ŞUŞANIN
GÜNƏŞİ
Yazıçı və həyat
...Bəs niyə Günəşi?..
...Düzü, çox fikirləşirdim ki, bu yazının adı necə olsun?..
Fikirləşirəm, qəlbim dolur...
Şuşanın elə tək adıca bəsdir: hər yerdən uca, hər yerdən gözəl.
Və əzəmətli!..
Yolu-rizi, dərəsi-təpəsi, kolu-kosu, gülü-çiçəyi, havası, otu...
Bəs niyə təkcə Günəşi?..
Amma Günəşi bir başqa aləm idi...
Allah haqqı, Günəşi hər yerdən və hər şeydən uca, işıqlı və ilıq idi.
Günəşə yaxın Şuşanın al şəfəqləri - isti, duru idi...
Sanki Tanrının
və bu Yer üzünün Günəşi hamıdan, hər şeydən çox sevinirdi və bizə də bu sevinc nurundan, bax beləcə pay göndərirdi.
Salam, Günəşimin Şuşası!..
Salam, Şuşamın günəşi!..
...Avtobus qafiləmiz yola düzəlir və pəncərədən görünən doğma Vətən mənzərələrini bağrıma basaraq, indiyə qədər getdiyim bütün yolları xatırlamağa çalışıram.
Həyatımın ən unudulmaz səfərlərini yaddaşımın saxlancından çıxarıb, mirvari dənələri kimi bir-bir gözlərimin önündən sıralayıram, amma hiss edirəm ki, indiyə qədər ömrümə yazılmış bütün yollardan, həyəcan, maraq və xoş təəssüratlar dolu güzarlardan heç biri bu qədər olmayacaq.
Bu yol - müqəddəs ziyarətgaha aparan yoldur və ömrümün ən gözəl yoludur...
Kim bilir, bəlkə bu qədər ömrü elə bu yolu getməkdən ötrü yaşayırmışam...
***
Şuşaya gedirik...
...Bir-birinin ardınca qarışqa səfi kimi düzülmüş mikroavtobuslar irəliləyir, özü ilə bərabər bizi də ulu dağların başına dolandırır.
Nə gözəl!..
Kimlər yoxdur? Tanınmış simalar: deputat həmkarlarım, ictimai-siyasi xadimlər... Yazıçılar, şairlər, bəstəkarlar... Televiziya kanallarının, qəzetlərin və saytların redaktorları... Böyük orkestrın ifaçıları... Xor, rəqs ansambılları, etnik milli ruhlu bədii-özfəaliyyət kollektivləri.
Şuşaya - mədəniyyətimizin paytaxtına gedirik!..
Söz və musiqi bayramına...
Qələbəlik və şadyanalıqla...
Bir anlıq özümü böyük arzu-niyyətlərlə müqəddəs məkanlara doğru yola çıxan və aylarla yol gedən zəvvarlardan biri kimi təsəvvür edirəm.
Əziz Şuşa!
Müqəddəs Şuşa!..
Xoş gördük!..
İrəlilədiyimiz yolu narahat yuxularımın içindən keçib gəlirəm. Uzun illər yuxularımdakı ot basmış cığırların, kol-kosa bürünmüş yol-rizin düşüncələrimdən daş kimi asılmış qubarı da əriyib itir, yavaş-yavaş ruhumun necə dincəldiyini hiss edirəm.
Nisgilli yurdlarımızdan kənarda, bizi gözləyə-gözləyə həniri, qaraltısı itib-getmiş, görünməz olmuş ocaq yerlərimizdən uzaqlarda, gözlərindəki bulanıq həsrətlə birgə bəlkə bir gün o yerlərə aparmaq qismət olar ümidi ilə əmanət qəbirlərdə torpağa tapşırdığımız doğma insanları xatırlayıram.
Şəhidlərimiz, qəhrəman övladlarımız...
Nakam getmiş yaşıdlarımız...
Bığ yeri tərləmədən canını tapşırmış, qanı ilə bu torpağı suvarmış nər oğullarımız...
Ruhunuz şad olsun!..
Elə bilirəm ki, bu səfərdə onların ruhu da mənimlədir, o həsrətli baxışlar getdiyimiz bu yollara gözlərimlə baxır.
Hər baxanda şadlanır, hər baxanda o həsrət azalır, nigaran ruhlar aram olub rahatlıq tapır, daxili dünyamdakı qarışıq düşüncələrin içindən şükranlıqlarını yetirir.
Bu an içimdəki ən böyük duyğu şükranlıq duyğusudur...
Taleyimizə şükür edirəm.
Ordumuza, torpaqlarımızı misilsiz qəhrəmanlıqla düşməndən təmizləmiş əsgər və zabitlərimizə şükranlıq hisslərimi çatdırıram, qanı ilə bu torpaqları daha da müqəddəsləşdirmiş şəhidlərimizin ruhu qarşısında baş əyirəm.
Bu müqəddəs savaşda canını fəda etmiş igidlərimizin ruhu şaddır.
Torpaqlarımızın azadlığı arzusu ilə Əbədiyyətə qovuşmuş Əbədiyaşar Heydər Əliyevin ruhu şaddır.
Bu düşüncələr, izahı mümkünsüz bu duyğular tariximizin dönüş nöqtəsidir, toplum olaraq həyatımızda yeni bir başlanğıcdır.
Bu tarixin canlı müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyevdir!..
Əsrlərə sığmayan şanlı bir tarix yazmış Azərbaycan Prezidenti!
Qarabağın Xilaskarı!...
Bu yolun hər addımında duyduğumuz ruhun, sevginin, qürurun, şükranlıqların ünvanı - Böyük Dövlət Xadimi!..
“Dəmir yumruğ”un gücü ilə bizi bu günlərə yetirmiş Sərkərdədir bu tarixi yaradan, adını bu tarixə əbədi yazan - İlham Əliyev!..
Onun əmrində düşməni bu torpaqlardan “iti qovan kimi qovmuş” qəhrəmanlarımızdır, Azərbaycan Prezidentinin illər boyu yetişdirdiyi vətənpərvər, qorxmaz, ürəyi bu torpaqlara sevgi dolu gənclikdir.
***
Azad olunandan sonra bizim ilk dəfə gəldiyimiz Şuşaya Baş Sərkərdəmiz İlham Əliyev və Azərbaycan sevdalısı, dəyərli çiyindaşı Mehriban xanım artıq üçüncü səfərlərini edirdilər. Əvvəlki gəlişləri Şuşanın dirçəldilməsi, bərpası proseslərinin başlanmasına, uğurlu gedişinə və ilkin nəticələrinə rəvac vermişdi.
İlham Əliyev həm də ona görə xoşbəxtdir ki, tarixə öz mübarək ismini Şuşanın Xilaskarı olmaqla yanaşı, Şuşanın Qurucusu kimi həkk etdirdi!..
Müzəffər Komandanın “Şuşaya doğru irəli!” əmrini yerinə yetirmək üçün bu ləyaqət qalasına, şərəf zirvəsinə doğru minlərlə ərənimiz dağlara dırmaşaraq, cığırlarında sürünərək, yüngül silahlarla yürümüşdü...
Özü də kimin qarşısına? Neçə ildir bu qocaman ucalıqların bəkarətini pozaraq, onun hər qarışını səngərə, lığıma, cəbhə məntəqəsinə çevirən və dünyanın ən böyük fövqəlgüclərinin müasir artilleriyası, ağır texnikası ilə silahlanan düşmənə qarşı...
Arxasında yaralı vətən, nakam arzular və Qeyrətli Komandan olduğunu bilən cəngavərlərimiz Şuşanı mənzil-mənzil, ev-ev, məhəllə-məhəllə azad etdi...
Şuşanın hər qarışında Azərbaycan əsgərinin qanı var...
Uca Şuşamız bax bu qanlarla daha da müqəddəsləşdi!..
İlham Əliyev Şuşada qazandığı zəfərlə iki əsrlik münaqişəyə, 32 illik savaşa son qoydu.
İlham Əliyev indi də daha yeni Azərbaycanın abadlığına, daha işıqlı gələcəyimizin quruculuğuna məhz Şuşadan başlayır...
İlham Əliyevin Azərbaycanı daha böyük hədəflərə doğru Şuşadan istiqamət götürür...
Şuşa artıq Azərbaycanın yeni başlanğıc məqamıdır!..
Bax elə yolumuz da bu başlanğıca doru idi...
***
Şuşaya gedirik...
“Xarıbülbül” festivalına!..
Nə gözəl...
Dilimizin ən müqəddəs duası kimi, yaddaşımızda bir ömür boyu səslənən ömür nəğməmizin ən gözəl misrası kimi.
O anlarda Ana dilimizdə bu bir neçə kəlmədən gözəli varmı?!.
Bu sözlərin gözəlliyindən, sehrindən allısı-ballısı varmı?..
Söz burdadır!..
Sevgi burdadır!..
Bu sözlər və sevgilər Şuşa dağlarının başının üstündəcə - zərli günəşin şəfəqləri ilə nazlanır.
Şuşaya gedirik...
Şuşaya - ruhumuzun şəhərinə, arzularımızın şəhərinə, mədəniyyət, ləyaqət paytaxtımıza!..
Böyük bir tikinti meydanı, quruculuq səngəri olan Şuşaya.
Yol qırağında azad yurdlarımızın adları, məsafə göstəriciləri yazılmış böyük lövhələr indi adama bir başqa cür görünür. Adlar, rəqəmlər adamın üzünə gülümsünür, tilsimdən qurtulduğunu dil açıb çatdırmaq istəyir elə bil...
Artıq bu lövhələr həsrətin, qubarın simvolu olmaqdan çıxıb, onların üzərindəki məsafələr illərin dalanına, çıxılmazlıqlarına dirənmir, insanları həqiqətən arzularının məkanına, mənzil başına çatdırır.
Daha bu rəqəmlərə həsrət, nisgil, kədərli nəzərlər zillənmir, Günəş dolusu bir sabaha doğru yola çıxmış insanların gülümsər baxışları görüşür, arzuları qovuşur...
***
Böyük Tanrının qələm çaldığı tablolara baxırsanmı?!
Avtobusumuz irəlilədikcə, təbiətin qüdrət qələmi ilə torpağın köksündə yaratdığı əsrarəngiz mənzərələr bir-birini əvəz edir.
Dağların yamacında yayılıb gedən sapsarı taxıl zəmiləri bərəkətli çörəyin üstünə yaxılıb laylanmış və qatlanıb uzanmış bal loğmasına bənzəyirdi...
Qırmızı, al-qırmızı, kövrək və qopraq lalələrin canına daraşdığı sinətağ zəmilər təzəcə açılan kitab vərəqləri kimi yellənirdi...
Qəhrəman oğullarımızın şəhid qanı kimi ormanlığın canına hopmuş, laləzar çöllərin üz-gözünə sıçramışdı...
Tarixin əbədi və qırmızı sətirləri ilə!..
Bu torpaqlara bahar çələng hörüb, xallanmış ağacların, yeddiçalar püstə güllərinin, iydə budaqlarının al rəngli çiçək açdığı vədələrdir...
Uşaqlığımdan bəri bahar büsbütün bu ətirdən ibarət olub. Qəribəsi budur ki, indiyə qədər yaşadığım ömrün bu ətri duymadığım heç bir baharını xatırlaya bilmirəm.
Hətta təbiətin öz səxavətini əsirgədiyi, ağacdan, yaşıllıqdan kasad məkanlarda da yenicə çiçəklənmiş iydə ağacı öz ətri ilə hər yaz həmişə məni bax beləcə sehrləmişdi...
Üstünə həsrət tozu hopmuş bu illərdə - bir igidin ömrü qədər vaxtda hər dəfə iydə çiçəklərinin ətri ruhuma dolanda bu yerlərin baharını xatırlayırdım. Elə bilirdim ki, daha bu ellərə bahar gəlmir, ağaclar yarpaqlamır, otlar yaşıllaşmır, bulaqlar axmır, bal arıları uçuşmur, quşlar da o vaxtdan bəri susub.
Bu torpaqların təbiəti o vaxtdan bəri düşüncələrimdə kədərli bir filmin soyuq bir anı kimi donub dayanmışdı...
Yurd yeri yaddaşımın divarlarından işğalçıların törətdikləri vəhşəti, insanlığa qarşı cinayəti bütün Yer üzünə, keçmişə, bu günə, gələcəyə duyurmaq istəyən qarlı torpağın, dilsiz-ağızsız daşın, dərənin hüznlü portreti kimi asılıb qalmışdı.
Bu yerlərin mənzərəsinin düşüncələrimdəki buzu, soyuqluğu illərin ayrılığından sonra ilk dəfə buradan keçəndə isinib hərarətlənməyə başladı.
Oyanıb hövürlənmiş torpaq, qırışığı açılmış, dinə-imana gəlmiş yurd yerləri...
Yurd yeri,
ocaq yeri...
Dağ
yeri, güman yeri...
***
Nə
gözəl sığal çəkmisən bu yerlərə,
İlahi!
Ağac hər
yerdə ağacdır, meşə hər yerdə meşə,
dağ-daş, ot-ələf...
Çiyin-çiyinə
söykənmiş dağ-dərə, nərbiləkli
oğulları gözləyən çəmənlik və
biçənək yerləri...
Amma bu
yerlərin mənzərəsində təbiətin
yaşıl füsunkarlığından başqa həm də qəribə bir
bakirəlik vardı...
Yaşıl,
yamyaşıl rənglər bu min cür büsata şahidlik
edirmiş kimi, gözümüzü və ruhumuzu
oxşayırdı...
Erməni vandalları əsrlərlə
xalqımızın bu torpaqlarda tikib-qurduqlarını bir
neçə ayın, ilin içində
dağıdıb-töküb, satıb-sovsalar da, milli
yaddaşı torpağın köksündən qazımaq
üçün hətta məzar daşlarına qədər
söküb aparsalar da, torpağın bəkarətinə əl
uzada bilməyiblər.
Hünərləri çatmayıb. Təbiətin
özünüqoruma instinkti onların zorakı xislətindən,
təcavüzkar mahiyyətindən daha güclü
çıxıb.
Ana təbiət
sevgilisi döyüş meydanında, uzaq səfərlərdə
olan əli hənalı, həyalı el qızlarımız
kimi öz ismətinə sığınıb, namusuna tutunub,
bir saçını ağ, bir
saçını qara hörərək illərlə öz
könül həmdəminin yolunu gözləyib.
Doğmasının
bir gün gələcəyini, isti əllərinin
sığalı ilə onu yenidən dirçəldəcəyi,
zəhərli tikan kimi bədəninə sancılmış
minaları, mərmiləri çıxarıb atıb,
yaralarını sağaldacağı, ana torpağı yenidən
əkin-biçinli, axar-baxarlı,
çal-çağırlı, toylu-büsatlı,
gülüş səslərinin bir-birinə
qarışdığı xoşbəxt həyatına
qaytaracağı günlərin intizarı ilə
yaşayıb.
Bu yerlərin əsl sahiblərinin
qayıtdıqlarını görüb sevinən Anam Torpaq
baharın əsrarəngiz zinətləri ilə özünə
minbir bəzək vurub bütün gözəlliklərini
qarşımızda sərgiləmişdi.
Əziz
Şuşa, Ana torpaq!..
Xoş
gördük, doğma Cıdır düzü!..
***
Böyük
Zəfərimizdən sonra aylardır ki, Şuşada duyulan
doğma səslərdən və hənirdən, doğma əllərin
hərarətindən tikililər də cana gəlmişdi,
salamat divarlar məzhunluq mənzərəsindən, kədərli
görkəmindən çıxmışdı və onlar
adama ümidin, dirçəlişin, yeni bir gələcəyin
boy göstərən Abidəsi kimi gəlirdi...
Şuşada,
Cıdır düzündə dilsiz-ağızsız otu-əncər
də bizimlə dil açıb danışırdı,
ağac da sevinirdi, daş-qaya da sevinirdi, çiçəkdən
çiçəyə qonub şirə çəkən bal arıları da sevinirdi. Ancaq...
Ancaq ən
çox Günəş sevinirdi!..
Şuşanın
günəşi!...
Şəhərdə
yaşayanlar dedilər ki, “Xarıbülbül”
festivalının keçirildiyi günlərə qədər
Şuşada hava yağmurlu keçirmiş, yaz
yağışı ara vermirmiş. Amma biz gələndə Günəş zərrin
şəfəqlərini şəhərin üzərinə
yaymışdı. Yağışda
yuyunub müqəddəs şəhərimizin üzərindəki
sonuncu şəbnəmləri də qurulamışdı.
Şuşa insanlıqdan kənar vandalların törətdikləri
günahlardan, natəmizliklərdən qüsl edib,
arınıb-durulub özünü neçə illərdən
sonra burada qılınacaq Ramazan bayramı namazına
hazırlamışdı.
Şuşadakı Gövhər ağa məscidindən
səmalara bülənd olan bayram azanının
ecazkarlığı ətrafa yayılan vaxt dağların
qoynundan boylanan Günəşi seyr etdikcə, adama elə gəlirdi
ki, bu Günəş sanki bir başqa Günəşdir.
Bu Günəş,
elə bil ki, ancaq Qarabağa, Şuşaya qucaq açıb -
onu öz müqəddəs nuruna boyamaq üçün...
Və bu Günəşin parlaq çöhrəsindən
haqqın-ədalətin öz yerini tutmasından, dünyada
dilindən, inancından, mədəniyyətindən
asılı olmayaraq bütün insanların
qarşılıqlı sevgi və hüzur içində
yaşaya biləcəkləri belə bir şəhərin,
belə bir ölkənin varlığından könlü
xoş olmuş Tanrının özü
gülümsünür.
***
Şuşa
ucadadır!..
Dualarımızla
qoşadır!..
Şuşa
ucadır və dualarımız eşidiləndir...
“Xarıbülbül”
festivalını izlədikcə, Azərbaycanda yaşayan
müxtəlif xalqlara aid musiqi nümunələrini, rəngarəng
ifaları göz dolusu seyr etdikcə, bu Vətəndə
yaşayan və eləcə də, dünyanın harasında
yaşayır-yaşasın, qəlbi Azərbaycanla
döyünən bütün həmvətənlərimizi tək-tək
sinəmə sıxmaq istəyirdim. Onları nə
qədər sevdiyimi çatdırmaq, yurda və cahana
sülh, tolerantlıq, multikulturalizm, insana sevgi dəyəri
üzərində bərqərar olan bu mənəvi
böyüklük qarşında səcdəyə getmək
istəyirdim.
İnsanı yaşadanlar, insanı sevənlər,
insanlıq üçün qurub yaradanlar bir Günəş
altında birləşmişdi.
Həmin
gün Şuşa günəşinin
şəfəqləri bütün dünya azərbaycanlılarına
çatırdı, Azərbaycanı sevən hər kəsi
isindirirdi.
AZƏRBAYCANI,
QARABAĞI, Şuşanı sevənlərin hər birinə
bu nurdan, hərarətdən pay düşürdü...
Qəlbim
atlanır, Prezidentimə, Ali Baş Komandana minnətdarlıq
hissi ilə ucadan səslənmək istəyirəm...
Şuşa!
Səni yol-rizinlə, otun- çiçəyinlə, dağ-dərənlə,
havanla, suyunla və... bu odlu günəşinlə bir yerdə
bizə geri qaytaran və bizə bəxş eləyən odur
- Müzəffər Ali Baş Komandan İlham Əliyev!..
Sağ
olun, Cənab Prezident!
Bizi
Şuşaya qaytardığınıza görə...
Bizi
Şuşaya gətirdiyinizə görə...
Vətənimizin
incisi - Şuşanı bizə
qaytardığınıza görə!..
***
“Xarıbülbül” festivalı əlbəttə
ki, mədəniyyət hadisəsidir, zəngin multikultural ənənələrimizin
təntənəsidir...
Amma fikrimcə,
“Xarıbülbül” daha çox siyasi olaydır,
hücumçu diplomatiyanın növbəti mərhələsidir,
hərbi gücün davamı və əyani
nümayişidir...
Həm də
Böyük Zəfərin rəsmiyyət ünvanı olan
Şuşanın timsalında bu müqəddəs Vətən
uğrunda şanlı Savaşın hər an davam edə biləcəyinin
qətiyyətli bəyanıdır!..
“Xarıbülbül”
İlham Əliyevin Dəmir Yumruğunun hələ də, - əslində
sonsuzadək, - düşmənin başı üzərində
“Domokl Qılıncı” kimi dayandığının ən sərt
ifadəsidir!..
İlham
Əliyev “Xarıbülbül”dəki müzəffər
duruşu, əzmkarlığı və kəskin sözləri
ilə göstərdi ki, Azərbaycan savaşdan quruculuğa,
hərb məkanından mədəniyyət platformasına
qısa müddətdə keçməyi bacardığı
kimi, yenidən Haqq, Ədalət, Zəfər
yürüşünə başlaya bilər!..
İlham
Əliyevin Şuşada - “Xarıbülbül”də - məmləkətin
ən hündür ləyaqət zirvəsində
dalğalandırdığı Azərbaycan
bayrağının kölgəsi indi Xankəndidən
Xocalıya, Laçın dəhlizindən Zəngəzur
koridoruna qədər bütün ərazilərimizə
düşür!..
“Xarıbülbül”də
Azərbaycan daha da gücləndi, xalq daha da birləşdi,
Ordumuz daha da mətinləşdi...
“Xarıbülbül”də
düşmən və onun havadarları daha da miskinləşdi,
daha da parçalandı, daha da rəzilləşdi...
“Xarıbülbül”
İlham Əliyevin Xilaskarlıq missiyasının şərəfli
zirvəsi, möhtəşəm NİDAsı oldu!!!
***
Keçib-getdiyimiz
adda-budda kəndlər və miskin erməni evləri və
acı baxışlar...
Yolboyu qarşımıza çıxan
üz-gözünü tük basmış,
üst-başları nimdaş, qulaqları sallax,
üzbaşları qara qırtıx tük basmış
yaşlı ermənilər kinli nəzərlərlə bizə
baxırdılar.
Çox
miskin mənzərə idi...
Karıxmış
insanlar, sozalmış üzlər, səmtini itirmiş
döyükən gözlər...
Çöhrələrində
işıqdan əsər-əlamət görünmür...
Hiss olunurdu ki, illərlə ürəklərində
böyütdükləri qəzəbin-küdurətin,
saxtakarlığın içində çoxdan özlərini
dəfn ediblər.
Axx!.. Necə də təzadlı mənzərələr
idi...
Onların üzgün baxışlarına, əllərində
girəvə olsa getdiyimiz avtobuslarla birgə bütün
dünyanın altını üstünə çevirməyə,
bəşəriyyəti didib parçalamağa meyilli görkəmlərinə
baxınca, buna qarşılıq vermək, onlara nifrət etmək
istəyirdim.
Amma nə
qədər qəribə olsa da, onlara nifrət etməkdən
çox, yazığım gəlirdi, acıyırdım...
Bu qədər boş-boş xülyaların, cəfəng
hisslərin əsiri olmağa dəyərdimi?!
Əzəmətli
dəmir yumruq, başınızı əzən zərbələr
ayıltmadımı sizi?!
Başınız
batsın!..
Olmayan
başınız...
Dövlət rəhbərimizin festivaldakı
çıxışını dinlədikcə, hər
zamankı qətiyyətinə, ağlına, zəkasına,
gələcəyə baxışına heyran olduqca,
“Xarıbülbül” festivalında təqdim edilən mədəniyyət
incilərinin gözəlliyində ruhum təzələndikcə,
o yaşlı ermənilərin miskin, depressiv görkəmlərini
xatırlayırdım.
Düşünürdüm
ki, keşkə bu zavallılar İlham Əliyev kimi
güclü və qətiyyətli rəhbərin Liderliyi ilə
bir Günəş altında isinə bilməyin, sevginin,
sülhün, qurub-yaratmaq arzusunun, tolerantlığın,
başqa mədəniyyətlərə hörmət ruhunun
insana nə qədər böyük könül xoşluğu,
heç zaman bitməyən xoşbəxtlik ruhu gətirdiyini
bir bilsəydilər...
Mahiyyəti
ancaq söküb-dağıtmaqdan, əlinə keçəni,
gözünə görünəni məngirləyib içəri
ötürməkdən, oğurlamaqdan, özünün saxta
tarixini, milli varlığını üfürüb
şişirtməyə çalışmaqdan ibarət olan bu vəhşi,
vandal həyat tərzi kimə lazım?!
Yaman olur
anlamaq dərdi...
***
Qayıdırıq...
Dağların belinə kəmər kimi dolaşan
çarpaz yollar aşağılara, yaşıl
ormanlığa, dərin ənginliklərə
açılır.
Ağacları qalın, sıxma meşələrin içi ilə sallanıb, şellənib gedirik...
Qürurla...
İftixar hissi ilə...
...Cıdır düzündə, arzularımızın reallığa çevrildiyi bir məkanda xeyli gəzdik, qol-qola, əl-ələ verib rəqs etdik, yallı getdik...
Bu müqəddəs torpağın ruhu hopmuş yumurtalı, zəfəranlı və dişimizin dibinəcən ləzzəti qalmış, bir özgə təamlı kömbə çörək yedik...
Bu müqəddəs yol, bu səfər hamımızı elə ovsunlamışdı ki...
Təbiətin füsunkarlığı, uzun illərin həsrətindən sonra qismət olan vüsalın həyəcanı və ən çox da, odlu istisi və isti odu ilə bizi salamlayan Şuşa Günəşinin sehri...
Fərqindəyəm ki, yaza biləcəklərim yazdıqlarımdan çoxdur, xeyli çox...
Nə etməli, qalanı da yeni səfərlərə...
Azadlığın, yeni cəlalın mübarək, Qarabağ!...
Salamat qal, sevimli “Cıdır düzü”!..
Yeni görüşlərədək, əzizim Şuşa!
Günəşli
sevgilərlə, sevgili Günəşlə!..
Və
xoş arzularla!..
İmamverdi İSMAYILOV,
Milli Məclisin deputatı,
yazıçı-publisist
Azərbaycan.-2021.-
10 iyun.- S.1;4.