Azərbaycan və Türkiyə parlamentləri arasındakı əlaqələr yüksək səviyyədədir

 

 

 

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi və işçi qrupun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyevin daxil olduğu nümayəndə heyəti ilə Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyənin parlament dostluq qrupları arasındakı əlaqələr yüksək dəyərləndirilib, gələcək birgə fəaliyyətə dair səmərəli fikir mübadiləsi aparılıb.

Qırx dörd günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər münasibətilə yenidən təbriklərini çatdıran, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Qələbədən sonrakı proseslər, erməni lobbisinin təxribatları və buna qarşı tədbirlər barədə fikirlərini bölüşüb. Müharibə ilə əlaqədar Türkiyə Böyük Millət Məclisində təmsil olunan dörd siyasi partiyanın Azərbaycana göstərdiyi birgə dəstək bəyanatını xatırladan Şamil Ayrım diqqətə çatdırıb ki, Azərbaycanın dövlət müstəqilliyini özününkü kimi dəyərləndirən Türkiyə bütün məsələlərdə, eləcə də işğal altındakı torpaqlarımızın azadlığına göstərdiyi qardaşlıq dəstəyini bütün sahələrdə sonadək davam etdirəcək.

Yüksək qonaqpərvərliyə görə təşəkkürlərini çatdıran Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov əminliklə bildirib ki, Azərbaycan və Türkiyə parlamentlərindəki dostluq qrupları bundan sonra da fəal şəkildə çalışacaq. Qırx dörd günlük Vətən müharibəsi dövründə Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstəyi qardaşlıq münasibəti kimi dəyərləndirən Əhliman Əmiraslanov vurğulayıb ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun Gəncəyə səfəri düşməndə böyük təlaş və vahimə yaratmışdı. Müharibənin sona çatmasını bildirən üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin yaradılması ilə bağlı bəndin icrası prosesinə toxunan Əhliman Əmiraslanov əminliklə vurğulayıb ki, nəqliyyat və kommunikasiyaların açılması regionda bütün sülhsevər tərəflərin maraqlarına uyğundur.

Bir millət, iki dövlət” ifadəsini xatırladan TBMM-in deputatı Aylin Cəsur Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəl ilə ümummilli lider Heydər Əliyevin qardaşlıq əlaqələrindən bəhs edərək bildirib ki, böyük liderlərin ideyaları bu gün gerçəkliyə çevrilib.

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Səttar Möhbalıyev, eləcə də türkiyəli deputatlar iki qardaş ölkənin tarixi münasibətləri, dərin köklərə əsaslanan ənənələr, birgə dəyərlər barədə fikirlərini bölüşüb, gələcək fəaliyyətin səmərəli nəticələri üçün təkliflərlə çıxış ediblər.

Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərinin ölkələrimizin birgə inkişafında mühüm rol oynadığını qeyd ediblər. Dövlət başçılarının siyasi iradələri və qətiyyətli qərarları təkcə Azərbaycan və Türkiyənin deyil, böyük bir coğrafiyada inkişafa və tərəqqiyə zəmin yaradıb.

Diqqətə çatdırılıb ki, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə dövlətinin və xalqının siyasi-mənəvi dəstəyi tarixi Zəfərdə böyük əhəmiyyətə malik olub.

Görüşdə Azərbaycan və Türkiyənin ümumi maraq doğuran məsələlərdə birgə fəaliyyətlərə dair səmərəli fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, Zəngəzur dəhlizinin açılması istiqamətində davamlı səylər regional inkişaf baxımından böyük önəm daşıyır.

 

 

Azərbaycan.-2021.- 9 iyun.- S.3.