Fransadan Azərbaycanadək...
61 il öncə
Parisdə başlayan Avropa futbol çempionatının
XVI yarışlarına Bakı
da evsahibliyi edəcək
Futbolsevərlərin böyük həyəcanla gözlədiyi
an gəlib çatır. Bir neçə gündən
sonra “köhnə qitə”nin 11 şəhərində futbol
üzrə sayca XVI Avropa çempionatı
start götürəcək. Xatırladaq ki, ötən il
keçirilməli olan
çempionat pandemiya səbəbindən bu ilə təxirə salınmışdı. Çempionata Bakı, Sankt-Peterburq,
London, Münxen, Roma, Buxarest,
Sevilya, Kopenhagen, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri
evsahibliyi edəcək.
Bu turnir haqqında
danışmazdan əvvəl
qitə çempionatının
tarixinə səyahət
edək.
Avropa çempionatının
keçirilməsi təklifini
ilk dəfə Fransa Futbol Federasiyasının baş katibi Anri Delone irəli
sürüb. 1919-cu ildə
Jül Rime Fransa Futbol Federasiyasının prezidenti olarkən Delone onun tövsiyəsi
ilə həmin federasiyanın baş katibi vəzifəsini tutub. 1927-ci ildə
Anri Delone FİFA-nın prezidentinə xidməti məktub göndərərək yığma
komandaların Avropa çempionatı layihəsini
təklif edib. Lakin qitə çempionatının
keçirilməsi təklifi
qəbul edilməyərək
təxirə salınıb.
1950-ci ildə dünya
çempionatı başa
çatdıqdan sonra
İtaliyanın və
dünyanın görkəmli
futbol xadimi Ottorino Barassi Avropa çempionatı keçirmək uğrunda
Deloneyə dəstək
olmaq üçün
fəaliyyətə başlayıb. O, çıxışlarından
birində Avropa komandalarının dünya
çempionatlarındakı uğursuzluqlarının səbəbini
təcrübəsizliklə izah edib. Qeyd edib
ki, Cənubi Amerikada qitə çempionatları 1916-cı ildən
müntəzəm olaraq
keçirilir, avropalıların
isə bu cür təcrübələri
yoxdur.
Lakin FİFA 1952-ci ilin fevralında Avropa çempionatı keçirmək planını
növbəti dəfə
rədd edib. Beynəlxalq futbol
təşkilatının bu
mövqeyi Avropanın
bir çox futbol xadimlərinin etirazı ilə qarşılanıb. Bunun nəticəsi
olaraq elə həmin ilin iyununda Bazeldə FİFA-dan gizli 7 nəfərin
iştirakı ilə
görüş keçirilib.
Görüşdə italiyalı
Ottorino Barassi, fransız Anri Delone, belçikalı Joze Kray, şotlandiyalı
Georq Qrem, Macarıstanın idman nazirinin müavini Qustav Şebeş, Avstriyanın ədalət
naziri Yozef Geryu və danimarkalı
Ebbe Şvarts iştirak ediblər.
“Yeddiliyin görüşü”
əsl tarixi hadisə olub, onun planları isə tezliklə həyata keçirilib. Belə
ki, 1952-ci il
iyunun
22-də Berndə Avropa
Futbol Assosiasiyaları
İttifaqının - UEFA-nın
yaradılması elan edilib. UEFA-nın ilk prezidenti Danimarka Futbol Federasiyasının rəhbəri Ebbe Şvarts, baş katibi isə Anri Delone olub.
Bern şəhərində
UEFA-nın yaradılması
haqqında elan olunan bəyannaməni 25 ölkə dəstəkləyib.
1957-ci ilin əvvəllərində
FİFA-nın 2-ci prezidenti
Stenli Rouz (İngiltərə) Avropa çempionatının keçirilməsi
haqqında öz layihəsini irəli sürüb. Avropa çempionatının keçirilməsi
haqqında son layihə
isə 1958-ci il iyunun 6-da UEFA-nın Stokholmda keçirilmiş konqresində
təsdiq edilib. Yarışlar Avropa Millətlərinin Kuboku, qalibə verilən rəsmi mükafat isə “Anri Delone” kuboku adlandırılıb.
Beləliklə, azarkeşlərin intizarda olduqları futbol üzrə ilk Avropa çempionatı 1960-cı ildə
Fransada keçirilib. Finalda Yuqoslaviya
yığmasına 2:1 hesabı
ilə qalib gələn SSRİ ilk Avropa
çempionu kimi tarixə düşüb.
Onlara fransız zərgər Mişel Şobinyonun hazırladığı gümüş
kubok təqdim olunub.
1964-cü ildə isə
Avropa çempionatına
İspaniya evsahibliyi edib. Madriddə keçirilən final matçında SSRİ yığmasına
2:1 hesabı ilə qalib gələn meydan sahibləri qitənin ən güclüsü olublar.
1968-ci ildə İtaliyada təşkil edilən turnirdə isə doğma meydan amilindən istifadə edən italyanlar finalda Yuqoslaviya yığmasını
2:0 hesabı ilə məğlub edərək
Avropa çempionu titulunu qazanıblar.
1972-ci ildə Qərbi
Almaniya finalda SSRİ yığmasına 3:0 hesabı
ilə qalib gələrək Belçikada
təşkil olunan sayca 4-cü qitə çempionatının qalibi
olub. Qeyd edək ki, almanların heyətində Müller, Braytner, Netser və Frans Bekkenbauer
kimi güclü oyunçular iki il sonra
komandanın dünya çempionatındakı qələbəsini
də təmin ediblər. Xatırladaq ki, həmin
çempionatda Azərbaycan
futbolunun yetirməsi Anatoli Banişevski də SSRİ yığmasının
heyətində yer almışdı.
1976-cı ildə Yuqoslaviyada
keçirilən turnirin
finalında isə Çexoslovakiya ilə Qərbi Almaniya yığmaları üz-üzə
gəlib. Görüşün əsas vaxtı
heç-heçə (2:2) başa
çatdığından qalibi
müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələri
təyin edilib. Penalti zərbələrini
daha dəqiq yerinə yetirən Çexoslovakiya futbolçuları
qalib gələrək
(5:3) Avropa çempionu
adına sahib olublar.
1980-ci ildə İtaliyada
təşkil edilən
Avropa çempionatının
finalında Belçika
və AFR yığmaları
qarşılaşıblar. Romada keçirilən matçda
Belçikaya 2:1 hesabı
ilə qalib gələn almanlar tarixlərində 2-ci dəfə
Avropa çempionu olublar.
1984-cü ildə Fransada təşkil olunan çempionatda meydan sahibləri ilk oyunda göstərdikləri yüksək ustalıq və texnika ilə turnirin favoritləri olduqlarını nümayiş etdiriblər. Parisdə final matçında İspaniya yığmasına 2:0 hesabı ilə qalib gələn fransızlar Avropa çempionu tituluna yiyələniblər.
1988-ci ildə Qərbi Almaniyada keçirilən turnirin finalında isə Hollandiya ilə SSRİ yığmaları üz-üzə gəlib. Görüş hollandların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
1992-ci ildə İsveçdə təşkil olunan turnirin finalında Danimarka Almaniyaya 2:0 hesabı ilə qalib gələrək Avropa çempionu olub. Onu da qeyd edək ki, bu çempionluğun maraqlı tarixçəsi var. Belə ki, gələcək Avropa çempionunun adı iştirakçılar sırasında yox idi. Final mərhələsinə vəsiqə qazanan Yuqoslaviya yığması idi. Lakin bu ölkədə alovlanan etnik müharibələr federativ dövlətin qitə birinciliyində iştirakını mümkünsüz edib və onun yeri Danimarka millisinə verilib. Danimarkalılar taleyin onlara bəxş etdiyi bu nadir şansdan tam gücü ilə istifadə edə biliblər.
1996-cı ildə İngiltərədə keçirilən turnirin finalında Almaniya ilə Çexiya yığmaları qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtın birinci hissəsində almanların heyətində Oliver Birhoff çempionatın qələbə qolunu vurub. Qeyd edək ki, “qızıl qol” qaydasına görə, əlavə vaxtda ilk qolu vuran komanda qalib elan olunurdu.
2000-ci ildə tarixdə ilk dəfə olaraq Avropa çempionatına iki ölkə - Hollandiya və Belçika evsahibliyi edib. Turnirin finalında Fransa və İtaliya yığmaları üz-üzə gəlib. Görüşün əsas vaxtı heç-heçə (1:1) başa çatdığından 30 dəqiqə əlavə vaxt təyin edilib. Əlavə vaxtın 12-ci dəqiqəsində fransızların heyətində David Trezeqe “qızıl qol”un müəllifi olub - 2:1.
2004-cü ildə Portuqaliyada keçirilən çempionatda Yunanıstan qalib olmaqla böyük sensasiyaya imza atıb. Turnirin açılış oyununda olduğu kimi, finalda da ev sahibi Portuqaliya ilə Yunanıstan qarşılaşıb. Görüşün taleyini 57-ci dəqiqədə Angelos Xaristeasın vurduğu qol həll edib - 1:0. Beləliklə, yunanlar ilk dəfə Avropa çempionu olublar.
2008-ci il Avstriyada və İsveçrədə təşkil edilən turnirin finalında isə İspaniya və Almaniya yığmaları qarşılaşıb. Daha maraqlı oyun nümayiş etdirən ispanlar 1:0 hesabı ilə qalib gələrək Avropa çempionu adını qazanıblar.
2012-ci ildə Ukraynada və Polşada keçirilən Avropa çempionatında İspaniya millisi İtaliya yığmasına 4:0 hesabı ilə qalib gələrək ardıcıl 2-ci dəfə qitənin ən güclüsü olub.
2016-cı ildə Fransada keçirilən qitə çempionatının finalında isə meydan sahibləri ilə Portuqaliya yığması qarşılaşıb. Ederin vurduğu yeganə qol sayəsində qalib gələn portuqaliyalılar tarixlərində ilk dəfə Avropa çempionu olublar.
Beləliklə,
İspaniya 3 (1964, 2008, 2012), Almaniya 3 (1972, 1980, 1996), Fransa 2
(1984, 2000), İtaliya (1968), SSRİ (1960), Çexiya (1976),
Hollandiya (1988), Danimarka (1992), Yunanıstan (2004) və Portuqaliya
(2016) hərəsi bir dəfə Avropa çempionu olublar.
Elçin CƏFƏROV
Azərbaycan.-2021.- 9 iyun.- S.1;6.