Milli Məclisdə latviyalı parlamentarilərlə
görüş olub
İyunun 8-də Milli Məclisdə Azərbaycan və Latviya parlamentlərarası
əlaqələr üzrə
dostluq qruplarının
görüşü keçirilib.
Parlamentin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin
Latviya ilə parlamentlərarası əlaqələr üzrə
işçi qrupun rəhbəri Kamran Bayramov ölkələrimiz
arasındakı əməkdaşlığın əhəmiyyətindən
söz açıb. Azərbaycan ilə Latviya arasında
tarixi köklərə malik münasibətlərin qorunub
saxlanmasından, bu əlaqələrin müstəqillik illərində
daha da inkişaf etdirilməsində ölkə liderlərinin
qarşılıqlı səfərlərinin əhəmiyyətindən
danışıb. Kamran Bayramov qarşılıqlı əməkdaşlığın
inkişafında hökumətlərarası komissiyanın fəaliyyətinin
əhəmiyyətinə toxunub, iki ölkənin qanunverici
orqanları arasında əlaqələrin mövcud vəziyyətindən
və perspektivlərindən bəhs edib.
Latviya
Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın
təşviqi qrupunun rəhbəri Roman Naudinş baba yurdu olan
Azərbaycana səfərindən məmnunluğunu bildirib. Azərbaycan
və Latviya əlaqələrinin tarixindən bəhs edən
Roman Naudinş xalqlarımız arasında mövcud olan
oxşarlıqlara diqqət çəkib. Latviyalı qonaq
ölkələrimiz arasında humanitar, təhsil, peşə
hazırlığı kimi sahələrdə əməkdaşlıq
potensialına diqqət çəkib.
Seymin
Azərbaycan parlamenti ilə əməkdaşlığın
təşviqi qrupunun sədr müavini Armands Krauze və qrupun
digər üzvü Aleksandr Kirşteins də
çıxışlarında ikitərəfli əlaqələrin
genişləndirilməsi istiqamətlərinə nəzər
salıblar, meşəsalma və yaşıllaşdırma,
tikinti və ağac emalı kimi sahələrdə
Latviyanın təcrübəsindən bəhs ediblər.
Görüşdə
Milli Məclisin deputatı Nizami Səfərov latviyalı
qonaqlara müharibə başa çatdıqdan sonra Ermənistanın
minalanmış ərazilərin xəritələrini Azərbaycana
verməkdən imtina etməsi və ərazilərimizdə həbs
olunmuş erməni təxribatçılarını “hərbi
əsirlər” kimi qələmə verməsi məsələsini
beynəlxalq hüquq nöqteyi-nəzərindən ətraflı
şərh edib. O, Ermənistanın bu kimi pozucu fəaliyyətlərinin
beynəlxalq hüquqa, BMT sənədlərinə və bir
dövlət kimi üzərinə götürdüyü
öhdəliklərə zidd olduğunu tutarlı dəlillərlə
latviyalı parlamentarilərin diqqətinə
çatdırıb.
Deputat Fatma Yıldırım da öz növbəsində Azərbaycanın azad edilmiş ərazilərində erməni işğalının acı mənzərəsi, həyata keçirilən tikinti-bərpa işləri, bu sahədə əməkdaşlığın perspektivləri barədə danışıb.
Görüşdə tərəfləri
maraqlandıran digər məsələlər haqqında da fikir mübadiləsi
aparılıb.
Muradlı, Xəyalə.
Azərbaycan.-2021.- 9
iyun.- S.3.