Həmkarlarımız və diplomatlar Azərbaycan jurnalistlərinin kədərini
bölüşürlər
Bir sıra ölkələrdən olan həmkarlarımız Kəlbəcərdə xidməti fəaliyyətini yerinə yetirərkən mina partlaması nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və AzTV-nin operatoru Sirac Abışovun həlak olmasından kədərləndiklərini bildirir, bu ağır gündə Azərbaycan mediasının yanında olduqlarını ifadə edirlər.
Media təmsilçiləri bu qanlı hadisə ilə əlaqədar AZƏRTAC-a başsağlığı teleqramları ünvanlayır, həmçinin telefonla zəng edərək günahsız insanların, o cümlədən jurnalistlərin hədəfə alınmasının yolverilməz olduğunu vurğulayırlar. Agentliyimizin xaricdəki müxbir məntəqələrinə də oxşar məzmunda zənglər edilir.
“İnsanlığa qarşı dəhşətli cinayətlər törədən erməni silahlı birləşmələrinin Qarabağın işğalına son qoyulmasından sonra da bu ərazilərdə günahsız insanları qətlə yetirməsini kəskin şəkildə qınayır və Anadolu agentliyi olaraq bu ağır gündə sizin şəxsinizdə bütün Azərbaycan mediasının yanında olduğumuzu bildirirəm”, - bu fikirlər qardaş Türkiyənin Anadolu agentliyinin rəhbəri Serdar Karagözün AZƏRTAC-a göndərdiyi başsağlığı teleqramında yer alıb.
Türkiyənin TRT Televiziyasının Baş direktoru İbrahim Eren, Rusiyanın TASS agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman, Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Sovolyov, "Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktov, TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Akkoç, Misirin “Aldiplomacy” informasiya portalının baş redaktoru Əşrəf Əbu Urafə, “Asiaelyom” agentliyinin rəhbəri Əbubəkir Əl-Məcd, misirli jurnalist və politoloq Əhməd Tərabik ağır itki ilə əlaqədar AZƏRTAC-ın və AzTV-nin kollektivlərinə başsağlığı verib, həlak olan jurnalistlərin ailə üzvlərinin və yaxınlarının kədərini bölüşüblər.
Kədərimizə şərik çıxanlar arasında
diplomatlar da var. Türkmənistanın və
Əlcəzairin Azərbaycandakı
səfirləri Mekan İşanqulıyev və
Salima Abdelhak, həmçinin Əlcəzair
Universitetinin Beynəlxalq
hüquq fakültəsinin
professoru, politoloq Yusif Xori və
başqaları Azərbaycanın
media ictimaiyyətinə dərin
hüznlə başsağlığı
veriblər.
Eyni zamanda, ölkəmizin Böyük Britaniya, Polşa, Ukraynadakı səfirləri Tahir Tağızadə, Nərgiz
Qurbanova, Elmira Axundova və digərləri başsağlığı teleqramlarında
və telefon zənglərində dərin
kədər hisslərini
dilə gətiriblər.
Azərbaycan.-2021.-
8 iyun.- S.2.