Şəhid jurnalistlərin anım mərasimi keçirilib
İyunun 9-da AZƏRTAC-da işğaldan azad edilmiş Kəlbəcər
rayonunda peşə fəaliyyətini icra edərkən mina
partlaması nəticəsində həlak olan
jurnalistlərin - agentliyin müxbiri
Məhərrəm İbrahimovun və Azərbaycan
Televiziyasının operatoru Sirac Abışovun anım mərasimi keçirilib.
Əvvəlcə
ulu öndər Heydər Əliyevin AZƏRTAC-ın
binasının foyesindəki abidəsi önünə
güllər düzülüb, xatirəsi ehtiramla yad olunub.
Binanın
qarşısında keçirilən anım mərasimində
çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin
sədri Aslan Aslanov Azərbaycan Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən
müharibəsində qazanılmış Qələbədən,
Azərbaycan mediasının Şanlı Zəfər yolunun
işıqlandırılması istiqamətində fəaliyyətindən
danışıb. Qeyd olunub ki, işğaldan
azad edilmiş ərazilərə
ezam olunmuş çəkiliş
qrupunun üzvləri, o
cümlədən Məhərrəm və Sirac
son dərəcə gərəkli, fədakarlıq
tələb edən missiya yerinə
yetirirdilər. Onların xain
düşmən tərəfindən basdırılmış
minaya düşərək həlak
olmaları təkcə çalışdıqları
kollektivlər üçün deyil, bütün ölkə
mediası üçün ağır, əvəzolunmaz
itkidir. Şəhid jurnalistlərin xatirəsi
həmkarlarının qəlbində daim
yaşayacaqdır.
Məhərrəm
İbrahimovun iş yoldaşları onunla bağlı xatirələrini
bölüşüb, ürək sözlərini dilə gətiriblər.
Sonda
şəhid jurnalistlər Məhərrəm İbrahimovun və
Sirac Abışovun AZƏRTAC-ın binası
qarşısında qoyulmuş portretləri önünə
gül dəstələri düzülüb.
Qeyd
edək ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi
ərazisində çəkiliş qrupunun üzvlərini
aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya
düşüb. Partlayış nəticəsində çəkiliş
qrupunun iki üzvü - Azərbaycan Dövlət İnformasiya
Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan
Televiziyasının operatoru Sirac Abışov, habelə rayon
icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak
olub, 4 nəfər isə yaralanıb.
Azərbaycan.-2021.- 10 iyun.- S.5.