Sevilməyən rollarla
məşhurlaşan aktyor
Məlik Dadaşovun səhnə ömrü verdiyi qəhrəmanlar dövrü, taleyi və xarakterləri ilə fərqlidirlər. Onları bir-birinə bənzədən yalnız bir cəhət var. Aktyor ona həvalə edilmiş bütün rolları eyni şövqlə, eyni peşəkarlıqla ifa edib...
Sənətə doğru gedən yol
Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri olan Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda dünyaya gəlib. Ailədə üç oğlan övladı olublar. Məlik Dadaşovdan iki yaş böyük qardaşı - Salman Dadaşov teatr və kino sahəsində tanınıb. O, əvvəl aktyor kimi çalışıb. Bir sıra filmlərə çəkilib. “Onun böyük ürəyi” filmində Oqtay rolu kino sənətində ən yaddaqalan rollarından biridir. Salman Dadaşov uzun müddət Sumqayıt teatrının rəhbəri olub.
Böyük qardaşı kimi Məlik Dadaşov da uşaq yaşlarından musiqi təhsili alıb. O, kontrabasda ifa edib. Orta məktəbi bitirdiyi vaxtlarda aktyorluq sənətinə marağı böyük olsa da, sənədlərini Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) verib və qəbul olunub. Ancaq birinci kursdan təhsilini yarımçıq qoyub, Böyük Vətən müharibəsinə yollanıb. 1943-cü ildə kontuziya alıb. Xeyli müddət müalicə olunub. Sonra hərbi hissələrdə musiqiçi kimi fəaliyyət göstərib. 1945-ci ildə müharibədən qayıdıb. Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayıb. Sonra Azərbaycan Teatr İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) daxil olub, Adil İsgəndərovun kursunda oxuyub.
İyirmi üç yaşında Zaqatalada yeni açılmış teatrda işləyib. Əsas rolların ifaçılarından olub. Burada çalışan gənc aktrisa Sofiya Hüseynova ilə evlənib. 1946-cı ildə oğlu, gələcəyin tanınmış aktyoru - Rafael Dadaşov dünyaya gəlib. Bir müddət sonra Məlik Dadaşovla Sofiya Hüseynova ayrılıblar. Aktrisa oğlu Rafaeli tək böyütməli olub.
Teatr aktyoru
Məlik Dadaşov Teatr İnstitutunda təhsilini 1950-ci ildə başa vurub. Məşədi Əzizbəyov adına Akademik Dram Teatrında işə başlaması sənət taleyinin ən böyük uğurlarından olub. Bu teatrın səhnəsində ilk dəfə H.Muxtarovun “Ailə namusu” pyesində çıxış edib.
Yaradıcılığının ilk dövrü Azərbaycan milli teatr sənətinin coşqun çağlarına düşüb. Məlik Dadaşov gənc yaşlarından Azərbaycan səhnəsinin görkəmli nümayəndələri ilə çalışıb. İstedadı ilə onların sırasında öz yerini müəyyənləşdirə bilib. Aktyorluq sənətinin şöhrətindən o da nəsibini alıb.
Ömrünün sonunadək teatr sənətindən ayrılmayıb. “On ikinci gecə”, “Canlı meyit”, “Fərhad və Şirin”, “Sənsiz”, “Nağıl başlananda” və daha neçə-neçə tamaşada yaratdığı rollar xalq tərəfindən rəğbətlə qarşılanıb. Aktyor kimi ən böyük arzusu isə Şekspirin daha bir qəhrəmanını - Kral Liri oynamaq olub.
Məlik Dadaşov aktyorluqla yanaşı, özünü rejissor kimi də sınayıb. Sabit Rəhmanın “Nişanlı qız” əsərini səhnələşdirib. Tamaşa böyük uğur qazanıb. “Arşın mal alan”ı səhnələşdirmək planı isə ona maneələr yaradılması səbəbindən baş tutmayıb.
Kinoaktyor
Aktyorluq məharəti kinorejissorların da diqqətindən yayınmayıb. Onu filmlərə dəvət ediblər. Məlik Dadaşovun kino sahəsində yaradıcılıq yolu da, teatr sənətində olduğu kimi yalnız aktyorun özünə uğur gətirməyib, həm də bütövlükdə Azərbaycan incəsənətini zənginləşdirib. Aktyor həm səhnədə, həm də ekranda göründüyü ilk anlardan tamaşaçıların diqqətini cəlb edib.
Onlarla filmdə
bir-birindən maraqlı
rol alıb. Kinorejissor Əjdər
İbrahimov aktyoru bir neçə filmində çəkib.
“İyirmialtılar” və “Ulduzlar sönmür” filmlərində
o, Məşədi Əzizbəyovun
və Nəriman Nərimanovun real tarixi obrazlarını ekranda canlandırıb. Akademik Dram Teatrının
səhnəsində dəfələrlə
oynadığı “Ölülər”
tamaşasındakı Şeyx
Nəsrullaha ekran həyatını da Məlik Dadaşov verib. Kinorejissor Tofiq Tağızadə “Ölülər” pyesi əsasında çəkdiyi
“O dünyadan salam” filmində də Şeyx Nəsrullah rolunu Məlik Dadaşova həvalə edib.
O, yalnız respublika miqyasında tanınmış
sənətkar olmayıb.
Azərbaycandan kənarda da
şöhrət qazanıb.
“Özbəkfilm”in istehsal
etdiyi “Təyyarələr
enmədi” filmində Yəhya, “Moldovafilm”in çəkdiyi “Dmitri Kantemir”
ekran əsərində
Vəzir, “Belarusfilm”də
istehsal olunan “Müsahibə götürən
adam” filmində Niyazxan rollarında çəkilib.
Aktyorun
“nifrət qazanmaq bacarığı”
Real həyatda olduğu
kimi, səhnəyə
qoyulan, ekranlaşdırılan
əsərlərdə də
yalnız müsbət
qəhrəmanlar olmur. Mənfi rollar
da var. Aktyorun vəzifəsi isə xarakterindən asılı
olmayaraq, ona tapşırılan hər
bir obrazı bacarıqla ifa etmək, tamaşaçını
inandıra bilməkdir.
Məlik Dadaşovun oynadığı
rolların əksəriyyəti
mənfi qəhrəmanlardır. O, “Ölülər”də
Şeyx Nəsrullahı,
“Axırıncı aşırım”da
Qəmlonu, “Dəli Kür”də Molla Sadığı və daha neçə-neçə
mənfi obrazı böyük məharətlə
canlandıqmağa müvəffəq
olub. Buna görə
bəzən tamaşaçı
tənqidləri ilə
də qarşılaşıb.
Ancaq oynadığı heç
bir mənfi xarakterli rola görə aktyor “Fəryad” filmindəki erməni rolu qədər hiddətə
düçar olmayıb.
“Fəryad” Azərbaycan
xalqının çox
ağır vaxtlarında
- 1993-cü ildə ekranlaşdırılıb. Erməni işğalçıları
tərəfindən şəhid
edilən, yurdundan qovulan soydaşlarımızın
dərdləri ilə
bütün Azərbaycan
yas içində olub. Belə bir vaxtda çəkilən filmdə
erməni rolunda oynamaq aktyor üçün asan deyildi. Odur ki, Məlik
Dadaşov əvvəlcə
təklifə etirazını
bildirib. Filmin rejissoru
Ceyhun Mirzəyevin israrlı təkidi ilə axır ki, razılıq verib. Və elə bir tipik erməni obrazı yaradıb ki, hissə qapılan tamaşaçıları
qulağı eşidə-eşidə
onu söyüb, nifrətlərini dilə gətiriblər. Hətta
bir gün Məlik Dadaşov instituta gedəndə “Molakan” bağının yanında onu görən bir qadın qışqırıb:
“Ay camaat, bu adam ermənidi”.
Adamlar toplaşıb. Aktyor sənədlərini
təqdim edəndən
sonra ona inanıblar.
Sənətkara xalq sevgisi
Azərbaycan kino sənətinin ən yaxşı nümunələrindən olan “Axırıncı aşırım” keçmiş Sovet İttifaqı məkanında keçirilən festivalda göstərildikdən sonra böyük şöhrət qazanıb. “Kişi rolunun ən yaxşı ifaçısı” mükafatı ilk dəfə eyni filmdə iki aktyora - Həsən Məmmədova və Məlik Dadaşova verilib. Amma böyük çətinliklərdən sonra... Çünki Qəmlo şura hökumətinin düşməni olmuşdu. Ermənilər də onu özlərinə düşmən sayırdılar. Odur ki, məsələ mübahisəli olub. Qəmlonun ifaçısının - Məlik Dadaşovun adı festivalın mükafatçıları siyahısına salınmayıb.
Deyirlər ki, “Axırıncı aşırım”da ən maraqlı, tamaşaçı rəğbəti qazanmış rollardan birini - Kərbəlayi İsmayılı oynayan Adil İsgəndərov söyləyib ki, Qəmlonu yaratdığına görə bu mükafat Məlik Dadaşova düşür. Baxmayaraq ki, onların arasında əvvəllər çox yaxşı münasibət olsa da, sonralar umu-küsü yaranmışdı...
Ümumiyyətlə, sənətdə qarşıdurmalar, bir-birinə maneələr yaratmağa cəhd göstərmələr hər zaman olub. Məlik Dadaşov da uzun çəkişmələrdən sonra Akademik Milli Dram Teatrını tərk edib. Ömrünün son illərində Səməd Vurğun adına Rus Dram Teatrında çalışıb. Məlik Dadaşovun ən yaddaqalan rollarından biri də bu teatrda səhnələşdirilən İsaak Babelin “Qürub” tamaşasındakı Mendel Krik rolu olub.
Rəhbərlik etdiyi dövrdə Rus Dram Teatrının repertuarı xeyli zənginləşib. Bu teatra yeni yaradıcı qüvvələr cəlb olunub. Ancaq Məlik Dadaşov yenə maneələrlə üzləşib. Ona bu teatrda çalışmağa imkan verməyiblər. Məlik Dadaşovu iki il böyük həvəslə işlədiyi Rus Dram Teatrından uşaqlaşdırmaq məqsədi ilə təqaüdə göndəriblər. Baş verənlər sənətkara ağır təsir göstərib. Altı ay xəstə yatıb. Sonra dram teatrına qayıdıb.
Həyat ona dərdlərin ən ağırını verib. Yetmiş yaşında övlad faciəsi yaşayıb. İkinci nikahdan olan qızı gənc yaşında xərçəngdən vəfat edib. Məlik Dadaşov bu dərdin ağrısı ilə söyləyib: “Mən artıq yaşaya bilməyəcəm”...
O, 1980-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyib. 1996-cı il noyabrın 26-da Tədris Teatrının səhnəsində tələbələrinin diplom tamaşasının məşqləri gedirdi. Səhnəyə qalxaraq mizan göstərmək istəyən Məlik Dadaşov müvazinətini itirərək yıxılıb. Onu xəstəxanaya ağır vəziyyətdə çatdırıblar. Yetmiş iki yaşlı sənətkarın bu halına ürəyi altı gün davam gətirib... Amma huşu üstündə olsa da, danışa bilməyib. Qələm-dəftər istəyib və son istəyini yazıb...
Bütün yaradıcılığını Azərbaycan aktyor sənətinin inkişafına həsr etmiş Xalq artisti Məlik Dadaşov 1996-cı il dekabrın 2-də dünyasını dəyişib.
Məlik Dadaşovun Azərbaycan teatrının və kinosunun inkişafında xidmətləri unudulmazdır. Bu sənətə gələnlər onun tamaşalarda, filmlərdə yaratdığı, lent yazılarının yaddaşına köçürülmüş ifalarına baxıb aktyorluq öyrənirlər. Xalqın çox sevdiyi sənətkarlardan biri olan Məlik Dadaşovun oynadığı rollar maraqla baxılır. Onun canlandırdığı qəhrəmanların dilindən söylədiyi bir çox ifadələr isə bu gün də dillərdə əzbərdir.
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.-2021.- 8 iyun.- S.6.