Azərbaycanın və
Türkiyənin birgə layihəsi
3 il əvvəl
istifadəyə verilən TANAP Avropanın da
enerji təhlükəsizliyinə xidmət
edir
TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) 2018-ci il iyunun 12-də Türkiyədə, Əskişəhərdə Azərbaycan, Türkiyə, Serbiya, Ukrayna prezidentlərinin, Şimali Kipr xalqı liderinin və digər rəsmi şəxslərin iştirakı ilə istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı vaxt - həmin il iyunun 30-da başlayıb. Fəaliyyətə başladığı vaxtdan indiyədək bu kəmərlə Türkiyəyə 10,6 milyard kubmetrdən çox qaz nəql edilib.
TANAP-ın salnaməsi qısa da olsa, zəngin və maraqlıdır. Belə ki, layihə ilə bağlı Azərbaycan və Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də imzalanıb. Boru kəməri sisteminə dair sazişə isə 2012-ci il iyunun 26-da İstanbulda imza atılıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Bununla da Azərbaycan və Türkiyə siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TANAP-ın tikintisi ilə bağlı razılıq əldə edilib. Qazın uzunmüddətli sazişlər əsasında Avropa İttifaqı ölkələrinə ixrac edilməsi üçün mühüm danışıqlar aparılıb, TANAP-ın və TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) inşasına dair sənədlər imzalanıb. 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. İstifadəyə verildiyi vaxtdan təxminən il yarım sonra - 2019-cu il noyabrın 30-da TANAP-ın qazı Avropa sərhədinədək çatdıran ikinci fazasının çəkilişi yekunlaşıb.
Təsadüfi deyil ki, TANAP-ın açılış mərasimində bu kəmərin işə düşməsi mühüm tarixi hadisə kimi dəyərləndirildi. Çünki bu, Azərbaycanın təkcə neft diyarı deyil, həm də qaz ixrac edən ölkə olduğunu bir daha təsdiqlədi. TANAP-ın uğuru, eləcə də Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən “Cənub qaz dəhlizi”nin bütövlükdə müvəffəqiyyətlə başa çatacağına bir zəmanət idi. TANAP Azərbaycan və Türkiyənin, hər iki ölkənin dövlət başçılarının birgə səyi nəticəsində gerçəkliyə çevrilən unikal layihə olduğuna görə bu birliyini və qardaşlığı bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev kəmərin əhəmiyyəti barədə belə demişdir: “TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür”.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı nəql edən TANAP Türkiyə-Gürcüstan sərhədində genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) qoşulub. Xatırladaq ki, CQBK “Cənub qaz dəhlizi”ni yaradan üç kəmərdən birincisidir, uzunluğu Azərbaycanın ərazisində 443, Gürcüstanda 248 kilometrdir. CQBK-nın yolunu Türkiyədə 1850 kilometrdən çox məsafə boyu TANAP davam etdirir. Bu kəmərin Gürcüstan-Türkiyə sərhədi - Əskişəhər hissəsinin uzunluğu 1350, Əskişəhər - Türkiyə-Yunanıstan sərhədi hissəsinin uzunluğu 480 kilometrdir. Xəttin 19 kilometri isə Mərmərə dənizindən keçir. TANAP öz marşrutu boyu Türkiyənin 20 vilayətini, o cümlədən Ərdəhan, Qars, Ərzurum, Gümüşhanə, Ərzincan vilayətlərini arxada qoyur. 878 kilometrlik TAP kəmərinə isə Türkiyə ilə Yunanıstanın sərhədindəki Kipoi məntəqəsində qovuşur. Bir tərəfdən CQBK-ya, digər tərəfdən TAP-a bağlandığı üçün TANAP-ı “Cənub qaz dəhlizi”nin “birləşdirici həlqəsi” də adlandırırlar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP-ın “Cənub qaz dəhlizi”nin “onurğa sütunu” olduğunu deyib. Qardaş ölkənin dövlət başçısı bu kəmərin işə düşməsini belə dəyərləndirib: “Biz TANAP ilə ölkəmizin enerji ehtiyacını təmin etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verməyi hədəflədik”.
TANAP-ın səhmlərinin 51 faizi “Cənub qaz dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi BOTAŞ-a, 12 faizi BP şirkətinə məxsusdur. O, möhkəm təmələ əsaslanan kəmərdir. Çünki görülən bu böyük işlərin başlanğıcında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi möhtəşəm layihələrin təcrübəsi dayanır.
TANAP fəaliyyətini uğurla davam etdirir. Energetika Nazirliyinin
məlumatına görə,
bu ilin 5 ayında Türkiyəyə
nəql olunmuş 4,1 milyard kubmetr qazın 2,2 milyard kubmetri məhz TANAP-ın payına düşüb. Keçən
ilin sonundan bu kəmər həm də TAP-a mavi yanacaq ötürür.
Cari ildə TAP-la Avropaya 2,3 milyard
kubmetr qaz ixrac olunub.
Hazırda TANAP-ın mövcud
ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir. 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetr mavi yanacağı
daşımaq gücünə
malik olacağı nəzərdə tutulur.
Xatırladaq ki, ilkin mərhələdə
TANAP kəməri ilə
nəql ediləcək
16 milyard kubmetr Azərbaycan qazının
10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə çatdırılacaq.
Bu gün TANAP regionun,
eləcə də Avropanın enerji təhlükəsizliyinə mühüm
töhfə verir. Prezident
İlham Əliyev bu barədə belə demişdir: “TANAP və “Cənub qaz dəhlizi”, eyni zamanda, enerji
təhlükəsizliyi layihəsidir.
Bu gün dünya
miqyasında enerji təhlükəsizliyi haqqında
danışılır və
bu məsələ dünyanın gündəliyini
zəbt etmişdir.
Hesab edirəm ki, burada çox gözəl əməkdaşlıq
formatı yaradılıb.
İstehsalçı ölkə Azərbaycan,
tranzit ölkələri
və istehlakçı
ölkələr birlikdə
çalışır. Bizim mənafeyimiz də birdir, gəlirimiz də ədalətli şəkildə bölünür.
Bir daha demək istəyirəm ki, bütün bu layihələr bölgədəki
sabitliyi möhkəmləndirir”.
Flora
SADIQLI
Azərbaycan.-2021.- 12 iyun.- S.1;6.