ABŞ Dövlət katibinin köməkçisi: Azərbaycan güclü tərəfdaş ölkədir

 

İyunun 9-da xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Dövlət katibinin AvropaAvrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerlə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən bildiriblər ki, nazir Ceyhun Bayramov Azərbaycanla ABŞ arasında mövcud olan tərəfdaşlıq münasibətlərinin strateji xarakterini vurğulayıb və qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafına müsbət təsir göstərdiyini qeyd edib.

ABŞ rəsmisi Filip Riker Azərbaycanın güclü tərəfdaş ölkə olduğunu qeyd edib və ABŞ-ın ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti ilə telefon danışığına məmnunluqla istinad edib. F.Riker ABŞ-ın regional maraqlarını və bölgədə mövcud çağırışların cavablandırılmasına yardımçı olmaq istəyini ifadə edib. Azərbaycan ilə Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunmasını müsbət qiymətləndirən ABŞ rəsmisi, eyni zamanda, bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginlik ilə bağlı narahatlığını ifadə edib. O, həmçinin bu yaxınlarda iki jurnalistbir rəsmi şəxsin mina partlayışı nəticəsində dünyasını dəyişməsi ilə əlaqədar təəssüfünü ifadə edib. F.Riker mövcud gərginliyin aradan qaldırılması üçün ABŞ-ın yardımçı olmaq istəyini vurğulayıb və ATƏT-in Minsk qrupunun həmsədri qismində səylərə istinad edib.

Nazir Ceyhun Bayramov münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, Azərbaycanın vəziyyətin gərginləşdirilməsində maraqlı olmaması, üçtərəfli Bəyanatın icrası ilə əlaqədar tərəfimizdən atılmış addımlar, habelə Ermənistanın məsuliyyətsiz davranışı, mina xəritələri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsi, Azərbaycan ərazilərində mina basdırılması məqsədilə diversant qrupu göndərməsi və sair barədə qarşı tərəfə məlumat verib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri, o cümlədən enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2021.- 10 iyun.- S.3.