Bütün inancların qovuşduğu müqəddəs məkan

 

Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan tarixboyu digər din və mədəniyyətlərə dözümlü münasibətilə seçilib. Respublikamızda hər zaman sinaqoq və kilsələr məscidlərlə yanaşı fəaliyyət göstərib, insanlar dini ayinlərini sərbəst yerinə yetiriblər və nümayiş etdirilən bu yüksək tolerantlıq ənənəsi bu gündavam edir.

Statistik rəqəmlərə əsasən, hazırda ölkə ərazisində 2250 məscid, 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesinin başladığı 2009-cu ildən bu günədək 970 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 933-ü islam, 37-si isə qeyri-islam (xristian - 26, yəhudi - 8, krişna - 1, bəhai - 2) təmayüllüdür.

 

 

 

Dinlərin harmoniyası

 

 

 

Tarixboyu Odlar yurdu dinlərin harmoniyasına evsahibliyi etmiş, bütün dinlərə məxsus qədim ibadət yerlərinin təməlləri də məhz bu müqəddəs yurdda qoyulmuşdur. Tarixdə ilk din olan Zərdüştlüyün qədim atəşpərəstlik məbədi Bakıda, Qafqazın ən qədim kilsələrindən biri - Qafqaz Albaniyası kilsəsi Şəki yaxınlığında və müsəlman aləminin ən qədim ibadətgahlarından biri olan, 743-cü ildə tikilmiş məscid Şamaxıda yerləşir. Bunlar Azərbaycanın bütün dinlərin, inancların qovuşduğu bir məkan olmasının əyani sübutudur.

Azərbaycan xalqı tolerantlığı ilə hər zaman seçilmiş, ölkəmizdə müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına maddi və mənəvi dəstək vermişdir. XIX əsrin sonlarına yaxın Bakıda “Qızıllı kilsə” kimi tanınan “Aleksandr Nevski” kilsəsinin inşası üçün toplanılmış ianənin böyük hissəsinin müsəlmanlar tərəfindən verilməsi dünyada bənzəri olmayan  tolerantlıq nümunəsidir. Kilsənin inşaat büdcəsi tezliklə tükəndiyi üçün Bakı sakinləri tikintinin davam etdirilməsi üçün 200 min manat ianə yığmışdı ki, bu məbləğin də 75 faizi məhz müsəlmanlar tərəfindən verilmişdi. O cümlədən məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev də əlavə olaraq bu kilsənin tikintisinə 10 min manat ianə vermişdi.

Onu da qeyd edək ki, Bakıda Jen Mironosets pravoslav kafedral kilsəsi 1909-cu ildə Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilmişdir. Təbii ki, belə faktlar çoxdursadalamaqla bitməz, amma elə bu nümunələr də tam əminliklə deməyə bəs edər ki, bu cür bənzərsiz tolerantlıq nümunələrinə dünyanın başqa heç bir yerində rast gəlmək mümkün deyil. Həm də bunu təkcə soydaşlarımız yox, illərdir Azərbaycanda yaşayan xalqların, etnik qrupların, dini icmaların nümayəndələri, eyni zamanda dünyanın ali dini rəhbərləri də dönə-dönə vurğulayırlar. “Azərbaycanda dinlərarası gözəl görüşləri xatırlatmaq istərdim. Burada dinlərin yarada biləcəyi harmoniyanı hiss etdim. Yalnız bir yol var - hər kəsə görə dua etmək və hər kəslə ünsiyyət qurmaq, mili nizəyə çevirmək, nifrət edildiyin zaman sevmək, təhqir edildiyin zaman bağışlamaq, dünya ilə harmoniyada yaşamaq...” Bu fikirləri Roma papası Fransisk 2018-ci ildə Vatikanda Qafqaz dağ yəhudilərindən ibarət nümayəndə heyətini qəbul etdiyi zaman səsləndirmişdi...”

Bəli, bəşəriyyətin ali dini rəhbərlərindən biri məhz Azərbaycanı dünyaya bir örnək, nümunə kimi göstərmişdir...

 

 

 

İsraili tarixi, Azərbaycanı isə doğma vətənləri sayırlar

 

 

Ölkəmizdə qədim ənənələrə malik yəhudi icmasının mədəni irsi də Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunur. Təkcə onu vurğulamaq yetər ki, dünyada yaşayan 16 milyona yaxın yəhudidən 30 mini Azərbaycandadır. Qubada yerləşən Qırmızı Qəsəbədə dağ yəhudiləri kompakt şəkildə yaşayır, onlar İsraili tarixi, Azərbaycanı isə doğma vətənləri sayırlar.

Bu gün Bakının mühüm küçələrindən biri yəhudi əsilli Milli Qəhrəmanımız Albert Aqarunovun adını daşıyır, xatirəsinə möhtəşəm abidə ucaldılıb.

Ölkəmizdə yaşayan yəhudilər bütün dini ayinlərini sərbəst yerinə yetirir, Azərbaycan xalqının istifadə etdiyi bütün imtiyazlardan onlar da sərbəst yararlanır, əsrlərboyu formalaşan milli-mənəvi dəyərlərini, adət-ənənələrini daha da  zənginləşdirərək yaşadırlar. Yeri gəlmişkən, Bakıda köhnə məbədin yerində tikilən yəhudi sinaqoqu Avropada ən böyük sinaqoq sayılır. Yəhudilərin kompakt şəkildə yaşadığı, Qırmızı qəsəbədəki altı günbəzli sinaqoq da bərpa edilib.

Xristianlıq isə Azərbaycan ərazisinə hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz edib. Bura, xristianlığın ilk yayıldığı bölgələrdəndir. Hətta, tarixi köklərini Qüdsdən alan Alban Apostol kilsəsinin ənənələri və onun qədim Şərq kilsələri ilə əlaqələrinin üzə çıxarılması istiqamətində araşdırmalar aparılması nəticəsində Albaniyada xristianlığın həvvari - sirofil dövrü ilə bağlı maraqlı mənbələr də üzə çıxarıla bilər.

Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunub. Bakıda Rus Pravoslav Baş Kafedral kilsəsi olan Jen-Mironosets kilsəsi sovet dövründə anbar kimi istifadə olunub və dağıntılara məruz qalıb. Dövlət müstəqilliyimizin bərpasından sonra bu məbəd təmir edilərək istifadəyə verilib.

Bakıda Xilaskar Yevangelik Lüteran Kilsəsi, Gəncə şəhərindəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi Azərbaycan dövləti tərəfindən təmir olunub.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dini icmalara bərabər şərait yaradıldığı kimi katolik icmasına da qayğı göstərilmiş və Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə dini məbədə ehtiyac duyan katoliklər üçün o vaxt bolşeviklər tərəfindən uçurulmuş kilsənin yerinə yenisinin inşa edilməsi məqsədilə ərazi ayrılmışdır. Uçurulan “Bakirə Müqəddəs Məryəm” kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşmış, rəsmi açılışı isə Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertonenin 2008-ci ilin martında Azərbaycana səfəri çərçivəsində baş tutmuşdur. Açılış mərasimində dövlət başçısı İlham Əliyev, Birinci xanım Mehriban xanım Əliyeva da iştirak etmişdir.

 

 

 

Udilər - alban kilsəsinin dini varisləri

 

 

 

Azərbaycanda yaşayan xalqlar rəngarəng tolerantlıq nümunəsi kimi dünya tarixinə örnəkdirlər. Burada fərqli xalq, etno mədəniyyət, dini konfessiya nümayəndələri birgə yaşayırlar. Bunun bariz nümunələrindən biri də Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilərdir. Udi xalqı Azərbaycanın köklü, aborigen azsaylı xalqlarından biridir. Bu etnos qədim Qafqaz Albaniyasının Uti əyalətində, XIX əsrdə isə Nuxa (indiki Şəki rayonu) bölgəsinin bir neçə yaşayış məskənində məskunlaşıb. Hazırda isə Qəbələ rayonunun Nic kəndində və qismən də Oğuz rayonunda yaşayırlar. Udilər həm qədim etnik xalqdır, həm də fərqli dini konfessiyadır. Udilər, alban kilsəsinin dini varisləri, müsəlmanların ətrafında əsrlərdir təhlükəsiz yaşayan qədim xristian xalqıdır.

Reallıqdır ki, bu etnosun Azərbaycanda tarixən var olması və bu günə qədər özünü qoruyub saxlamasının əsas səbəbi bir tərəfdən xalqın tolerantlığıdırsa, digər tərəfdən də Azərbaycanda olan multikultural mühitdir. Udilər yüz faiz öz ana dilini bilir, onlara 5-ci sinfə kimi ana dilində dərs keçilir, ibadətlərini öz dillərində aparırlar. Bütün bayramlarını, o cümlədən sovet sistemi dağılandan sonra hər il 20 iyulda keçirdikləri Udi Mədəniyyət Gününü lazımi səviyyədə qeyd edirlər.

Xüsusilə də Azərbaycan müstəqillik qazandıqdan sonra udilərin həyatında xeyli müsbət dəyişikliklər olub. Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı sayəsində 2003-cü ildə Qafqazın ən qədim kilsələrindən olan Şəki rayonundakı Kiş məbədi, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian məbədindən biri - Müqəddəs Yelisey adına Çotari kilsəsi bərpa edilib.

Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsi isə 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanmış və 2020-ci ilin noyabr ayında 44 günlük müharibə zamanı bərpa işləri başa çatdırılmışdır.

Bu il mayın 15-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələyə səfər edərək Nicdəki “Müqəddəs Məryəm Anaalban kilsəsinin ilkin vəziyyəti ilə tanış olublar.

Prezident İlham Əliyev kilsədə söyləyib ki, udi xalqının çox böyük tarixi mirası var: “İndi  Qəbələ rayonu ərazisində və eyni zamanda azad edilmiş torpaqlarda siz gedib ibadət edirsiniz - həm Xudavəngdə, həm Ağoğlanda. Orada udi xalqına məxsus olan digər məbədlər də var. Onların böyük hissəsi dağılmış, ya da ki, yarıdağılmış vəziyyətdədir. Ona görə, onları da bərpa edəcəyik. Siz o kilsələrə də gedəcəksiniz”.

Prezident vurğulayıb ki, bu günlərdə Şuşada “Xarıbülbül” festivalında müxtəlif xalqların, o cümlədən udi xalqının nümayəndələrinin çıxış etmələri bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar.

Ölkəmizdə tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər kimi bir çox etnik qruplar yaşayırlar. Onlar özlərinəməxsus mədəniyyətlərini qoruyub saxlayırlar.

 

 

 

Erməni yamanlığına Azərbaycan yaxşılığı...

 

 

 

Statistik faktlara əsasən, iğaldan azad olunmuş ərazilərimizdə tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgah olmuşdur. Həmin 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i mənfur ermənilər tərəfindən tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb.

Amma humanist xalqımız ona düşmənçilik edənlərə qarşı da həmişə tolerantlıq nümayiş etdirib. İşğal olunan torpaqlarımızdakı dini ocaqların, məscidlərin, məzarlıqların dağıdılmasına baxmayaraq, bu gün də Bakının mərkəzində ermənilərin dini məbədi, məzarlıqları qorunub saxlanılır, onlara qarşı heç bir hörmətsizlik edilmir...

Dövlət tərəfindən bərpa edilərək mühafizə olunan Bakının mərkəzindəki erməni kilsəsində ədəbiyyat fondu saxlanılır.

Tolerantlıq Azərbaycan xalqının tarixindən, keçmişindən süzülərək bu günə gələn milli-mənəvi dəyərləri arasında başlıca yeri tutur. Zəngin milli-mənəvi dəyərlərimiz, azərbaycançılıq ideyası ölkəmizdə tolerantlığın ən möhtəşəm modelini formalaşdıraraq dünyaya nümunə, örnək olur.

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2021.- 8 iyun.- S.1;6.