Ümumdünya Mətbuat Şuraları Assosiasiyası Kəlbəcərdə həlak olan jurnalistlərlə bağlı bəyanat yayıb

 

Ümumdünya Mətbuat Şuraları Assosiasiyası AzTV-nin operatoru Sirac Abışovun və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun mina partlayışı nəticəsində həlak olmaları ilə bağlı bəyanat yayıb.

AZƏRTAC Azərbaycan Mətbuat Şurasının da üzv olduğu qurumun bəyanatını təqdim edir.

-2021-ci il iyun ayının 4-də Azərbaycanın Kəlbəcər rayonunda iki media əməkdaşı – AzTV-nin operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov mina partlayışı nəticəsində həlak olublar. Bu hadisə Ümumdünya Mətbuat Şuraları Assosiasiyası tərəfindən təəssüf və kədərlə qarşılanıb. Hər iki media təmsilçisinin doğmalarına, əzizlərinə və həmkarlarına dərin hüznlə başsağlığı veririk.

Media əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən həlak olmaları, onlara qarşı hücumlar müasir dünyanın olduqca qorxunc və sarsıdıcı tendensiyasıdır. Çünki jurnalistlərlə birgə hücuma məruz qalan sözdür. Cəmiyyətin informasiya almaq hüququna qarşı sipər çəkilməsi tərəfimizdən hiddətlə qarşılanmaqdadır. Sirac Abışovun və Məhərrəm İbrahimovun həyatlarını itirmələrini məhz belə qiymətləndiririk. Bu qorxunc əməli törədənlərin tezliklə layiqli cəzalarını almalarını diləyirik. Bunun üçün isə beynəlxalq ictimaiyyətin məsələyə ciddi reaksiya verməsinə ehtiyac var.

Bizdə olan məlumata görə, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında minalanmış ərazilər problemi xeyli dinc şəxsin həyatına son qoyub. O da məlumdur ki, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. M.İbrahimovun və S.Abışovun həlak olmaları göstərdi ki, jurnalistika da yaranmış xoşagəlməz durumdan zərər görür. Hər iki media təmsilçisi Kəlbəcərə özlərinin peşə vəzifələrini yerinə yetirmək üçün getmişdilər.

Bütün bunları nəzərə alaraq beynəlxalq ictimaiyyətə, media qurumlarına müraciət edirbildiririk ki, XXI əsrdə bütövlükdə insanlığa qarşı yönəlmiş belə hərəkətlərin aradan qalxması üçün ciddi həmrəylik nümayişinə ehtiyac var. M.İbrahimovun, S.Abışovun, eləcə də mina partlayışından həlak olmuş digər azərbaycanlıların faciəli aqibəti hər kəsə siqnal olmalıdır. Hər kəs şüurlu şəkildə dərk etməlidir ki, Ermənistana mövcud istiqamətdə təzyiqin göstərilməsi şərtdir. Bizim üçün əsas olan xidməti vəzifəsini yerinə yetirən jurnalistlərin təhlükəsizliyidir. Çox arzu edərdik ki, bu təhlükəni yaradan problemə həssas yanaşılsın, onun aradan qaldırılmasındakı bütün üsul və vasitələrdən istifadə edilsin.

 

Azərbaycan.-2021.- 8 iyun.- S.2.