İlham Əliyev Azərbaycanı həm də idman ölkəsi edib

 

 

 

Mötəbər idman və mədəni-kütləvi tədbirlərin təşkili ilə bağlı bütün dünyada bir ildən də çox çəkən məhdudiyyətlərdən sonra Bakıda “Formula-1” yarışlarının start götürməsi vətəndaşlarımızda xoş əhval yaratdı. Hamı pandemiyanın ağır sosial-psixoloji təsirlərinin tədricən başa çatmaqda olmasına, həyatımızın addım-addım normala dönməsinə sevinir. Bakı küçələrində yürüşə çıxmış bolidlərin yaratdığı xoş həyəcan bunun müjdələrindəndir.

 

Azərbaycan bütün dünyaya sülh və əmin-amanlıq gətirmək, indikindən daha sabit, gərginliklərdən, qanlı qarşıdurmalardan azad bir dünya qurmaq arzusunu və bəşəriyyətin tərəqqipərpər qüvvələri ilə birgə bu arzunu gerçəkləşdirmək əzmini göstərir. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü daxilixarici siyasətin uğurları sayəsində tarixinin ən qüdrətli mərhələsinə qədəm qoymuş ölkəmizin əldə etdiyi nailiyyətlər xalqımızın qalibiyyət əzmini, zəfər qüdrətini, Vətən sevgisini daim sübuta yetirir.

 

 

 

Bu yarışlar bizi dünyaya tanıdır

 

 

 

“Formula-1” yarışları bütün dünyada böyük maraqla izlənir. Bizim adətən qısaca olaraq “Formula-1” kimi tanıdığımız idman tədbiri açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. Belə bir dünya çempionatı 1950-ci ildən başlayaraq hər il keçirilir. Qran-pri statusu daşıyan yarış ayrı-ayrı mərhələlərdən ibarət olur. Dünyada avtomobil həvəskarlarının sayı çox olduğundan bu yarışları bütün ölkələrdə diqqətlə izləyirlər. Üstəlik, yarışlarda dünya iqtisadiyyatında çox mühüm paya malik avtomobil istehsalçıları iştirak edirlər və bu da tədbirin əhəmiyyətini artırır.

 

Azərbaycana qədər “Formula-1” yarışları 20 ölkədə keçirilirdi. Azərbaycan 2016-cı ildən etibarən bu yarışa evsahibliyi etməyə başlayan 21-ci ölkə oldu.

 

“Formula-1” yarışlarının keçirilməsi üçün məkan seçimi bir sıra ciddi meyarlar əsasında aparılır. Son illərdə həyata keçirilən abadlıq tədbirləri nəticəsində siması büsbütün dəyişərək dünyanın ən gözəl, cəlbedici şəhərlərindən birinə çevrilən Bakının bu yarışlara evsahibliyi etməsi çox önəmlidir. İdman tədbiri televiziyalar vasitəsilə bütün dünyada yayımlanır. Statistik məlumatlara görə, dünyada bu yarışların təxminən yarım milyard nəfərlik auditoriyası var. Bu o deməkdir ki, nə qədər insan günlərlə yarışları izləyir. Bir-biri ilə yarışan idman avtomobilləri fonunda həm də Bakının turistlər üçün cəlbedici gözəlliklərini görüb seyr edir. Şəhər haqqında əlavə məlumatlar toplamağa başlayır. Onlarda Avropa ilə Şərqin unikal cəhətlərini özündə birləşdirən bu şəhərə qonaq gəlmək arzusu oyanır. Beləliklə, böyük bir kütlə ölkəmizi, paytaxtımızı özü üçün kəşf edir. Azərbaycana turist axını məqsədilə yeni imkanlar yaranır.

 

2016-cı ildə Bakıda keçirilmiş ilk “Formula-1” yarışından sonra bunun müsbət təsirlərini gördük. Azərbaycan paytaxtına xüsusilə ərəb ölkələrindən turistlərin böyük axını başlandı. Bu, bir tərəfdən turistlər üçün ölkəyə gəliş-gediş prosedurlarının sadələşdirilməsi ilə bağlı idisə, digər tərəfdən burada “Formula-1” yarışları kimi idman tədbirlərinin də böyük rolu vardı. Çünki belə yarışlar bir çox ölkələrdə keçirilir. O ölkələrdə bu tədbiri hər il maraqla izləyən böyük bir auditoriya var. “Formula-1” yarışlarından sonra həmin ölkələrdən olan turistlərin Azərbaycana böyük maraq göstərməsində yarışların onlarda yaratdığı Bakı təəssüratlarının çox böyük rolu vardı.

 

Məlum olduğu kimi, pandemiya dövründə bütün dünyada iqtisadiyyatın ən çox ziyan çəkən sahələrindən biri də məhz turizmdir. Eyni zamanda həyat normala dönərkən ən sürətli canlanmanın yaranacağı sahə də elə məhz bu sektor olacaq. Çünki dünyanın müxtəlif ölkələrində milyonlarla insan yenidən maraqlı məkanlara səyahətə başlamaq üçün məhdudiyyətlərin tez bitməsini intizarla gözləyir. Pandemiyanın verdiyi dərslər insanları bacardıqca səyahət etməyə, pul xərcləməyə, ömrü maraqlı yaşamağa həvəsləndirir. Ona görə həyat normala dönən kimi turizm sektoru çox sürətlə böyüyəcək. Elə buna görə də zəngin turizm ənənələrinə malik ölkələrdə post-pandemiya dövründə bu imkandan yararlanıb daha çox sayda turist cəlb etmək üçün yollar axtarılır. Genişmiqyaslı kampaniyalar həyata keçirilir. Belə bir dönəmdə ölkəmizdə “Formula-1” kimi idman yarışlarının təşkil edilməsi xüsusi əhəmiyyətə malikdir.

 

Bu cür idman yarışları Azərbaycanı, ölkəmizin iqtisadiyyatını bu tədbirlərdə iştirak edən böyük şirkətlərə də yenidən tanıdır və onların marağını cəlb edir. Elə bir dövrdə yaşayırıq ki, indi dünyamızda təəssüratlar, rəylər heç vaxt olmadığı qədər əhəmiyyətlidir. Bir çox qərarları, baxışları böyük kütlələrin ölkəyə, xalqa, hər hansı həqiqətlərə münasibəti formalaşdırır. Bu münasibətlərin düzgün formalaşdırılması üçün isə ölkələrin dünyaya düzgün yollarla tanıdılmasına çox böyük ehtiyac var. Bu cür yarışlar bütün dünyada ölkə haqqında doğru rəy yaratmaq üçün geniş imkandır.

 

 

 

İdmandiplomatiya

 

 

 

Bu yarışları işıqlandırmaqdan ötrü dünyanın ayrı-ayrı aparıcı media qurumlarından jurnalistlər ölkəmizə gəlir. Onlar təkcə idman yarışı barədə deyil, Azərbaycan xalqının qonaqpərvərliyi, yüksək mədəniyyəti, ölkəmizin sürətli inkişafı haqqında da təəssüratlarını qələmə alırlar. Bu yarışlar xalqımızın nə qədər sülhpərvər olmasını, sabitliyə, inkişafa, bütün xalqlarla dostluğa, mehriban münasibətlərə, qarşılıqlı faydalı əməkdaşlığa can atmasını dünyaya göstərir.

 

Beynəlxalq ictimaiyyətin bizi bu keyfiyyətlərimizlə tanıması hər zaman vacibdir. Vətən müharibəsindəki şanlı qələbəmizi Ordumuzun gücüUlu Öndər Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzun illər ərzində apardığı diplomatik sayəsində qazandıq. İndi isə ölkə rəhbərimizin həyata keçirdiyi məqsədyönlü siyasətlə qələbəmizi daha da möhkəmləndirməkdəyik.

 

Mədəniyyət tarixin bütün dövrlərində təsirli diplomatik vasitələrdən sayılıb. Müasir dünyamızda isə “yumşaq güc” vasitəsi kimi mədəniyyətin önəmi getdikcə artır. İdman da mədəniyyətin ayrılmaz hissəsidir və onun ən təsirli istiqamətlərindəndir. Azərbaycan son onilliklərdə bu vasitədən də çox böyük məharətlə istifadə edərək yüksək uğurlar qazanmaqdadır. Ölkəmizin bir-birinin ardınca beynəlxalq idman tədbirlərinə evsahibliyi etməsi bunun bir göstəricisidir.

 

 

 

Birinci Avropa Oyunları

 

 

 

2015-ci ilin iyununda Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi belə tarixi hadisələrdən idi. Bu oyunların 2015-ci ildə paytaxtımızda təşkili hüququ Azərbaycana Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 8 dekabr 2012-ci il tarixli qərarı ilə verilmişdi. Birinci Avropa Oyunları tarixdə ilk dəfə Bakıda 2015-ci il iyunun 12-dən 28-dək keçirilmişdi.

 

Birinci Avropa Oyunlarının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2013-cü il tarixli fərmanı ilə Təşkilat Komitəsi yaradılmışdı. Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESKOISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədr təyin edildi. Mehriban xanımın yüksək təşkilatçılıq məharəti ilə Birinci Avropa Oyunları dünyanın ən möhtəşəm mədəniyyət tədbirlərindən biri kimi tarixə yazıldı və qəlbi Azərbaycanla döyünən bütün soydaşlarımızın əbədi qüruruna çevrildi.

 

Yarışların möhtəşəmliyini yada salmaq üçün bəzi statistik faktları yenidən diqqətə çatdırırıq. Birinci Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 10 000 idmançı mübarizə aparırdı. Yarışlarda Bakının 11, Mingəçevirin 1 idman qurğusundan istifadə olunurdu. Oyunların təqviminə 30 idman növü daxil edilmişdi. Onlardan 24-ü Olimpiya, 6-sı qeyri-Olimpiya idman növü idi. Yarışlarda idmançılar 253 dəst medal uğrunda mübarizə aparırdılar.

 

Birinci Avropa Oyunlarının qədim od məbədi olan “Atəşgah”dan start götürmüş məşəli Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq 60 rayonun sakinlərinə bu Oyunların ruhunu yetirdi. Bakı- 2015 Avropa Oyunlarının rəsmi simvolları CeyranNar idi. Avropa Oyunlarının təşkili üçün 15 000 könüllü səfərbər olundubu tədbir ölkəmizdə könüllülük hərəkatının inkişafına da böyük təkan verdi.

 

Birinci Avropa Oyunlarının açılış mərasimi Bakı Olimpiya Stadionunda baş tutdu. Açılış mərasimində iştirak etmək üçün Bakıya gəlmiş mötəbər qonaqlar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Serbiya Prezidenti Tomislav Nikoliç, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Monteneqro Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç, Monako Şahzadəsi II Albert, Lüksemburqun Böyük Hersoqu Anri, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Qazaxıstanın Baş naziri Kərim Məsimov, Rumıniyanın Baş naziri Viktor Ponta, Bolqarıstanın Baş naziri Boyko Borisov, Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdullah Bin Musaad Bin Əbdüləziz, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti şeyx Əhməd əl-Fahad Əl-Sabah, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, eləcə də San-Marino, İsveçrə, Böyük Britaniya, Slovakiya, Çexiya, İran, Ukrayna, Oman, Küveyt, Qətər və digər ölkələrin yüksək səviyyəli rəsmi şəxsləri, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri var idi.

 

 

 

Sülhhumanizm bayramı

 

 

 

Həmin gün Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçı, eləcə də dünyada yüz milyonlarla televiziya izləyicisi unudulmaz tarixi anların şahidi oldular. Açılış mərasiminin möhtəşəmliyi, kreativliyi indiyə qədər xoş təəssüratlarla xatırlanır və rəğbət yaradır. Azərbaycan bu mərasimdə ən yüksək Olimpiya standartlarını nümayiş etdirdi,  mərasim öz gözəlliyi, rəngarəngliyi, heyrətamizliyi ilə yadda qaldı. Açılış mərasiminin  kompozisiyası sülhü, humanizmi, insanlar, sivilizasiyalar  arasında  barışığı, Şərq və Qərbin harmoniyasını əks etdirirdi. Azərbaycan bu yarışlarla parlaq bir örnək göstərdi. Yeni standartlar müəyyənləşdirdi. Tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına Azərbaycanın layiqli evsahibliyi bu yarışların yüksək statusunu müəyyən etdi. Burada gördükləri yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri minlərlə idmançını, nümayəndə heyətlərinin üzvlərini, bu Oyunları televiziya ekranlarından izləyən milyonlarla tamaşaçının qəlbini riqqətə gətirdi. Azərbaycan orijinallığı ilə diqqəti cəlb edən, tamaşaçıları vəcdə gətirən bir mərasimlə Avropa Oyunlarının tarixə çevriləcək ilk parlaq səhifəsini yazdı.

 

Azərbaycan Prezidenti İlham Əliyev Birinci Avropa Oyunları haqqında təəssüratlarını belə bölüşmüşdü: “Biz miqyasına görə  Yay Olimpiya Oyunlarından sonra  ən böyük beynəlxalq idman  tədbirini təşkil etmək imkanı əldə etdik.   Avropa idmanı üçün isə bu, ədaləti bərpa edən qərar oldu.  Çünki bildiyimiz kimi,  digər qitələr uzun illərdir ki, öz oyunlarını keçirirlər və yalnız Avropanın belə bir  Oyunları yox idi.  Buna görə də düşünürəm ki, bu, ədalətin təzahürü oldu. Çünki Olimpiya hərəkatının, Olimpiya ideyalarının, olimpizmin vətəni Avropadır. Bu, qədim Yunanıstanda başlanıb daha sonra Baron de Kuberten onu bərpa etmişdir. İndi isə ədalət bərpa edildi gördüyümüz işdən fərəhlənə bilərik. Biz gərgin çalışdıq, insanlarımızın, qonaqlarımızın bütün Avropanın yaddaşında  qalacaq səviyyədə Oyunları təşkil etdik”.

 

 

 

Gücümüz həmrəylikdədir”

 

 

 

Azərbaycan bu möhtəşəm nailiyyəti 12-22 may tarixləri arasında IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi ilə də davam etdirdi. Yada salaq ki, İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyası Azərbaycanın bu oyunlara evsahibliyinə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən toplantısında qərar vermişdi.

 

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış və bağlanış mərasimləri də dünyaya səs saldı. Bütün İslam aləmi milli düşüncə yükü, orijinallığı, dərin məzmunu, özünəməxsus maraqlı tərtibatı ilə insanı riqqətə gətirən bu möhtəşəm tədbirlərin sehrinə daldı, Azərbaycandan müsəlman dövlətlərinə ünvanlanmış birlik, həmrəylik çağırışlarına diqqət kəsildi.

 

İslam Həmrəyliyi Oyunlarında 21 idman növü üzrə 54 dövlətin 3000-dən çox idmançısı mübarizə aparırdı. Bakıya rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəlmişdi. İndiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmamışdı. “Birlik”, “Sülh”, “Hörmət”, “Mükəmməllik” dəyərləri üzərində qurulan OyunlarGücümüz həmrəylikdədir” devizi altında keçirildi. Rəsmi talismanlar - “İncə” və “Cəsur” Azərbaycanın milli sərvəti olan Qarabağ atlarının rəmzləri idi.

 

I Avropa Oyunlarından sonra IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə təşkili Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın sivilizasiyalararası dialoqa verdiyi töhfələri özündə simvolizə edirdi.

 

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməklə ölkəmizin Yer üzünə sülh və əmin-amanlıq gətirmək, daha sabit, gərginliklərdən, qanlı qarşıdurmalardan uzaq bir dünya qurmaq arzusunu və bəşəriyyətin tərəqqipərvər qüvvələri ilə birgə bu niyyəti gerçəkləşdirmək əzmini göstərdi, həm də bu dəyəri layiq olduğu ucalıqlara yüksəltdi.

 

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə elan olunmuşİslam həmrəyliyi ili”ndə Bakıda keçirilən bu möhtəşəm tədbirə verdiyi mənəvi-siyasi qiyməti yada salaq: Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. ...“İslam həmrəyliyi ilinin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, islamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir”.

 

İslamı siyasi vasitə kimi deyil, məhz mənəvi dəyər kimi uca tutan dövlətimiz bu böyük dəyərə qarşı qərəzli hücumların önünə keçdi. Diqqəti onun işıqlı cəhətlərinə, xoş məramlarına yönəltdi. İslamın sülh, qardaşlıq, ədalət və humanizm ruhunda təqdim olunmasının, terror çamurundan təmizlənməsinin silahın, xurafatın deyil, yalnız mədəniyyətin gücünə tapınmalı olan islam ümmətinin həmrəyliyindən keçdiyini təntənəli açılış və bağlanış mərasimlərinin parlaq məzmunu ilə bir daha anlatdı.

 

I Avropa Oyunlarında da, IV İslam Həmrəyliyi Oyunlarında da Azərbaycan cəmiyyəti bir daha sarsılmaz birlik, həmrəylik, vətənpərvərlik nümayiş etdirdi. Tribunalarda yarışları izləyən tamaşaçılar böyük coşqu və sevinclə uğurlarımızı alqışladı, qürur hissi keçirdi. Bu gün Azərbaycanda mövcud olan və Vətən müharibəsindəki şanlı qələbəmizin də rəhninə çevrilən milli vəhdətimizdə, ölümün gözünə dik baxaraq torpaqlarımızı düşməndən azad etmiş vətənpərvər gənc nəslin yetişməsində bu cür tədbirlərin təlqin etdiyi dəyərlərin, milli ruhun da müstəsna əhəmiyyəti var.

 

 

 

42-ci Şahmat Olimpiadası

 

 

 

Azərbaycanın son illərdə evsahibliyi etdiyi mühüm idman tədbirlərindən daha biri isə 2016-cı ilin 1-14 sentyabr tarixlərində Bakıda keçirilmiş 42-ci Şahmat Olimpiadası idi. Beynəlxalq Şahmat Federasiyasının (FİDE) təşkil etdiyi Olimpiadaya Açıq və Qadınlar turniri, eləcə də dünyada şahmat oyununu təbliğ etmək üçün nəzərdə tutulan bir sıra tədbirlər daxil edilmişdi. Azərbaycan bu tədbirə möhtəşəm evsahibliyi ilə də böyük bir tarix yazdı. Bütün dünyada şahmatsevərlərin rəğbətini qazandı.

 

***

 

Bütün bunlar Azərbaycanın idman ölkəsi statusunu təsdiqləyən tarixi faktlardır. Bu uğurların əldə olunmasında Prezident İlham Əliyevin, beynəlxalq idman tədbirlərinin bütün təşkilati işlərinə zəhmət sərf edən ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük əməyi var. Azərbaycan idman ölkəsi statusunu, bu sahədə nailiyyətlərini məhz onların zəhməti sayəsində əldə edib. Zaman keçdikcə bu tarixi faktların, nailiyyətlərin sırası yeniləri ilə daha da zənginləşəcək. Özünü qəlbən Azərbaycana bağlı sayan hər kəs Vətənin idman və mədəniyyət işığında, ümumən dünyamızda sülhə, humanizmə, ədalətin zəfərinə verdiyi töhfələrlə hər zaman qürur duyacaq.

 

 

 

İradə ƏLİYEVA

Azərbaycan.-2021.- 9 iyun.- S.1;6.