman tədbirinin bayrama çevrilməsində
əməyi olanları
da qeyd etmək
lazımdır. Azərbaycan Qran-prisinin baş
tutması indiki mürəkkəb şəraitdə
təşkilatçıların böyük uğuru kimi qiymətləndirilməlidir.
Yeni tip koronavirus bəşər həyatının
bütün sahələrinə,
o cümlədən idmana mənfi təsir etdiyindən beynəlxlaq miqyaslı turnirləri təşkil etmək elə də asan olmur, əvvəlkindən
də böyük məsuliyyət tələb
edilir. Bakıda keçirilmiş möhtəşəm idman
tədbiri bütün
gözləntiləri aşıb
keçdi. Hazırlıq işlərində ən cüzi problem belə ortaya çıxmadı.
Doğrudur, məlum səbəbdən azarkeşlər
Azərbaycan Qran-prisini
yerindəcə izləyə
bilmədilər, Bakı
əvvəlki dörd
Qran-pridə olduğu
kimi əcnəbi turist axını görmədi. Başqa sözlə, şəhərdə
qonaqların təhlükəsizliyini
təmin etmək kimi mühüm məsələ gündəlikdə
deyildi.
Lakin bütün
bunlar yarış təşkilatçılarının məsuliyyətini qətiyyən
azaltmırdı. Qarşıya qoyulmuş vəzifə
- idman tədbirinin tələb olunan səviyyədə təşkili
və onun iştirakçılarının ədalətli mübarizə
aparması üçün
lazımi şəraitin
yaradılması uğurla
icra olundu. Bakı Şəhər Halqası əməliyyat şirkəti əlaqədar
dövlət orqanları
ilə sıx əməkdaşlıq şəraitində
idman tədbirini ən yüksək səviyyədə təşkil
etdi, “Formula-1” komandalarının
və yarışı televiziya ilə izləyən yüz milyonlarla motoidman azarkeşinin rəğbətini qazandı.
Mübaliğəyə varmadan demək
olar ki, Azərbaycanda Qran-prinin təşkili hər cür təqdirəlayiq idi.
Allahverdi MEHDİYEV
Azərbaycan.-2021.- 8 iyun.- S.1;5.